Bəzən susmaq qulaq batıran hayqırtılardan daha təsirli olur…
Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı danışıb. Şübhəsiz ki, hakimiyyətin drektivləri əsasında. Bir kişi öz xanımını başqa bir kişiyə qarşı çıxdığı üçün ittiham edir. Bu, çox miskin bir durumdur – uşağının anasına qarşı danışmaq! Özü də bunu siyasi sifarişlə etmək!
Necə baş verir belə olaylar? İnsanlar özlərinə neçə sığışdırırlar bunu? Ölmək çoxmu çətindir? Həyat deyilən şey bu qədərmi şirindir ki, onu əzilərək yaşamağa razı olasan?
Bir kişini öz qadınına qarşı qoyan hər nədirsə, heç bir ali dəyər deyil – buna bütün insanların öləcəyinə inandığım kimi inanıram! Ona da inanıram ki, indi o cavan polkovnik də ölüb. Onu öldürməsəydilər, belə danışmazdı. Tanrı bəzilərinə elə bu dünyada axirəti yaşadır. O hansı axirət əzabıdır ki, bu vəziyyətdən daha ağrılı olsun?
Bu olay ölkədə dəyərlər sisteminin nə yerdə olduğuna bir nümunədir. İlham Əliyev deyirdi ki, bizim üçün önəmli olan öz dəyərlərimizdir, Avropa dəyərləri yox. Budurmu “bizim” dəyərimiz? Hansı Avropa kişisi öz xanımı haqqında belə danışardı? Və ya hansı Avropa ölkəsində kiminsə ağlına gələr ki, siyasi opponentə qarşı onun həyat yoldaşından istifadə edəsən? Bax, budur Azərbaycan hakimiyyətinin ailəyə verdiyi dəyər! Onlar öncə ailələri dağıdır, sonra onları öz cəbhələrinə və qarşı cəbhəyə bölürlər.
Gültəkin xanımın sükutu
Haqqında qarayaxma gedən xanım isə susdu. Övladının atası haqqında heç nə demədi. Əlbəttə, bununla da xeyli dərəcədə ucaldı. İnsanların çirkaba batmağa meylli olduğu bir toplumda belə nümunələr doğrudan da vacibdir. Bəzən susmaq, sükut eləməyin özü qulaq batıran hayqırtılardan daha təsirlidir. Təbii ki, anlayana. Anlamayanla isə bizim nə işimiz…
Media göbələklərinə…
Bir məsələni də qeyd etmədən keçə bilmirəm. Hakimiyyətin uzun müddətdir “asdılar”, “zorladılar”, “doğradılar” motivli məlumatlar yayan saytları bu gün işə yaradı, deyəsən. Hamısı birdən sevinclə bu idbar açıqlamanı yaydılar. Hətta yüz illik ada iddia edən bəzi oturuşmuş media orqanlarını da bu çirkabda görməkdən təəssüf hissi keçirməmək mümkün deyil. Heç olmasa, belə məsələlərdə “yox” deməyi bacarmaq lazımdır. Yoxsa, hər şeyin “hə”sini vermək yaxşı şeylər vəd eləmir.
Seymur Həzi