Aznews.az maraqlı xəbər yayıb. Sabunçu rayonunda qarğalar insanlara hücum edib. Rayonun Bakıxanov qəsəbəsi Mehdi Ələkbərov küçəsi 34 ünvanında yaşayan sakinlərin verdiyi məlumata görə, bu hücum nəticəsində beş nəfər başından yaralanıb. Sakinlərin sözlərinə görə, qarğaların qəzəbinə səbəb onlardan birinin öldürülməsidir.
Bu xəbəri bir neçə yöndən şərh eləmək olar.
1) Demək, o günə qaldıq ki, axırda qarğalar da bizə hücuma keçdi. Necə deyərlər, fələk bizi vurubdu, nə eybi var, sən də vur. Yəni onsuz da bu hakimiyyət quzğun kimi içalatımızı çıxarırdı, indi allahın bu heyvanı da qanadlarını gərib, üstümüzə gəldi. Nəticə də önəmsiz deyil. Beş yaralı var.
2) Ümumiyyətlə, qarğaların leş yeyən heyvan olduğunu hər kəs bilir. Onlar ancaq ölmüş, yaralanmış, qanı axan varlıqlara hücum çəkir, özlərini və balalarını qidalandırırlar. Adətən, qarğaların hansısa bir yerə çox toplaşmasından anlamaq olur ki, o zonada nəsə bir leş var, yarımcan canlı var və ya da həmin ərazidən qan iyi gəlir, qarğalar bunu hiss eləyir və hazır vəziyyətdə gözləyirlər. Dəqiq yadımdadı, 20 Yanvar qırğınından bir gün qabaq Bakının səmasını qarğalar almışdı. Göyün üzü qaraya bürünmüşdü qarğaların çoxluğundan. Yaddaşınızı qurdalasanız, siz də xatırlarsınız. Və sabahı günü Bakını qana boğdular. Indi yenə Bakıdan qan iyi gəlir, gəlmir, bunu ancaq hissiyyatca insandan çox güclü olan heyvanlar bilər. Ancaq bu qarğa hücumunun gerçəkləşməsi belə fikir oyandırır ki, onlar bizi bizdən daha yaxşı görürlər. Məsələn, bizim yaralı olduğumuzu, yarımcan olduğumuzu, qanımızın axdığını belə görürlər. Və onlar bizə artıq potensial qida kimi baxır, bizi bu hala salanlara dua eləyirlər. Bir sinif heyvanın o biriləri üçün qida tədarük etdiyini az görməmişik. Məsələn, canavarlar ceyran, keçi, eşşək sürüsünü yat eləyir, sonra tülkülər, çaqqallar da oğrun-oğrun öz paylarını alırlar. Indi dərd ondadı ki, biz nə gündə olduğumuzu bilmirik, ama qarğalar bilirlər. Dilləri yoxdu deməyə, ancaq hücum çəkməklə bizə nələrisə anlatmağa çalışırlar. Görək anlayan olacaqmı.
3) Üçüncü yanaşmanın canı isə xəbərin son cümləsindədi. Yəni hücumun motivində. Qarğaların qəzəbinə səbəb onlardan birinin öldürülməsidir…
Burda Kərəmi ağlamaq tutur. Demək, hətta qarğalar da özlərinə qarşı vəhşiliyi, ümumiyyətlə, qəsdi qəbul eləmək istəmir, ayağa qalxırlar. Daha doğrusu, caynaqlarını və dimdiklərini işə salıb öz etirazlarını bildirirlər. Bəs biz?
Bizə edilən zülm qarğalara edilsəydi, onda onlar neynərdilər? Bu qədər əsgərimiz qeyri-döyüş şəraitində həlak olur. Iki gündən bir valideynlərin üstünə tabutlar gəlir.
Hər addımda vətəndaşlar təhqir edilir, mənən öldürülür, alçaldılır, malı-mülkü, ölkəsi talan edilir. Zülm ərşə dayanıb. Yalan ayaq açıb yeriyir. Ancaq bütövlükdə baxanda, ətini belə yeməyə iyrəndiyimiz qarğa qədər də olmadığımız üzə çıxır.
Ziyafət Əsgərov isə “Mən şəxsən hesab edirəm ki, Azərbaycan mühiti buna hazır deyil. Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir, bizim üçün əhəmiyyət kəsb edir”,- deyir. Söhbət diffamasiya haqqında qanunun qəbulundan və ya internet resurslarında təhqirə görə cəzalanmadan gedir. Mən dərhal anladım ki, namus deyərkən, Ziyafət müəllim bədənin hansı coğrafi ərazisindən danışır. Yadıma ssenarisi Rüstəm Ibrahimbəyova aid olan “Səhranın bəyaz günəşi” filmindən bir epizod düşür. Suxovu görərkən qadınlar bir anda tumanlarının ətəklərini başlarına çəkirlər. Namus əldən getməsin deyə.
Nə isə, görünür, biz namusun yerləşdiyi yeri hələ də tapa bilməmişik. Qarğalar isə başımızdan başlayır…

Qarğalar və Azərbaycanda namus məsələsi
•
•