Onlar Aslan İsmayılovun cəzalandırılmasının vətəndaş mövqeyi ilə bağlı olduğunu dedi
Tanınmış vəkil Aslan Ismayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasını ölkə ictimaiyyəti kəskin etirazla qarşıladı. Aslan Ismayılovla bağlı qərəzli addımın atılmasına ziyalılar da münasibət bildirdi.
Ziyalılar Forumunun üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin fikrincə, Aslan Ismayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. “Aslan Ismayılov prinsipial bir insandır. Sahibkarlarla bağlı ortaya qoyduğu mövqeyi, öz müştərilərinin müdafiəsini prinsipial şəkildə qoruması, kəskin tənqidi çıxışları Aslan Ismayılovun Kollegiyadan uzaqlaşdırılmasına səbəb oldu. Mən bu qərarı birmənalı şəkildə pisləyirəm”- deyə G.Hacıbəyli vurğuladı.
Tanınmış tarixçi alim, Ziyalılar Forumunun üzvü Cəmil Həsənli Aslan Ismayılovun prinsipial mövqeyi olan, uzun illər şəffaf fəaliyyəti ilə özün doğrultmuş şəxs olduğunu dedi: “Aslan Ismayılovun müxtəlif qərəzli bəhanələrlə Kollegiyadan uzaqlaşdırılmasını mənfi qiymətləndirirəm. Belə bir vəkilin tutduğu ədalətli mövqeyə görə cəzalandırılmasını qəbahət hesab edirəm və pisləyirəm”.
Keçmiş baş prokuror, millət vəkili Ilyas Ismayılov da, Aslan Ismayılovun Kollegiyadan uzaqlaşdırılmasını mənfi qiymətləndirdiyini dedi: “Düşünürəm ki, Aslan Ismayılov cəsarətli, savadlı, peşəkar bir vəkildir. Hansı ittihamlara görə onu Kollegiyadan çıxardıqlarını bilmirəm, ancaq Aslan Ismayılov kimi bir vəkilə qarşı bu cür qərar qəbul etmək olmaz”.
Ilham Hüseyn


