«Neft gəlirləri Azərbaycan vətəndaşlarına çatmalı olduğu halda, Böyük Britaniya deputatlarının ciblərinə gedir»
Azərbaycandakı repressiv rejimə göz yuman, Əliyevlə münasibəti olan əcnəbi siyasətçilər elə öz ölkələrinin mediasında tənqid atəşinə tutulur. Dünyanın demokratik ölkələrində bu mövzuda qəzet yazılarının, televiziya materiallarının ardı-arası kəsilmir. Bu qəbildən olan növbəti məqalə Böyük Britaniyada dərc olunub. “Neft diktatorlarına da sosial lisenziya lazım olur” başlıqlı məqalə platform.org saytında yayımlanıb.
Müəllif Əliyevlər ailəsinin dünyada fərqli imic yaratmaq və beynəlxalq tənqidlərin qarşısını almaq məqsədilə Azərbaycan vətəndaşlarına çatası neft pullarını sağa-sola xərcləməsindən bəhs edir.
Məqaləni təqdim edirik:
Əliyevlərin Fransaya xüsusi marağı…
Neft diktatorlarının sosial lisenziyaya ehtiyacı varmı? Beynəlxalq birliyin onların repressiyalarına göz yumması üçün hansı qurumlara pul tökürlər?
Azərbaycanda hakim Əliyevlər ailəsi (saxtalaşdırılmış seçkilər nəticəsində uzun illər hakimiyyətdə qalan, müxalifət namizədlərini həbs etdirən, ölkənin böyük neft sərvətini ələ keçirən) incəsənət qurumlarına sponsorluq etmək həvəskarıdır. Bu ilin aprelində mən Bakıda olarkən orada demokratiya fəalları, jurnalistlər və neftçilərin hüquqlarını müdafiə təşkilatının nümayəndələrilə söhbətləşdim. Bir çoxları mənə Qərbi Avropanın mədəniyyət qurumlarına Azərbaycan prezidentinin səxavətli münasibətindən danışdı. Görünür, Ilham Əliyev “Əsrin müqaviləsi”ndəki partnyorlarından dərs götürüb. Məsələn, bp Macondo fəlakətindən diqqəti yayındırmaq üçün bu cür addımlar atıb…
Əliyevlərin Fransaya xüsusi marağı var. Heydər Əliyev Fondu (Ilham Əliyevin ondan əvvəl hakimiyyətdə olmuş atasının şərəfinə bu cür adlanır və təşkilata da xanımı Mehriban Əliyeva rəhbərlik edir) Fransada bir sıra mədəniyyət ocaqlarına səxavətlə pul xərcləyib. Strasburqdakı kilsə və Versal sarayının təmirinə 40 min avro, eyni zamanda, Luvr muzeyində Islam incəsənəti sərgisinə 1 milyon avro vəsait xərclənib. Öz növbəsində, Fransa qarşısındakı xidmətlərə görə verilən və bu ölkənin ali mükafatı sayılan Şərəf ligionu ordeni Mehriban Əliyevaya təqdim olunub. Mehriban Əliyevaya bu qərar barədə məktub şəxsən həmin vaxt prezident olan Nikolya Sarkozi tərəfindən verilmişdi. Yeni prezident Fransua Olland da Fransanın Əliyevlərlə isti münasibətini davam etdirir, Islam incəsənət sərgisinin açılışında da sponsorluğa görə onlara minnətdarlığını ifadə edib.
Neft pullarının böyük hissəsi xərclənib
Əliyevlərin səxavəti bununla bitmir. Ötən ilin avqustunda Azərbaycan Mexiko şəhərində parkın bir hissəsinin yenidən qurulmasına 5 milyon dollar vəsait ayırmışdı. Bunun müqabilində Azərbaycan hökuməti təkcə parkın “Meksika-Azərbaycan Dostluq Parkı” adlanacaq həmin hissəsini deyil, həm də orada Heydər Əliyevin öz ölçüsündə bürünc heykəlinin ucaldılmasını istəmişdi. Lakin bu ilin əvvəlində mexikolular etiraz edərək, hökuməti həmin heykəli götürməyə məcbur elədilər. Bununla bağlı yaradılmış Məsləhət Komissiyasının verdiyi qərarda o da qeyd olunurdu ki, hökumət hansısa siyasi xadimin Meksikada xatirəsinin əbədiləşdirilməsinə icazə vermək üçün xarici dövlətdən pul almamalıydı. Əliyevlər üçün xoşbəxtlikdən dünyanın bir sıra şəhərlərində Heydər Əliyevin heykəlləri ucaldılıb – Türkiyə, Gürcüstan, Misir, Iraq, Özbəkistan, Qırğızıstan, Rusiya, Ukrayna, Serbiya, Rumıniya, Moldova.
Azərbaycanın bir çox vətəndaşları prezidentin əcnəbi mədəniyyət ocaqlarına külli miqdarda vəsait xərcləmək meylinə nifrət edir. Azərbaycanda vətəndaşlar elementar xidmətlərdən yararlanmaq üçün, məsələn, səhiyyə xidmətinə görə böyük pullar xərcləməli olurlar. Infrastrukturun böyük hissəsinin – yollar, kanalizasiya sistemi və s. təmirə ehtiyacı var. Xalqın gələcəyini təmin etməli olan neft gəlirlərinin böyük hissəsi isə xərclənib.
Avropa Şurası Azərbaycandakı vəziyyətə göz yumdu
Beləliklə, Əliyevlər bu razılaşmalardan eqolarını təmin etməkdən başqa nə əldə ediblər? Bu sualın cavabı beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin davam etməsidir. Azərbaycandakı rejim tərəfindən çoxsaylı həbslərə, işgəncələrə, insan hüquqları sahəsində digər pozuntulara baxmayaraq, ölkə hələ də Avropa Şurasının üzvüdür. Bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsini qəbul etməkdən imtina etdi. Baxmayaraq ki, bu ölkədə çoxsaylı siyasi məhbuslar var. Təkcə bu il həbs olunan siyasi məhbusların sayı 40-a çatıb.
BP ilə münasibətlər korlananda Əliyev axtarışa çıxıb
Bir sıra hallarda beynəlxalq dəstək neft müqavilələrinin müdafiəsilə bağlı ola bilər. Bakıda söhbətləşdiyim adamların bir çoxunun fikrincə, Əliyevanın Luvr muzeyinə sponsorluğu neftin hasilat səviyyəsinə görə bp ilə münasibətlərin korlandığı vaxta təsadüf edib. Əliyev növbəti neft yataqlarının işlənməsi üçün başqa şirkətlərin axtarışına çıxıb, “Total” ilə müzakirələrə başlayıb. Əliyevin rəsmi saytının yaydığı məlumata görə, bu müzakirələr davam edir. Şübhə yoxdur ki, “Total”la münasibətlər Əliyevin səxavətli ianəsi və Sarkozinin ictimai minnətdarlığı sayəsində hamarlanacaq.
Britaniya Azərbaycandakı repressiya və seçki saxtakarlığına göz yumur
Əlbəttə, bp Azərbaycan neftində ən böyük payı olan beynəlxalq neft şirkətidir. Böyük Britaniya hökuməti də bu münasibətlərdə mühüm rol oynayır. Azərbaycanla bp arasında müqavilə Marqaret Tetçerin gözü qarşısında imzalanıb. Təsadüfi deyil ki, Azərbaycanda söhbətləşdiyim fəallar Böyük Britaniyanı beynəlxalq birliyin Əliyevin repressiv rejiminə, buradakı seçki saxtakarlığına xüsusilə səssiz qalan üzvü kimi xarakterizə etdilər. Bəs o zaman Əliyevin Böyük Britaniyadakı sponsorluğu nə üçündür? Yox, burada söhbət artıq incəsənət sərgilərindən getmir, bunun üçün bizdə bp var. Onlar isə pullarını deputatlara xərcləyirlər.
“Avropa-Azərbaycan Cəmiyyəti” adlı təşkilatın vasitəsilə Əliyev hökuməti Britaniya parlamentinin üzvlərilə sıx əlaqə yarada bilib. Bu təşkilat 2008-ci ildə Tale Heydərov tərəfindən yaradılıb. Onun atası Azərbaycanda fövqəladə hallar naziri olmaqla, həm də Əliyevin hakim elitasının əsas üzvlərindən biridir.
ABŞ səfirliyindən sızdırılan məlumatlarda Heydərov, bəlkə prezidentin özündən də güclü biri kimi təsvir olunurdu. Heydərov ölkə daxilində sərvətə prezidentdən daha çox nəzarət edir.
Neft satışından əldə edilən gəlirlər Azərbaycan vətəndaşlarına çatmalı olduğu halda, Böyük Britaniya deputatlarının ciblərinə gedir. “Avropa-Azərbaycan Cəmiyyəti” Britaniya parlamentinin 25 nəfər Mühafizəkar deputatının da daxil olduğu “Azərbaycanın mühafizəkar dostları” adlı qurum yaradıb. Məqsəd isə Azərbaycanı Helsinki Yekun Aktına qoşulmuş demokratik ölkə kimi qələmə verməkdir.
Onlar həmçinin Leyboristlərin “Tərəqqi” adlı lobbi qrupuna 7500 funt veriblər. “Avropa-Azərbaycan Cəmiyyəti” Azərbaycanla Böyük Britaniyanın hökumətlər və parlamentlərarası əlaqələrini inkişaf etdirmək istəyən istənilən qrupa dəstək göstərir. Amma onlar heç vaxt insan hüquqları və demokratiya məsələlərini nəzərdə tutmurlar.
Britaniya parlamentinin Mühafizəkar üzvü Mark Field 2011-ci ildən “Avropa-Azərbaycan Cəmiyyəti”nin Məsləhət Şurasının üzvü kimi fəaliyyət göstərir və bu xidmətinə görə 6 min funt pul alır. Onun Azərbaycana səfərlərinin xərcləri də bu təşkilat tərəfindən ödənilir. Bu səfərlərdən biri 2011-ci ilin mayında baş tutmuşdu. Həmin vaxt o, Heydər Əliyevin heykəllərindən birinin qarşısına gül çələngi də qoymuşdu.
Siyasət şöbəsi