Epidemiyanın yaranmasında rol oynamaq

Tez-tez keçmiş zamanların odlu-alovlu yapçısı olmuş, ancaq indiki zamanda “ofsayt”da qalan insanların qazetlərdə müsahibələrinə rast gəlirik. Siruz Təbrizli, Maksim Musayev, Əli Əlirzayev və digərlərini bu qəbildən misal gətirmək olar.
Bu adamlar ölkədəki ədalətsizlikdən, qeyri-düzgün siyasətdən narazılıq edərək söhbətə başlayırlar. Söhbətlərinin sonunda isə “mən YAP-ı quranlardan olmuşam” iddiası ilə çıxış edirlər.
YAP-a qarşı cəmiyyətdə mənfi münasibətin olduğu, insanların bu partiyaya dərin nifrət bəslədiyi dövrdə, “mən YAP-ın qurucularından olmuşam” cümləsini təkrarlamaq faciəvi tendensiyadır.
Bu adamlar YAP-dan uzaqlaşdırıldıqlarına görə sevinməli, nəzir paylamalıdılar. Çünki insanların qarğışından, nifrətindən kənarda qalıblar, pis bir sistemin qurucusu olduqları yaddaşlardan silinməyə başlayıb.
Belə bir zamanda bu ifadəni təkrar-təkrar işlətmək qaşınmayan yerdən qan çıxarmağa bənzəyir.
Siz insanlara zülm gətirən, xalqın sərvətini talayan, günahsız insanları həbsə atan bir zehniyyətin toplandığı partiyanın qurucusu olduğunuzu danmalıykən, bu həqiqətin zehinlərdən silinməsinə səy göstərməli olduğunuz halda, bunu böyük qürurla deyirsiniz.
Bu, Amerikanın kəşfi, teleskopun ixtirası deyil ki, müəllifləri tarixin yaddaşına yazılsın.
Ölkədəki bərbad idaretmədən danışıb, sonra YAP-ın qurucusu olmaqla öyünmək, şirin təamlardan imtina edib, sonra paxlava növbəsinə durmağa bənzəyir.
Düzdü, mən başa düşürəm ki, bu iddialar ona görə aktualdı ki, hələ YAP hakimiyyəti devrilməyib. Amma bir şeyi də başa düşürəm ki, YAP yenidən bu adamlara qucaq açası, neft borusundan pay verəsi deyil.
Vurulmuşları diriltmək hakimiyyətin menyüsünə daxil deyil.
Bu gün sizin yaratdığınız partiya öz qurucularından imtina edirsə, bu, YAP-ın mahiyyətini izah etməyə kifayət edir.
Mən bu veteran yapçılara, gənc cəbhəçi kimi demək istəyirəm ki, bu gün Prezident Aparatına, Milli Məclisə, YAP-ın qərargahına fokuslanmış xalq nifrətini “mən YAP-ı yaradanlardan olmuşam” deyib öz üzərinizə çəkməyin.
Yoxsa, partlayış həddində olan cəmiyyət sonradan əmələ gələnləri buraxıb, bu sistemi yaradanlara hücum çəkəcək.
Ən yaxşı halda, “mən YAP-ın qurucusu olduğum üçün peşimanam” deyin.
Elə bir epidemiya yaratmısınız ki, müalicəsinə illər lazım olacaq.
Xəstələnmiş insanlara xəstəliyi tərifləmək təhlükəlidir.
Gəncliyə qarşı terror
Yuxarıda söhbət açdığım YAP hakimiyyəti ADNA faciəsinin qurbanlarını andığı üçün 15 sutka inzibati həbsə atdığı Ilkin Rüstəmzadəni daha təcridxanadan çıxandan cəmi 2 gün sonra 2 ay həbsdə qalmağa layiq gördü.
Çünki Ilkinlərin sərbəst qalması, yaza bilməsi, danışması, köləliyə boyun əyməməsi offşorlara ziyandır, Dubaylara təhlükədir, Çovdar yataqlarına zərbədir. Hakimiyyət oğurluğu görüb susmayan şahidləri aradan götürməyə başlayıb.
Humanizm kimi cəmiyyətə sırınan aministiya təşəbbüsü öz məqsədini ortaya qoydu. Bəli, minlərlə insanı həbsxanadan ona görə azad etdilər ki, müxalif düşüncəli gəncləri zərərsizləşdirmək üçün yer problemi olmasın.
Bu il Azərbaycanda təkcə seçki ili deyil, həm də gənclərə qarşı rejimin terror ilidir.
Bu terrora görə REJIM qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Özünə hörmət qoyan terrorçu qruplaşmalar əməllərini danmadıqları kimi, REJIM də kimliyini gizlətmir.