Nəsiminin və Nəsimi rayon məhkəməsinin hökmü

Dünən bu ölkənin aydınlıq üzü, günəşli günlər ümidi olan gəncləri Nəsimi rayon məhkəməsinin qarşısında idilər.
Və dünən haqsız yerə, düşüncələrinə görə qəddarca, zalımca edam olunan Nəsiminin adını daşıyan o rayon məhkəməsində hüquq növbəti dəfə çeynənirdi.
Ədalət duyğusu növbəti ağır yara alırdı.
Bu ölkədə qanunların kağız parçasından başqa bir şey olmadığı…
Bu toplumun adil mühakimə haqqından məhrum edildiyi növbəti dəfə gözlər önünə sərilirdi.
Sağ olsaydı, əmin olun, indi Nəsiminin özü də adını daşıyan o rayon məhkəməsində yarğılanırdı.
Sağ olsa, indi adını daşıdığı o məhkəməyə qollarında qandallarla gətirilir, üzünə yalançı şahidlər qoyulur, sonda da sifarişli hökm oxunurdu.
Bir ölkənin gəldiyi ən acı nöqtə, ən absurd məqamdır bu: bir vaxtlar çağdışı səbəblərlə və çağdışı mühakimə ilə yarğılanıb haqqında bütün zamanların ən qansız hökmü çıxarılan birinin adını hansısa rayon məhkəməsinə verib sonra da orada başqalarına ədalətsiz, çağdışı hökmlər çıxarırsan!
Nə yazasan, nə deyəsən? Adam söz də tapa bilmir.
***
Hə, iki vicdanlı, duyarlı gəncin məhkəməsi vardı dünən.
Dava dostları, mübarizə yoldaşları o məhkəmənin önündə gözləyirdilər.
Oysa, içlərində heç bir gözlənti yox idi. Nə olacağını, nə hökm çıxarılacağını bilirdilər onsuz da.
Amma hüququn yenə də sırtından vurulacağını…
Siyasi sifarişin keçərli olacağını…
Məhkəmənin məzhəkəyə çevriləcəyini bilə-bilə gözləyirdilər.
Yox, yox, nə bəlkə bu dəfə hüququn ayaqlar altına atılmayacağına dair ümidləri vardı, nə ədalətin növbəti dəfə xərclənməyəcəyinə, “dabanından diri-diri soyulmayacağına” dair inamları.
Gözlədikləri tək şey vardı: o məhkəmə qapısından qolları qandallanaraq çıxan dostlarına əl sallaya bilmək.
Onların tək olmadığını göstərə bilmək.
Onlara güc vermək və onlardan güc ala bilmək.
Ruhunu satmışlar, qul kimi yaşamağa razılaşmışlar, düşünməyə, sorğulamağa, hesab istəməyə, azadlıq axtarmağa tövbə edənlər bunun nə demək olduğunu heç vaxt anlamayacaqlar.
Qolları qandallanan bir dosta uzaqdan-uzağa da olsa, əl sallamağın…
Qolları qandallı bir dostun polis maşınının pəncərəsindən gülümsəməsinin nə demək olduğunu anlamayacaqlar heç vaxt.
Çünki hər nə qədər Nəsimi dedikdə yüksək səslə, az qala boğazlarını yırtarcasına “Mən bu cahana sığmazam” misrasını söyləsələr də, biz onların əslində, zalımların cibinə necə rahatca sığdıqlarını gözəl bilirik, yaxşı bilirik.
***
Dünən Nəsiminin adını daşıyan o məhkəmədən hamının öncədən təxmin etdiyi yeni sifarişli qərarlar çıxdı, amma bu qərarı sifariş və icra edən binəvalar heç vaxt bilməyəcəklər, heç zaman anlamayacaqlar ki, Nəsimi özü bu işlərin dürüst, adil, dəyişməz hökmünü çoxdan verib.
Çoxdan – 7 yüz il öncədən!

Ey xəstə könül, dərdinə dərman tələb eylə,
Gər can dilər isən, yeri, canan tələb eylə.

Ey bülbülı-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

Onun adını daşıyan məhkəmə bu ölkədə hər nə qədər azad düşüncənin, fərqli fikrin, ədalətsizliklə mübarizə ruhunun boğulması üçün sifarişli qərarlar çıxarsa da…
Köləliyi, mütiliyi bu topluma sindirməyə, həzm etdirməyə çalışsa da…
Hər kəsi yalan və yaltaqlığın girovuna çevirmək istəsə də, tarixdə – həmişə və hər zaman Nəsiminin 7 yüz il öncəki o hökmü keçərli olacaq:
Sındır qəfəsi!..