«Eurovision»a görə bütün ölkəni səfərbər etmək axmaqlıqdır, İsveç isə axmaqlar ölkəsi deyil…
İsveçə hakimiyyət prizmasından telexidmətçi gözüylə baxmaq ancaq hansısa AzTV-çiyə yaraşar. Almaniyanı “boykot” edən AzTV-də sıra Isveçə çatıb. “Eurovision” bunun üçün gözəl bəhanədir. Bu yarış siyasi mübarizəyə, cəmiyyətlərin savaşına çevrilir.
Sivil dünya ilə avtoritar idarəçiliyin toqquşmasına aparır. Hakimiyyət üçün ötən il Bakıda keçirilən yarışmada birincilik qazanan Isveç təmsilçisi Lorenin Azərbaycanda insan haqlarının pozulmasına dair çıxışlarının, çağırışlarının əvəzini çıxmaq fürsəti yaranıb. AzTV-nin Moskva müxbiri şansını əldə edən Zakir Musayev deyəsən, Isveçə mahnı yarışmasını işıqlandırmağa yox, Azərbaycan hakimiyyətini tərifləməyə gedib. Adam Isveçi “Eurovision”a sayğısızlıqda suçlayır, “Isveç bu yarışmanın möhtəşəmliyini dərk etməyib” deyir. Malmö şəhərində “Malmö arena”da keçirilən yarışmanı gözdən salmaq üçün bilib-bilmədiyini bir-birinə qoşur. Dediklərinin əsas mövzuya aid olub-olmadığına fikir vermir. Məsələn, 4 dəqiqə 17 saniyəlik süjeti bütünlüklə tənqid üzərində quran müxbir ölkənin nəqliyyat sistemini də unutmur. “Avtobus və metro tablolarının işləməməsi ölkənin nəqliyyat sisteminin ürəkaçan olmadığını göstərir” – AzTV müxbirinin sözüdür…
Tablo nəqliyyat deyil, nəqliyyat dümdüz asfalt yoldur, rahat, yaraşıqlı, cədvəl üzrə işləyən avtobusdur, səviyyəli xidmətdir. Bəlkə də hansısa avtobusun tablosu işləməyib, olar. Avtobuslar ki normal işləyir. Gündə bir qəza baş vermir. 20 qəpik havasına ralli sürətinə çıxan olmur. Isveçdə olmasam da qəti əminəm, orda avtobus sürücüləri insana “20 qəpik” kimi baxmırlar. Isveç gözəl ölkədir, azad ölkədir, varlı ölkədir – o ölkənin ən böyük varlığı insandır. Orda Kristal zalları, parkları, körpüləri, Gül bayramlarını insandan üstün bilmirlər. Isveç özünü reklam üçün milyonları göyə sovurmur. Iki kəlməlik tərif xatirinə vətəndaşının boğazından, təqaüdündən kəsib “möhtəşəmlik” yaratmır. “Eurovision”a görə bütün ölkəni səfərbər etmək axmaqlıqdır, Isveç isə axmaqlar ölkəsi deyil. 39 Avropa ölkəsinin qatıldığı yarışma dünyaya yayımlanır, amma ona Bakıda keçirilən mənasız Gül bayramına çəkilən xərcdən üç dəfə az vəsait işlənir. Ona görə bezib Azərbaycandan biryolluq köçmək istəyənlər Isveçə axışır.
“Isveç müsabiqənin ciddiliyini anlamayıb” – sözə baxın. Azad insanlar yaşayan ölkədə standartlar, məcburi ciddilik olmur. Isveç “Eurovision”a sadəcə, musiqi yarışması kimi baxır, “ölüm-dirim” anlamı kimi yox. Hakimiyyət, güc, qüvvət ölçüsü kimi yox. “Mənəm-mənəmlik” iddiası kimi yox.
“Eurovision”un ikinci yarımfinalında Azərbaycan təmsilçisi Fərid Məmmədovun uğurlu çıxışından danışmaqdansa Avropanın ən azad ölkəsini gözdən salmağa çalışmaq, Malmönin təmir gedən küçələrini çəkib göstərmək, gündə bir dəfə yemək verilməsindən şikayətlənmək – tipik AzTV düşüncəsidir. Düşüncəsizliyidir!
Sənubər


