Şeyx Əbdül meri onu aldatmaqda suçladı
Tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında yaranan mənzil çəkişməsi hələ də davam edir. Bir neçə gün öncə sənətkar açıqlamasında H.Abutalıbovun ona zəng etdiyini və Gül bayramından sonra şəxsən görüşəcəklərini, yaranan qalmaqala son qoyacaqlarını vəd etmişdi. Ancaq Ə.Mahmudbəyov yenə aldanılıb.
Şeyx Əbdül Hacıbala Abutalıbovun bu dəfə də onu aldatdığını deyib: “O məni aldatdı. Söz verdi ki, özü mənə zəng edəcək və görüşəcəyik. Mənə müavini Zülfəli müəllim zəng etdi. Dedi, ”gəl görüşək”. Mat-məttəl qaldım. Dedim ki, görüş deyirsən, görüşək. Bu görüşün nə mənası var, onsuz da razılaşa bilmirik. Dedim ki, mən köçmürəm, vəssalam. Hacıbala zəhmət çəksin, evimi necə dağıdıbsa, elə də bərpa etsin. Mən daha bunlardan yorulmuşam. Bir ölkənin ki, meri sənətkarı əla sala, daha nə gözləyəsən?”.
Bir müddət öncə Şeyx Əbdül Hacıbala Abutalıbova minnətdarlığını bildirmişdi. Qeyd etmişdi ki, problemlə əlaqədar merlə görüşüb, Hacıbala Abutalıbov da ona söz vermişdi ki, tezliklə məsələ yoluna qoyulacaq. Buna görə də Şeyx Əbdül ondan üzr istəmişdi və bildirmişdi ki, ölkədə işləyən iki adam varsa, biri də Bakı meridir. Ancaq ortada real bir şey olmadığından Şeyx Əbdül sözünü geri götürərək Hacıbala Abutalıbovu yenidən tənqid atəşinə tutub.
Ramin DEKO