Allah ayıbınızı örtsün, kişilər…

Görəcəyimiz günlər varmış. Demək, bu da yazılıbmış qismətimizə. Görünür, rejim çarəsizliyini hiss etdikcə, özünü axırıncı yola qoyar, heç utanmazmış.

Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı mətbuat konfransı keçirib və dünyada analoqu olmayan hərəkət eləyib. Adam doqquz il susub, nəhayət, danışmaq qərarına gəlib. Keçmiş ər bildirib ki, bu günə qədər Gültəkin Hacıbəylinin millət vəkili olduğu müddətdə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı etdiyi haqsızlıqlar şəxsi həyatla bağlı olduğu üçün susub, bu məsələləri ictimailəşdirmək istəməyib: “Lakin bu gün bir vicdanlı azərbaycanlı, Vətənini, dövlətini, Prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündə daha uca hesab edən insan kimi Gültəkin Hacıbəyli öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim”. Adamın ürəyi bulanır oxuyub bitirənəcən.

Bax, buna deyərlər əsl patriot! Doqquz il ona görə susub ki, haqsızlıqlar şəxsi həyatla bağlı imiş. Indi isə artıq susa bilmir. Çünki məsələ şəxsi deyil, prezident və dövlət maraqları səviyyəsindədi. Adamın yadına Kantın transendental fəlsəfəsi düşür. Sevgi o qədər böyükdü ki, “fövqündə” sözcüyü bəs eləməyib, mənaca yaxın olan “daha uca”ya da gərək qalıb. Imkan olsa, “ucalardan uca” da demək olardı. Dədə Qorquddakı kimi: “Yücələrdən yücəsən…”.

Biz hakimiyyətin qadından istifadə edərək, onu alçaldıb iyrənc əməllərə zorlamasının şahidi olmuşduq. Gülər Əhmədovanın əli ilə Əvəz Zeynallı dəmir barmaqlıqlar arxasına göndərildi (indi o özü də elə oralardadı). Ancaq bir kişinin qadına qarşı qara niyyət üçün istifadə olunacağı yuxumuza da girməzdi. Həm də motivə fikir verin: prezidenti sevdiyi üçün. Necə deyərlər, deyir, atamı söydün, dinmədim, anamı söydün, dinmədim, daha yeznəmi də yox da!

Adam deyir ki, dövlət marağını şəxsi maraqlarından üstün hesab eləyir. Gültəkin Hacıbəyli isə dövlətə qarşı yaxşı hərəkət eləmir. Ancaq yenə də mətbuat konfransının yekununda məlum olur ki, dava yorğan davasıdı. Ev belə gəldi, 50000 belə getdi. Halbuki prezidentə sevgisi və dövlətinə bağlılığa görə susmayan adam məhz elə onlara qarşı haqsızlıqdan danışmalı, tutarlı arqumentlər göstərməli, sitatlar gətirməli və ictimaiyyətə sübut etməliydi ki, keçmiş həyat yoldaşı necə yanlış yoldadı. Yox, o haqda ümumi sözdən başqa heç nə yoxdu. Çünki deyəcəyi söz yoxdu ev-eşikdən başqa. Ölkənin korrupsiya bataqlığında batmasını söyləmək dövlətə qarşı gəlmək deyil, əksinə dövləti sevməkdəndi. Yox, bu adam dövləti düşünürdüsə, onda mətbuat konfransı hamının tanıdığı korrupsonerlərə qarşı olmalı, yekunda keçmiş ər keçmiş keçmiş həyat yoldaşıyla eyni yolu tutmalıydı. Xeyr, sadəcə, belə tapşırılıb. Get, keçmiş qadınına qara yax. Qalanı bizlikdi. 

Bizim kimsənin əmlak davasına qarışmaq fikrimiz yoxdu. Kim haqlıdı, kim haqsızdı, bunu ancaq məhkəmə müəyyən edə bilər. Bizim dediyimiz bir ərin qadınıyla bağlı bu addımı atmasıdı. Heç vaxt inanmaram ki, dünyanın hər hansı bir yerində, hətta Şimali Koreyada belə, siyasi zəmində analoji bir hal baş verə bilə.

Hətta məşum “37″-də də bu cür halın baş verməsi haqda heç nə eşitməmişəm. Hətta ən ağır işgəncələr altında inləyənlərə də belə təklif verilməyib ki, arvadın, hələ-hələ keçmiş həyat yoldaşın haqda filan-filan sözləri de.

Bu adamı başa düşmək olar hardasa. Murdar zamandı və insanlar ən ağlasızğmaz iyrəncliyə belə qol qoya bilərlər. Bəs onu buna təhrik edənlər nə düşünürlər? Yəni bir xəcalət-filan? Axı elə 3-4 gün qabaq Ziyafət Əsgərov namusdan-zaddan danışmışdı. Demişdi, biz ingilis-filan deyilik. Bə nooldu?

Allah ayıbınızı örtsün, kişilər.