Bakıdan Goranboya çəkiliş qrupları göndərilib
«Bu çirkin kampaniyanı bütün cəmiyyət pisləməlidir»
Hakimiyyət keçmiş millət vəkili, Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəyliyə qarşı “qara piar” kampaniyasına start verib. Bu xüsusda mayın 17-də artıq məqsədli bir mətbuat konfransı da təşkil olunmuşdu. “Azadlıq” qəzeti buna yer ayırmağı özünə yaraşdırmasa da, xəbəri tirajlayanlar olmuşdu. Hakimiyyətin bu istiqamətdəki fəaliyyəti bununla bitməyib. Etibarlılığına şübhə etmədiyimiz mənbədən aldığımız məlumata görə, Gültəkin Hacıbəylinin doğma yurdu olan Gornaboyda ona qarşı “zəhmətkeş çıxışları” hazırlanır.
Rayon Icra Hakimiyyətinin nəzarəti altında hazırlanan “ifşa” şousunun sifarişi isə Bakıdan – Prezident Administrasiyasından verilib. Təlimata uyğun olaraq rayon sakinləri adından müxtəlif adamlar tapılmalı və onlar kameralar qarşısında G.Hacıbəylinin “doğru yolda olmadığı, Goranboy camaatına yaraşmayan hərəkətlər etdiyi” və bu qəbildən bəyanatlar səslənidrməli, onun həyatını və fəaliyyətini tənqid-təftiş etməlidirlər. “Zəhmətkeşlər” keçmiş deputatın parlament fəaliyyətini də diqqətdən kənarda qoymamalıdırlar. G.Hacıbəylinin Goranboydan deputat olduğu nəzərə alınsa, yəqin ki, onu parlamentə oturduğu illərdə rayon və rayon sakinləri üçün heç nə etmədiyi haqda çıxışlar olacaq. Məlumatda deyilir ki, “ifşa” şousu üçün Bakıdan bir neçə telekanalın çəkiliş qrupu artıq Goranboya ezam olunub.
Bu biri tərəfdən də keçmiş həyat yoldaşı ayrı-ayrı media orqanlarında G.Hacıbəylinin ünvanına ittihamlar səsləndirməkdə davam edir. Dünən Ziyalılar Forumu bununla bağlı etiraz bəyanatı da yayıb. Bəyanatda bildirilir ki, qurumda təmsil olunan ziyalılar Formun həmtəsisçisi, parlaq ziyalı xanım G.Hacıbəyliyə qarşı aparılan şər-böhtan kampaniyasına kəskin şəkildə öz etirazını bildirir: “Gültəkin Hacıbəyli millətin fəxr etdiyi, hər zaman işıq saçan nadir şəxsiyyətlərdəndir. Ona qarşı bu cür qərəzli münasibət cəzasız qalmayacaq”. Bəyanatda jurnalist Eynulla Fətullayevin G.Hacıbəyli ilə bağlı məlum yazısına da münasibət bildirilib və yazı birmənalı olaraq sifarişli hesab olunub.
AXCP sədrinin müavini Gözəl Bayramlı da kampaniyanın hakimiyyət tərəfindən təşkil olunduğunu deyir: “Keçmiş həyat yoldaşının fikirlərini oxuyanda mən dərhal bunun hakimiyyətin sifarişi olduğunu anladım. Bu çirkin kampaniyanı bütün cəmiyyət pisləməli, hamı Gültəkin xanımı müdafiə etməlidir. Ölkənin ziyalı xanımına qarşı qisasçılıq zəminində şər-böhtan kampaniyası aparırlar. Biz zaman-zaman hakimiyyətin belə mənəviyyatsız addımlarına şahid olmuşuq. Bu gün Gültəkin Hacıbəyliyə qarşı baş verənlər də həmin qəbildəndir. Bu kampaniyanı qətiyyətlə pisləyir və dayandırılmasını tələb edirik. Bu nə bizim milli dəyərlərimizə uyğundur, nə də əxlaqımıza. Bu çirkin kampaniyanın bir səbəbi var, o da Gültəkin xanımın əsl ziyalı mövqeyi nümayiş etdirməsi və hakimiyyətə qarşı tənqidi mövqedə olması. Bu kapaniyaya qoşulanlara və qoşulmaq istəyənlərə də səslənirəm ki, tarixə pis adla düşmək istəmirsinizsə, bu yoldan əl çəkin. Bu, Azərbaycan xalqının əxlaqına yaraşmayan hərəkətdir”.


