“Milli Şura yaransa, Azərbaycana beynəlxalq diqqət artacaq”

zefer quliyev«Əli Kərimli ilə razıyam, iderlər şəxsi ambisiyaları ümummilli məsələlərə tabe etdirməlidirlər»

Zəfər Quliyev: «Milli Şurada təsisçi təşkilatlar olmayacaq, quruma üzvlük fərdi şəkildə həyata keçiriləcək»

Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasından 19 il ötsə də Qarabağ probleminin həlli istiqamətində ciddi addımlar atılmayıb. Ekspertlərin fikrincə, sülhün imzalanmasından sonra ötən müddətdən isə Azərbaycan heç də səmərəli istifadə edə bilməyib. Müsahibimiz siyasi ekspert Zəfər Quliyevdir. Z.Quliyevə ilk sualımız atəşkəsin imzalanmasından sonrakı dönəmi qiymətləndirməsiylə bağlı oldu.

– Sülhün imzalanmasından sonra keçən müddət Azərbaycan üçün o qədər də müsbət nəticələr vermədi. Düzdür, Azərbaycan atəşkəsə nail oldu. Amma atəşkəsi siyasi təlayə bənzətmək olar. Çünki Bişkek protokolundan sonra Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi olmaqdan çıxdı və beynəlxalq miqyasa çıxdı. Bundan sonra Azərbaycanın münaqişəni həll etmək imkanları xeyli məhdudlaşdı. Digər tərəfdən, Bişkek prosesindən sonra nəzərdə tutulan böyük siyasi saziş imzalanmadı. Çünki atəşkəsdən sonra imzalanmalı olan sazişdə münaqişənin həlli mexanizmləri əksini tapmalı idi. Ona görə demək olar ki, Moskva bu məsələdə Bakını aldatdı. Çünki böyük siyasi saziş bu günə qədər imzalanmadı. Ona görə Bişkekdəki prosesdə yeganə müsbət nəticə yalnız Azərbaycanın atəşkəsə nail olmasıdır. Amma o da nəzərə alınmalıdır ki, bu atəşkəs imzalanan gündən daim pozulur. Eyni zamanda Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək imkanları getdikcə tükənir. Azərbaycan nə sülhə nail ola bildi, nə də işğal altında olan torpaqları azad etməyi bacardı. Azərbaycan hazırda problemin hərbi yolla həlli imkanlarını xeyli azaldıb. Azərbaycan hərbi yolla bu məsələni həll etmək üçün istər-istəməz aparıcı dövlətlərin razılığını almalıdır. Ona görə atəşkəsi hazırkı durumdan qiymətləndirəndə mənfi məqamları daha qabarıq formada görmək olar.

– Danışıqlar prosesini qiymətləndirəndə maraqlı məqamları görmək olur. Hakimiyyət gah Qarabağla bağlı uğurlu danışıqların aparıldığını bəyan edir, gah da dövlət başçısı rəsmi şəkildə etiraf edir ki, danışıqlar prosesində ötən müddət ərzində irəli doğru bir addım belə atılmayıb. Bu ziddiyyəti necə dəyərləndirmək olar?
– Onunla razılaşmaq olar ki, danışıqlarda biz taktiki uduşların axtarışında oluruq. Amma münaqişənin həlli kontekstində strateji baxımdan irəli doğru bir addım belə atılmayıb. Azərbaycanın ötən müddət ərzində bir kəndi belə azad olunmayıb. Qarabağ probleminin həlli istiqamətində hər hansı bir konsepsiya qəbul edilməyib. Geosiyasi səviyyədə də aparıcı dövlətlər arasında razılıq yoxdur. Eyni zamanda onu da vurğulamaq lazımdır ki, problemin həlli ilə bağlı Azərbaycanla Ermənistanın mövqeləri kəskin şəkildə fərqlənir. Ötən müddət ərzində münaqişə tərəfləri mövqelərdə yaxınlaşmaya nail ola bilməyiblər. Qarabağ probleminin həlliylə bağlı ümumi bir layihə üzərində daynaraq onu reallaşdırmaq, razılaşdırmaq imkanları da yoxdur. Rusiyadakı prezident seçkilərindən sonra danışıqlar prosesi, demək olar, tam dayanıb.

“Kreml daha sərt mövqe bildirə bilər”

– Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan neftinin nəqlinə dair müqavilənin dayandırılmasına sərəncam verib. Bu addımı necə dəyərləndirmək olar?
– Son zamanlar hakimiyyətin Rusiya ilə münasibətləri normalaşdırmağa çalışmasına rəğmən, əlaqələrdəki gərginlik qalmaqdadır. Medvedevin son qərarı onu göstərir ki, münasibətlər get-gedə daha kəskin xarakter alır. Əvvəl Qəbələ RLS-lə bağlı danışıqlar heç bir nəticə vermədi və sonda Rusiya özü qərar qəbul edərək RLS-dən imtina etdi. Indi isə Moskva daha sərt qərarlar qəbul edə biləcəyini göstərir. Bu isə o deməkdir ki, Kreml rəsmi Bakıya qarşı təkcə iqtisadi sahədə deyil, siyasi arenada da sərt mövqe nümayiş etdirə bilər. Azərbaycanda prezident seçkilərinin yaxınlaşdığını nəzərə alsaq, bu baxımdan Rusiya hakimiyyətə problemlər yarada bilər. Strateji baxımdan siyasətdən kənarlaşsaq, Medvedevin bu qərarı Azərbaycan üçün daha ardıcıl və prinsipial formada Qərbyönümlü siyasəti ortaya qoymağa imkan yaradır. Həm enerji, həm ümumi götürəndə geosiyasi sahədə Moskva ilə münasibətlər bu dərəcədə kəskinləşirsə, rəsmi Bakı enerji siyasətini Qərbə yönəldərək, özünə məhz bu məkanda strateji müttəfiqlər axtarmalıdır. Lakin seçkiqabağı rəsmi Bakının seytnot vəziyyətində olduğunu, daxildə narazılığın durmadan artdığını nəzərə alsaq, bu cür strateji pozitivlər yaxın müddətdə özünü göstərməyə də bilər. Yaxın zamanda əksinə, rəsmi Bakı yeni problemlərlə üzləşə bilər. Düzdür, Ilham Əliyev Medvedevin bu addımına cavab olaraq NABUCCO-nun yaxın zamanlarda və sürətlə reallaşa biləcəyinə dair açıqlama verib. Rəsmi Bakının ən tutarlı cavabı NABUCCO layihəsinin reallaşması ola bilər. Moskvanın Gürcüstana aqressiyasından sonra neçə il idi ki, rəsmi Bakı NABUCCO layihəsinə münasibətdə ehtiyatlı mövqe tutmuşdu. Azərbaycan Moskvanı narahat etmək istəmirdi. Amma Kremllə münasibətlərin pozulduğu ərəfədə Qərbyönümlü layihələr reallaşdırıla bilər. Strateji baxımdan bu yaxşıdır. Azərbaycanın asılılığı azalır.

Milli Şura elan olunmağa yaxındır

– Indi isə keçək daxili siyasətə. Milli Şuranın yaradılmasıyla bağlı hazırda danışıqlar nə yerdədir?
– Danışıqlarda birbaşa iştirak etmirəm. Ona görə məlumatım dolğun deyil. Lakin onu deyə bilərəm ki, danışıqlar uğurla gedir. 28 may ərəfəsində Milli Şuranın elan olunması reallaşa bilər. Ümumi belə bir mövqe var ki, yaxın bir həftəyə bu baş tuta bilər. Bir çox məsələlərdə razılıq əldə olunandan sonra mətbuata açıqlama veriləcək. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 95 illiyi zamanı Milli Şuranın ilk toplantısının keçirilməsinə çalışacağıq.

– Bir sıra partiyalar Milli Şuranın təsisçisi olmayacağı təqdirdə təşkilata qoşulmayacaqlarını və ya danışıqların dar çərçivədə aparıldığını vurğulayırlar. Bu məqamları necə dəyərləndirirsiniz?
– Bəzi qüvvələr prosesləri düzgün anlamırlar. Milli Şurada kollektiv üzvlük nəzərdə tutulmayıb. Milli Şurada ayrı-ayrı partiyaları, təşkilatları təmsil edən adamlar fərdi şəkildə təşkilata üzv olacaqlar. Ona görə Milli Şurada təsisçi təşkilat ola bilməz. Bu, Milli Şuranın ideyasına, statusuna ziddir. Milli Şuraya daxil olan bütün üzvlərin təşkilatın təsisçisi olacağı nəzərdə tutulub. Təşkilata üzv olanlar ümumi bir sənəd imzalayacaqlar. Yəni burada faktiki olaraq Milli Şuraya daxil olan bütün üzvlər təsisçi statusunu daşıyacaqlar. Ona görə deyəndə ki, Milli Şuranın təsisçisi kimi AXCP, Müsavat və “EL” Hərəkatının çıxış etdiyini söyləmək düzgün deyil. Bu təşkilatlar öz üzərlərinə Milli Şuranın reallaşması ilə bağlı ağır və məsuliyyətli işi götürüblər. Amma danışıqlar geniş spektrdə gedir. Milli Şuranın iş prinsipi, fəaliyyət planı bu danışıqlarda əksini tapır. Azərbaycan üçün taleyüklü bir dövrdür. Seçkilərə az qalıb. Belə bir zamanda xırda məsələləri şişirtməklə, inciklik nümayiş etdirməklə ümumi işə zərər vururlar. Eyni zamanda bunu edənlər özləri də heç nə qazanmırlar. Hesab edirəm ki, Milli Şura ilə bağlı böyük gözləntilər var. Ona görə kimsə, nəyisə özünə sıxışdırmayacaqsa, gəlməyəcəksə, buna görə yalnız həmin siyasi qüvvələr uduza bilər. Halbuki biz bütün müxalif spektrin təşkilatda təmsil olunmasına çalışırıq. Milli Şura qatarı hərəkətə gəlməlidir, cəmiyyət bunu gözləyir.

“Bir çox siyasi liderlər şəxsi ambisiyalarını üstün tuturlar”

– Bu arada AXCP sədri Əli Kərimli siyasi liderlərə müraciət edərək milli maraqları şəxsi ambisiyalara qurban verməməyə çağırdı. Sizcə, bu çağrışdan siyasi liderlər hansı nəticələri çıxarmalıdırlar?
– Bu çağrışı çox müsbət dəyərləndirirəm. Azərbaycanın siyasi səhnəsində çox vaxt problemlərin çözülməsini ləngidən siyasi ambisiyalar olur. Bu təkcə Azərbaycanın yox, postsovet məkanının problemidir. Azərbaycanda da bir çox siyasi liderlər şəxsi ambisiyalarını üstün tuturlar. Ilk növbədə öz uduşunun nədən ibarət olacağını düşünürlər. Milətin maraqları ikinci planda qalır. Azərbaycanda şəxsi ambisiyaların bir nüansı da var ki, iddialar adekvat deyil. Azərbaycanın xırda, on ildir fəaliyyət göstərməyən partiyaları belə adekvat dəyərləndirmə etmirlər. Hamı özünü Napoleon, Taleyran, De Qol sayır və düşünür ki, onun partiyası və özü ən önəmli fiqurlardır. Bu cür yanaşmalar böyük ziyan gətirir. Ona görə indiki dövrdə bütün siyasi liderlər şəxsi ambisiyaları ümummilli məsələlərə tabe etdirməlidirlər.

– Hazırda hakimiyyət təmsilçiləri də etiraf edir ki, Azərbaycana ciddi beynəlxalq diqqət var. Milli Şuranın yaradılması bu diqqəti daha da artıra və beynəlxalq qüvvələrin birmənalı dəstəyinə səbəb ola bilərmi?
– Sözsüz ki, Milli Şuranın yaradılması Azərbaycana beynəlxalq diqqəti artıracaq. Ona görə ki, biz əvvəlki seçkilərdə də görürdük ki, beynəlxalq təşkilatlardan demokratik qüvvələrə ən böyük iradlar pərakəndə şəkildə seçkilərə getmələri olub. Demokratik qüvvələr cəmiyyəti və xalqı hərəkətə gətirən qurum kimi çıxış edə bilsə, dəstək olacaq. Hazırda bütün demokratik qüvvələrin daha geniş və nüfuzlu qurumda birləşməsi istər-istəməz Azərbaycana diqqəti artıracaq. Bu faktor həm seçkilərə diqqəti artıra, həm də demokratik qüvvələrə dəstəklə nəticələnə bilər.

Xəyal