Azərbaycanlı oliqarxların Londondakı uşaqları
Bu ilin martında məşhur azərbaycanlı oliqarx-nazirin oğlu Yunis Abasovun Londondakı əmlakları barədə məqalə yazmışdım. Bu, araşdırma-yazıdan daha çox, Azərbaycandakı korrupsiya reallığına öz tərəfimdən aydınlıq gətirmək cəhdi idi.
Ötən həftələrdə Yunis Abasov bir hökumətyönlü KIV-ə müsahibəsində Londonun Doklands ərazisindəki 2 milyon dollarlıq malikanənin (penthaus) həqiqətən ona məxsus olduğunu qəbul etdi. Amma o, bu əmlakın atasının korrupsiya yolu ilə əldə etdiyi pullarla alındığını təkzib etdi. O iddia edir ki, qanuni kommersiya fəaliyyətilə məşğul olan əsl bir iş adamıdır və sərvətinin mənbəyi tənbeh edilə bilməz. Əslində, o sözügedən əmlakın kirayə biznesindən gələn gəlirlər hesabına alındığını iddia edirdi.
Yunisin problemi ondan ibarətdir ki, bu iddialar əsaslandırıla bilməz. Çünki mən onun Böyük Britaniya və xaricdəki bütün biznes fəaliyyətini hər cəhdlə araşdırdım və gəlir gətirən hər hansı bir real sübut aşkar etmədim. Bu barədə bir az sonra.
Buna baxmayaraq, Yunis Abasovun sərvəti və aktivləri barədə verdiyi açıqlamada çox təvazökar olduğunu aşkar etdim. Məsələn o, yalnız keçən il – 3 avqust 2012-ci ildə, London yaxınlığında, Kingston Apon Temzs (Kingston Upon Thames) adlanan müstəsna bir ərazidə – 5 milyon (7,6 milyon dollar) funt dəyərində əmlak əldə etdiyini müsahibəsində qeyd etməyib. Torpaq Qeydiyyatı detallarına əsasən (başlıq sayı SY221345), əmlak sərbəst şəkildə, heç bir kredit razılaşmaları olmadan əldə edilib. O əmlakın qiyməti olan tam məbləği, yəni – 5 milyon Britaniya funtunu ödəyərək alıb.
Yunis Abasovun biznes maraqları heç də hazırda məşğul olduğu multimilyon dollarlıq əmlak sövdələşmələri deyil. Onun “Y.A. Property Investments Limited” (qeydiyyat nömrəsi: 07069377) adlı şirkətinin kiçik bir dövriyyəsi var və bu, onun London və Kingstondakı dəbdəbəli ərazilərdə əldə etdiyi şəxsi mülklərlə hər hansı şəkildə bağlı deyil.
Maraqlı olan daha bir məqam odur ki, “Y.A. Property Investments Limited”in direktoru Yunis Abasov (doğum tarixi 24/03/1985) Britaniya vətəndaşıdır. Görünür, Azərbaycanın kənd təsərrüfatı nazirinin oğlu, Londondakı multimilyonluq mülklərin sahibi və uğursuz iş adamı Britaniya vətəndaşlığı əldə edib.
“Minval.az” informasiya-portalının dərc etdiyi araşdırmaya əsasən, Yunisin atası Ismət Abasov ölkədə kənd təsərrüfatı naziri olduğu 10 ildən artıq müddətdə dövlət fondlarındakı 1 milyard dollara cavabdeh olub…
Müsahibəsində Yunis Abasov mənim məqaləmin və Azərbaycan mətbuatında açılmış müzakirələrin siyasi xarakterli və atasına qarşı yönəlmiş olduğuna eyham vurur. O, əslində, tamamilə haqlıdır. Mən doğulduğum ölkənin sərvətini dağıtmaqla məşğul olan istənilən rüşvətxor, oğru naziri, oliqarx və məmuru (və onların “bəxtəvər oğullarını”) hər hansı yolla ifşa etməkdə qərarlıyam.
Mən kənd təsərrüfatı naziri Ismət Abasovu dərhal istefa verməyə çağırıram. Onun ailəsinin Britaniya və dünyanın başqa yerlərindəki əmlak və biznes sövdələşmələrinə dair araşdırmalarımı davam etdirəcəyəm.
Bu mənada Britaniyada daha bir ata-oğul cütlüyü – Kəmaləddin və Tale Heydərovlar da məşhurdur. ABŞ-ın diplomatik kanalları ilə sızdırılmış məxfi məlumatlara (diplomatların ABŞ Dövlət Departamentinə göndərdiyi və “WikiLeaks” saytının yaydığı məxfi teleqramlar nəzərdə tutulur-red.) əsasən, Kəmaləddin Heydərov Azərbaycanın ən güclü və zəngin oliqarxlarından biridir. O, uzun illər Dövlət Gömrük Komitəsinə sədrlik edib, hazırda da hərbiləşdirilmiş Fövqəladə Hallar Nazirliyinin rəhbəridir. Məxfi sızdırılmış məlumatlara görə, “Dövlət Gömrük Komitəsindəki mövqeyi ona böyük sərvət toplamağa imkan verib. Diqqətlə hazırlanmış ”mütəşəkkil rüşvət və himayə sistemi”ndə “korporativ və sosial tabeçilikdən (iyerarxiya) yuxarı olaraq” önəmli qanunsuz ödənişlər edilib”.
Məxfi məlumatlarda daha sonra bildirilir: “Görünür ki, onlar (Heydərovlar-red.) hər hansı digər Azərbaycan ailəsindən daha çox biznesə, bütün dünyada aktiv və mülklərə malikdilər”.
ABŞ diplomatlarının bu barədə yazdıqları çılğınlıqla inkar edilərək, bu cür iddialar etməyə cəsarətində bulunan Azərbaycan qəzetlərini müntəzəm (və uğurlu şəkildə) məhkəməyə verən Heydərovlar tərəfindən rədd edilib.
Lakin Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Avropada yaşayarkən özünü göstərmək niyyətindən çəkinmədiyini nümayiş etdirdi. O, “Avropa-Azərbaycan Cəmiyyəti”nə (TEAS) -cilalanmış Əliyev rejiminin lobbi qrupuna sədrlik edir və Londonun yüksək cəmiyyət dairələrində məşhurdur.
Burada maraqlı bir fakt ortaya çıxır. ABŞ məxfi diplomatik məlumatlarında xüsusi olaraq, Heydərovlar tərəfindən nəzarət edilən beynəlxalq şirkətlər qrupuna diqqət yetirilir: “Ailənin fəaliyyətinin çox hissəsi ”Gilan”, “Qəbələ”, “Jalə” və ya “United Enterprises International” (UEI) şirkətlər qrupunun tərkibinə daxildir”.
Sonuncu UEI adlı şirkət Böyük Britaniyada qeydiyyatdan keçib (Şirkətin qeydiyyat nömrəsi: 04718683), direktoru isə cənab Kennet Li adlı milliyyətcə malayziyalı bir şəxsdir. Şirkət daşınmaz əmlakdan tutmuş, Londonun eksklüziv Naytsbric (Knightsbridge) adlanan ərazisindəki “Bakı” restoranı da daxil olmaqla, dəbdəbəli restoranlara qədər müxtəlif biznes fəaliyyətilə məşğuldur. “United Enterprises International” şirkəti öz veb-səhifəsində “Jalə”, “Qəbələ FC”, “Gilan” və ən önəmlisi, Tale Heydərovun sədrlik etdiyi “Avropa-Azərbaycan Cəmiyyəti”nin (TEAS) də daxil olduğu biznes və filialların portfoliosunu yerləşdirib. Əslində, “Avropa-Azərbaycan Cəmiyyəti”nin (TEAS) Londondakı baş ofisinin yerləşdiyi 2 Queen Anne’s Gate London, SW1H 9AA ünvanı “United Enterprises Limited” şirkətinin rəsmi London ünvanı kimi göstərilib.
Korrupsiya şəbəkələri Azərbaycanı bürüyüb. Sərvətlər kütləvi olaraq ölkədən çıxarılıb xaricə axıdıldıqca, korrupsiya Azərbaycan iqtisadiyyatını zəhərləyir və ölkənin gələcəyini oğurlayır. Korrupsiya Azərbaycanın üzləşdiyi böyük bir təhlükəsizlik təhdididir. Bu, işğal olunmuş ərazilərin azad olunması və xarici təzyiqlərə tab gətirmək yönündə hər hansı cəhdi mümkünsüz edir. Bu gün ölkədə mövcud olan rüşvətxor sistem Azərbaycan dövlətçiliyini yuxarılardakı az sayda çox güclü oliqarxların özəl maraqlarının girovuna çevirib. Status-kvoya son qoymaq və oğurlanmış sərvətləri geri qaytarmaq üçün müəyyən tədbirlər tələb olunur. Bu sərvətin hər bir dolları önəmlidir…
Murad Həsənli
P.S. Dəfələrlə olunan cəhdlərə baxmayaraq, Yunis Abasov və Ismət Abasov iddialar barədə şərh verməkdən imtina ediblər.