Veteran YAP-çılar niyə hücuma keçib?

Hakim partiyanın indiki rəhbərliyi ilə yaradıcıları arasında nə baş verir?

Mahal İsmayıloğlu: «Köhnə qvardiyanın açıqlamaları daha çox hakimiyyətdaxili böhranın təzahürüdür»

Hazırda YAP daxilində köhnə qvardiyanın aktivləşdiyi və mətbuatda daha tez-tez görünməyə başladığı müşahidə olunmaqdadır. YAP-ın qurucularından Sirus Təbrizli, Əli Əlirzayev, Xeyrəddin Qoca, Maksim MusayevÿYAP-ı və partiya rəhbərliyini sərt tənqid ediblər. M.Musayev mətbuata açıqlamasında hətta partiya rəhbərliyinə iradı belə ifadə edib: “Əli Əhmədov bir bəladır, düşüb YAP-ın canına”.
Bundan başqa köhnə qvardiya üzvləri Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı da tənqidi fikirlər səsləndiriblər. Bütün bu tənqidlərin seçki ilinə təsadüf etməsi də maraq doğurur. Baş verənlər nəyin təzahürüdür? Hakimiyyətin ünvanına bir müddət əvvəl elə iqtidarda təmsil olunanların bu cür ittihamlar səsləndirməsi necə izah edilə bilər?
Ekspert Mahal Ismayıloğlu baş verənləri və YAP rəhbərliyinin partiyanı qurucuların tənqid etməsini təsadüfi saymır. M.Ismayıloğlu hesab edir ki, əslində səslənən bəyanatlar YAP daxilindəki problemlərin üzə çıxan motivləridir: “YAP əslində siyasi strukturu olan bir təşkilat olmayıb. Bu partiya sadəcə olaraq ölkə başçısının siyasi dekorasiyası olub. Bu isə zaman keçdikcə cəmiyyəti bezdirir. Digər tərəfdən, hazırda YAP-ın bir təşkilat kimi daxili potensialı da tükənir. Digər tərəfdən, YAP-ın köhnə ideologiyası da olmayıb. Indiyə qədər bu partiyanın özəl prinsipləri bəlli deyil. Bu partiyanın nəyi qoruduğu, hansı ideyanın daşıyıcısı olduğu bilinmir”.
M.Ismayıloğlu hesab edir ki, YAP-ın və hakimiyyətin ünvanına səslənən bəyanatlar yalnız bir rakursdan qiymətləndirilməməlidir: “Bu daha çox hakimiyyətdaxili böhranın təzahürüdür. Bu, tamamilə təbii haldır. Çünki başqa sahələrdə də böhran görünür. Mandat alveri və korrupsiya ilə bağlı baş verən böhranlı durumlar da bunu sübut edir”.

Xəyal