ARDNŞ naxçıvanlılardan “təmizlənir”?

Naxçıvan əsilli idarə rəislərinin Bakı klanının hədəfinə gəldiyi bildirilir

ARDNŞ prezidenti Rövnəq Abdullayev son vaxtlar hakimiyyətdə ön mövqeyə çıxan Bakı klanının hədəfinə gəlib. Bu barədə “Yeni Müsavat” qəzetinə məlumat verən mənbənin bildirdiyinə görə, hazırda Neft Şirkətində Naxçıvan əsilli idarə rəislərindən “təmizlənməsi” prosesinə start verilib”.
ARDNŞ Neft Kəmərləri Idarəsinin sabiq rəisi Zöhrab Quliyev də bu dalğada işdən çıxarılıb. Onunla birlikdə xeyli həmyerlisi iş yerini itirib. Yaxın günlərdə isə “Azəriqaz” Istehsal Birliyinin rəisi Əkbər Hacıyevin işdən çıxarılması gözlənilir. Bundan başqa, növbəti hədəf ARDNŞ-in Təhlükəsizlik Idarəsinin rəisi Rəşad Əliyev və “Azərkimya” Istehsalat Birliyinin rəisi Muxtar Babayevdir. Adıçəkilənlərin R.Abdullayevlə yaxın qohumluq münasibəti var. Yəni bu şəxslərin vurulması R.Abdullayevin zəiflədilməsinə və son nəticədə ölkənin ən gəlirli şirkətinə nəzarəti ələ keçirməyə hesablanıb: “Rövnəq Abdullayevin bu müdaxilələrin qarşısında zəif də olsa duruş gətirməsinin yeganə səbəbi onun himayədarı olan prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun hakim elitadakı nüfuzunu hələ də qoruyub saxlamasıdır. Bəylər Əyyubovun müqaviməti sayəsində hələlik Rövnəq Abdullayev Bakı klanının həmlələri qarşısında arada geri çəkilsə də, tam nəzarəti itirməyib”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı belə bir “təmizləmə” əməliyyatının aparılmasına inanmadığını deyir: “Belə bir dalğanın başlamasına inanmıram. Bu şəxslərin hamısı Rövnəq Abdullayevə yaxındılar. Məsələn, Təhlükəsizlik Idarəsinin rəisi qohumudur. Əkbər Hacıyev də qohumudur. O birilər işdən çıxarılsa, mən çox məmnun olaram. Amma Muxtar Babayev savadlı kadrdır. Təbii ki, indi söhbət, kadrların savadlı olub-olmamasından getmir. Buna qalsa, gərək, o şirkətdə əməlli-başlı ”təmizləmə” aparılsın. Bütün bunların Rövnəq Abdullayevi zəiflətmək planının tərkib hissəsi olduğunu da ehtimal etmirəm. Hakimiyyətin belə bir niyyəti olsa, bunu asanlıqla edə bilər, heç dolayı yollara əl atmaz. Üstəlik həmin idarə rəislərinə bu günə qədər heç töhmət də verilməyib”.