«Niyə gizlənib, niyə səsi çıxmır?! Eldar İbrahimovu, xalası oğlu Siyavuş Novruzovu qabağa verməsin, özü çıxıb danışsın»
Arif Rəhimzadə qocaman YAP-çıya hansı şərtlərlə vəzifə təklif edib?
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Idarə Heyətinin, “91-lər”in üzvü Arif Rəhimzadə özünü “91-lər”in üzvü hesab edən sabiq millət vəkili Maksim Musayevin “Yeni Musavat” qəzetinə müsahibəsi zamanı hakim partiya və onun bir sıra funksionerləri haqqında söylədiyi ağır fikirlərə münasibət bildirib.
YAP-çı deputat A.Rəhimzadə Publika.Az-a açıqlamasında deyib: “Maksim nə deyirsə desin də, insandır. Məncə, buna çox əhəmiyyət vermək lazım deyil. Onun işi-gücü yoxdur, nə gəldi danışır. Bəs nə deyəcək? Deyəcək ki, hər şey yaxşıdır?”.
M.Musayevin Naxçıvanda YAP-ın təsis konfransına kimin dəvətilə getməsini bilmədiyini vurğulayan A.Rəhimzadə qeyd edib ki, o zaman M.Musayev YAP-ın qurulması kimi məsələlərdə çox fəal iştirak edib: “Hətta o vaxt Maksim Musayevi və bir neçə nəfəri buna görə prokurorluğa da çağırıb hədə-qorxu gəlirdilər. Mən bu məsələləri çox yaxşı bilirəm. Ancaq Maksim Musayevin ”91-lər”də olub-olmadığını dəqiq deyə bilmərəm”.
YAP-çı deputat Eldar Ibrahimov M.Musayevi vəzifə davası aparmaqda ittiham edib: “Yeri gəlmişkən, çox yaxşı yadımdadır, bir dəfə giley etdi ki, ona vəzifə verilmir, mən də o zaman Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyən Arif Rəhimzadə ilə danışdım. Dedi ki, kənd təsərrüfatı nazirinin müavini vəzifəsini təklif edirik, qəbul etmir, deyir ki, nazir olmalıyam. Gedərdin nazir müavini, sonra da olardın nazir. O isə deyirdi ki, yox, mən ancaq nazir olmalıyam. Maksim müəllim ümumiyyətlə, həmişə ambisiya ilə yaşayan adam olub və özünü də hamıdan yuxarıda bilir”.
M.Musayev “Azadlıq”a deyib ki, A.Rəhimzadə onun YAP-ın yaranmasında hansı rol oynadığını yaxşı bilir: “Arif Rəhimzadə YAP-ın tarixini bilən adamdır. Ona görə YAP-ın yaranması ilə bağlı obyektiv danışıb”.
Eldar Ibrahimovun söylədiklərinə gəlincə, qocaman YAP-çı bildirib: “Bəli Arif Rəhimzadə mənə vəzifə təklif edib. O, bildirib ki, o zamankı kənd təsərrüfatı naziri Müzamil Abdullayevin müavini ol. Onun ayağını altını qaz, nöqsanlarını aşkarla, sonra onu çıxarıb səni nazir qoyarıq. Lakin mən razılaşmamışam, demişəm ki, mən o xarakterin yiyəsi deyiləm. Amma bunu Arif Rəhimzadə bilirdi, bir də mən. Indi Arif Rəhimzadə ağzı boşluq edib, Eldar Ibrahimova bunu deyibsə, onda mən bir faktı da açım. O, daha sonra mənə Taxıl Məhsulları Komitəsinin – o zaman belə komitə var idi, rəhbəri də Firuz Mustafayev idi – sədr müavini vəzifəsini təklif edib. Yenə də eyni şərtlərlə və mən yenə də razılıq verməmişəm. Eldar Ibrahimov bunları bilə bilməz”.
M.Musayev daha sonra deyib ki, o, müsahibəsində YAP-ın icra katibi Əli Əhmədovu tənqid edib və ondan da cavab gözləyir: “Əli Əhmədov niyə gizlənib, niyə səsi çıxmır?! Eldar Ibrahimovu, xalası oğlu Siyavuş Novruzovu qabağa verməsin, özü çıxıb danışsın. Mən ondan cavab gözləyirəm. Qoy danışsın görək nə danışır. Mən hələ çox şeyləri danışmıram. Gözləyirəm, görüm kimlər danışacaq. Bir faktı da diqqətinizə çatdırım. Mən Nərimanovda yaşayıram və orada insanlar məni çox yaxşı tanıyır. Mənə deyirlər ki, biz Əli Əhmədova səs verməmişik, bir qadın dedilər, adını xatırlamıram, camaat ona səs verib. Amma mandatı Əli Əhmədova veriblər. Amma Nərimanovu başqa deputatı Adil Əliyev adlı biri var, onu təriflədilər. Yəni, baxın bunun heç seçildiyi dairədə hörməti yoxdur. Camaat buna səs verməyib”.
Azad


