Nurəddin Məmmədli: «Azərbaycanın beynəlxalq aləmin diqqətinə gəlməsi və israrla normal seçki tələb olunması hakimiyyəti narahat etməyə bilməz»
Hakimiyyət bir qayda olaraq seçkilər ərəfəsində özünü arxayın aparır və seçkilərdə “asanlıqla” qələbə qazanacağını bəyan edirdi. Amma budəfəki seçkilər əvvəlkilərdən tam fərqlidir. 2013-cü il prezident seçkisi ərəfəsində hakimiyyət təmsilçilərinin verdikləri bəyanatlarda təlaş aydın şəkildə sezilir. Buna misal olaraq YAP sədrinin müavini – icra katibi Əli Əhmədovun açıqlamasını göstərmək olar. Son zamanlar YAP-ın rayon və şəhər təşkilatları ilə görüşlərdə iştirak edən Ə.Əhmədov dönə-dönə vurğulayır ki, seçkilərdə arxayınçılığa yol vermək olmaz. Bəs hazırda YAP rəhbərliyində müşahidə olunan inamsızlığın səbəbi nədir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli hazırda YAP funksionerlərinin açıqlamalarındakı təlaşı təsadüfi saymır. YAP rəhbərliyinin bu cür davranışının bir neçə səbəbi olduğunu deyən N.Məmmədli vurğuladı ki, başlıca səbəblərdən biri budur ki, əgər əvvəllər hakimiyyət seçki saxtakarlığını ört-basdır etmək üçün müəyyən yollar arayıb-bulurdusa, bu dəfə situasiya tam fərqlidir: “Əgər hakimiyyət əvvəllər seçkiyə müsbət rəy verilməsi üçün neft gəlirlərindən istifadə edərək vasitələr tapırdısa, hazırda Azərbaycan beynəlxalq aləmin diqqətindədir. Azərbaycanın diplomatik dairələrdə nüfuzu aşağı düşüb. Bundan başqa, ölkə daxilində də vəziyyət acınacaqlıdır”.
Hazırda seçki ərəfəsində fərqli faktorlardan birinin də müxalifət düşərgəsindəki real qüvvələrin cəmiyyətə bəlli olduğunu deyən N.Məmmədli bildirdi ki, artıq cəbhə xəttində real müxalifət və ona düşmən kəsilən hakimiyyət dayanır. N.Məmmədli hesab edir ki, gənclərin aktiv siyasətə qoşulması və ölkədə baş verənlərə biganə qalmaması hakimiyyəti narahat edən məqamlardandır: “Hakimiyyət müxalifətə qarşı repressiyalarını davam etdirir, AXCP-nin rayonlardakı tədbirlərinə icazə verilmir, partiya sədrinin hələ də pasportu yoxdur. Bütün bunlar hakimiyyətin təlaşının təzahürüdür. Bundan başqa, hakimiyyətin qorxduğu əsas qüvvələrdən biri azad mətbuatdır. Bu gün ”Azadlıq” qəzeti Azərbaycanın bir nömrəli oxunan qəzeti olmaqla yanaşı, internetdə də geniş informasiya şəbəkəsini əhatə edir. Eyni zamanda “Azərbaycan saatı” proqrammı ölkə reallıqlarını cəmiyyətə tam çılpaqlığı ilə çatdırır. Artıq hakimiyyətin addımları əks-təsir göstərir. Demokratik dünya Azərbaycan hakimiyyətindən azad və ədalətli seçkilər tələb edir. Bütün bu faktorlar isə hakimiyyəti narahat etməyə bilməz”.
Xəyal