“Gülər parlamenti”nin vitse-spikeri Ziyafət Əsgərovun əksər orta statistik azərbaycanlının ağzı ilə danışdığı sözlərdən yəqin ki, xəbəriniz var. “Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir, bizim üçün əhəmiyyət kəsb edir” deyib Əsgərov.
Hansı kontekstdə söyləndiyi önəmli deyil bu sözlərin.
Başqa toplumları tənə, qınaq altında buraxan bu sözlərin (baxmayaraq ki, gedib qulaqlarına çatsa, istənilən ingilisin, kanadalının, amerikalının ona reaksiyası təbəssümdən başqa bir şey olmazdı) allah qoymasa, guya ölkənin ən ali tribunalarından birindən belə rahatlıqla söylənməsi, söylənə bilməsi önəmlidir. Həm önəmlidir, həm üzücü.
***
Bizdə eyni düşüncənin əslində çoxluğun beyninə hakim olduğunu elə əvvəldəcə xatırlatdıq.
Hə, bizdə çoxluq qərbli, avropalı haqqında məhz Ziyafət müəllim kimi düşünür, çoxluq hesab edir ki, onlar hər şeyini çölə töküblər, oralarda kim kimin arvadıdır, kimin uşağının atası kimdir, bəlli deyil.
Bu, əslində namusun ictimailəşmədiyi, sosiallaşmadığı, din və mentalitet müstəvisindən kənarda təsəvvür edilmədiyi əksər üçüncü dünya ölkələrinə xas düşüncədir.
Namusu yalnız insan paçalarının arasına münasibətlə müəyyənləşdirən…
Namusu yalnız “ana-bacı” müstəvisində anlayan…
Namusu yalnız məişət hadisəsi kimi qəbul edən toplumlarda qərbli, avropalı haqqında hakim olan bu düşüncə hansı yolla o məqama gəlibsə gəlsin, dəxli yoxdur, bir ölkənin yetərincə yüksək çinli adamının dilindən eşitmək ayıbdır, həm də çox ayıbdır.
Siz orada xalqın iradəsi ilə oturmamış ola bilərsiniz…
Siz orada milli iradəni təslim etməyə bilərsiniz…
Siz ədalətsiz bir sistemin vintciyi rolunu oynaya bilərsiniz, amma başqa toplumları ümumiləşdirilmiş şəkildə bu cür aşağılamaq, həm də dar düşüncənin məhsulu olan sözlərlə aşağılamaq lüksünə sahib deyilsiniz.
Nə qədər ki, namusun ancaq başqasını zorlamaqla deyil, başqasının səsini, iradəsini zorlamaqla da bağlı olduğuna inanarsınız…
Nə qədər ki, namusun sadəcə, başqasının ana-bacısına yan gözlə baxmaqla deyil, xalqın sərvətinə də yan gözlə bağlı olduğuna inanarsınız…
Nə qədər ki, namusun yalnız bir başqasının yatağına girməklə deyil, həm də bir başqasının cibinə, büdcəsinə girməklə də bağlı olduğuna inanarsınız…
Nə qədər ki, namusun təkcə məişət məsələsi deyil, həm də ədalətli mühakimə, fərqli fikir, sərbəst toplaşmaq məsələsi olduğuna inanarsınız, o zaman toplum olaraq da, ölkə olaraq da doğru yerlərə gələ bilərsiniz.
Çağın gerisində sürünməkdən qurtula bilərsiniz.
Bütün mədəni, uyğar toplumlar kimi hürr və rifah içində yaşamaq imkanı qazana bilərsiniz.
Yalnız insan paçalarının arasının deyil, insan qafasının da namusla bağlı bir bədən üzvü olduğunu dərk etmədən…
Elmli, bilgili, düşünən, axtaran, sorğulayan, hesab istəyən və hesab verən insan olmağın da namusdan gəldiyini anlamadan…
Yalanın, yaltaqlığın, qul haqqı yeməyin, məzlumun ahını almağın da namussuz işlərdən sayıldığının (hansı ki, namusuna şübhə və həqarətlə yanaşdığının qərbli, avropalı cəmiyyətlərdə, idarəetmələrdə məhz belədir!) fərqinə varmadan bir millətin və ölkənin qaranlıqlardan qurtuluşu…
Aydınlıqlara qovuşması…
Dünyada hörmətli bir yerə sahib olması mifdir, nağıldır, filfilodur.
Sviftin başdaşı yazısı
Dünyanın ən ölümsüz romanlarından biri, bütün zamanların saray eybəcərlikləri haqqında ən ifşaedici əsəri – “Qulliverin səyahəti” romanının müəllifi Conatan Sviftin başdaşına nə yazıldığını bilirsinizmi?
Belə yazılmış böyük ustadın başdaşına:
“Burada vəhşi haqsızlıqlar qarşısında qəlbi parçalanmış bir nəfər yatır”.
Bu, Sviftin öz vəsiyyətidirmi? Ya da kimlərinsə öz təşəbbüsümü?
Bilmək çətindir.
Amma bunu asanlıqla demək olar:
“Qulliverin səyahəti”nin müəllifinə layiq sözlərdir. Heç bir şişirtmə, mübaliğə yoxdur.
Və dərindən düşünsəniz, bizim başdaşına o sözləri yazılmağı haqq edən bir yazıçımızın heç vaxt olmadığını da anlayacaqsınız.