Rusiyanın Bakıya neft qadağası nəylə bağlıdır?

İlham Şaban: «Rusiya SSRI dövründən qalan ənənəyə uyğun olaraq addım atarkən iqtisadi mənafeyini deyil, məsələnin siyasi tərəfini düşünür»

Məlum olduğu kimi, Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə daşınmasına dair razılaşmanın ləğv edilməsi barədə sərəncam verib. Sərəncama əsasən, Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış müqavilənin fəaliyyəti dayandırılır. Rusiya tərəfi bu addımı iqtisadi səbəblərlə izah etsə də, iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir dövrdə siyasi səbəblərin ortada olduğu şübhəsizdir.
Baxmayaraq ki, ARDNŞ-nin yaydığı məlumatda Rusiyanın bu addımının sırf iqtisadi xarakterli olduğu göstərilir. Lent.az-ın məlumatına görə, ARDNŞ-in açıqlamasında deyilir ki, 1996-cı ildə qüvvəyə minmiş həmin sazişdə tərəflərdən hər hansı birinin sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməyəcəyi təqdirdə sənədin avtomatik olaraq daha bir il müddətinə uzadıldığı qeyd olunur. Bu müddəaya əsasən, Rusiya tərəfinin çıxardığı qərar sazişin şərtlərinə tam uyğundur.
ARDNŞ bu məsələnin gözlənilməz olmadığını da bildirib.
Lakin ekspertlər fərqli fikirdədir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri Ilham Şaban Rusiyanın atdığı addımın iqtisadi əsasının olmadığını deyir.
Ekspertin sözlərinə görə, 2011-ci ilin avqustunda Azərbaycanla Rusiya arasında danışıqlarda Azərbaycan tərəfi Rusiyaya 2 şərt irəli sürmüşdü. Bunun birincisi Bakı-Novorossiysk kəmərinin rentabelliyinin artırılması üçün 1996-cı ilin yanvarında imzalanan sazişə dəyişiklik edilməsi və Azərbaycan ərazisində həmin kəmərə üçüncü tərəfin neftinin vurulmasına icazə verilməsi xahişi idi. Bununla Azərbaycan neft tranzitinin həcmini 2 dəfə artırmağı təmin etməyi boyun olurdu. Rusiya tərəfindən bu məsələ indiyə qədər açıq qaldı. Ikinci təklif isə Azərbaycanın özünün neft həcmləri vasitəsilə Novorossiysk kəmərində həcmlərinin artırılması idi: “Bunun üçün Azərbaycan Rusiya ərazisində neft keyfiyyət bankının tətbiq edilməsi məsələsini qoyurdu. Çünki keyfiyyəti yüksək olan Azərbaycan nefti Sibir nefti ilə qarışaraq keyfiyyətini itirir. Buna görə Azərbaycan milyonlarla dollar gəlirdən məhrum olurdu”.
Qeyd edək ki, dünya bazarında “Azərlayt” markalı neftinin bir barreli Rusiyanın “Urals” markalı neftində 2-3 dollar baha satılır.  
Ekspert BTC işə düşəndən sonra Bakı-Novorossiysk kəmərinin öz iqtisadi əhəmiyyətini itirdiyini deyir.
Bu baxımdan razılaşmanın ləğvindən Azərbaycan tərəfi zərər çəkməyəcək. Medvedevin imzaladığı sərəncamda da belə bir bənd var ki, 2014-cü ildə təsərrüfat subyektləri arasında kommersiya danışıqlarının nəticəsi olaraq Bakı-Novorossiyskdən neft nəql edilə bilər. Əgər Rusiya 30 dollardan yuxarı tranzit haqqı qoyacaqsa, həmin qiymətə Gürcüstan limanlarına dəmir yolu ilə neft daşımaq mümkündür. Bundan həm ARDNŞ, həm də öz neftini bazara baha qiymətə çıxaran şirkətlər qazanır. Digər tərəfdən, ARDNŞ-ə bu həcmdə neftin ixracı lazım deyil. Çünki təxminən 800-900 min ton neft emal müəssisəsinə göndərilir və neft məhsulu şəklində bazara çıxarar. Bundan da azı 40 faiz əlavə gəlir götürər. Bu baxımdan razılaşmanın ləğvindən zərər çəkən tərəf yalnız Rusiya olacaq. Sadəcə olaraq Rusiya SSRI dövründən qalan ənənəyə uyğun olaraq addım atarkən iqtisadi mənafeyini deyil, məsələnin siyasi tərəfini düşünür.

Fizzə