Onlar, dəymiş zərərə görə təzminat tələb edir
ADNA faciəsi qurbanlarını andıqları üçün AXCP GK-nın sədri Əbülfəz Qurbanlı, “NIDA” Idarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik təşkilatının üzvü Ilkin Rüstəmzadənin həbsi və onlara qarşı qanunsuz, zorakı addımların atılması haqqında məlumat vermişdik.
Əbülfəz Qurbanlı və Turqut Qəmbər mayın 10-da azadlığa çıxdılar, Ilkin Rüstəmzadənin isə həbs müddəti mayın 15-də başa çatdı.
Bəs, gənclər onlara qarşı qanunsuz davranışa necə reaksiya verəcək?
AXCP gnclər komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, onlara qarşı həyata keçirilmiş qanunsuz davranışı siyasi sifariş kimi qiymətləndirirlər. “Saçımızın qırxılması Daxili Işlər Nazirliyi və Bakı Şəhər Baş Polis Idarəsinin əməkdaşları tərəfindən həyata keçirildi. DIN Ictimai Təhlükəsizlik Idarəsinin rəisi Nurulla Məmmədovun köməkçisi polkovnik-leytnant rütbəli Elçin adlı şəxs bu zorakılıq əməlinə rəhbərlik edirdi. Biz etiraz edəndə isə bildirdilər ki, yuxarıdan göstəriş belədir. Şəkillərimizin çəkilməsi isə onu göstərdi ki, hakimiyyət indiyə qədər müxalifətçilərin yataq otağına kamera qoyurdusa, indi ayaqyoluna keçiblər. Bütün bunlar bizi gözdən salmaq, cəmiyyətdə mənfi imicimizi formalaşdırmaq üçün idi. Ancaq biz cəmiyyətin böyük dəstəyini hiss etdik və heç bir narahatçılıq keçirmirik”.
Əbülfəz Qurbanlı onu da əlavə etdi ki, biz hüquqi müstəvidə bu məsələnin həllinə çalışacağıq. “Biz Avropa Məhkəməsinə qədər bu işi aparacağıq, bizə dəymiş mənəvi zərərə görə təzminat tələb edəcəyik və bu şəkilləri yayan insanların məsuliyyətə cəlb olunmasını tələb edəcəyik”.
Azad Gənclik Təşkilatının üzvü Ilkin Rüstəmzadə qeyd etdi ki, onlara qarşı olan zorakılıq, hakimiyyət dairələrinin razılığı ilə həyata keçirilib. “Mənə qarşı fiziki güc tətbiq etdilər və məni nalayiq söyüşlərlə təhqir etdilər. Azər adlı polkovnik-leytenant rütbəli şəxs bildirdi ki, bunun qanunsuz olduğunu bilirik, ancaq bu yuxarıdan olan tapşırıqdı. Biz baş vermiş qanunsuzluqla bağlı məhkəməyə müraciət edəcəyik və bu hadisədə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edəcəyik. Əgər nəticə olmasa, beynəlxalq müstəvidə də məsələnin ictimailəşməsini təmin edəcəyik”.
“NIDA” Idarə Heyətinin üzvü Turqut Qəmbər də hesab edir ki, onlara qarşı baş vermiş zorakılıq gənclərə təzyiq və seçki ilində fəallığın qarşısını almaq məqsədi daşıyır. “Bu cür iyrənc addımlarla hakimiyyət heç nəyə nail ola bilməyəcək və bizi qorxutmaq cəhdi effekt verməyəcək. Biz bu məsələni gündəmdə saxlayacağıq. Vəkillərimizlə danışıqlar aparırıq. Məhkəməyə müraciət edəcəyik və təzminat tələb edəcəyik”.
İlham Hüseyn


