İctimai Palata Kojeni fırıldağında hakimiyyətin iştirakını müzakirəyə çıxardı
İctimai Palata dünən Müsavat partiyasının qərargahında “Kojeninin fırıldaqlarında Azərbaycan hakimiyyətinin rolu” mövzusunda dinləmə keçirdi. Tədbiri giriş sözü ilə açan Ictimai Palatanın Koordinasiya Şurasının dönəm sədri, AXCP lideri Əli Kərimli bildirdi ki, Çex biznesmeni Kojeninin fırıldaqlarında Azərbaycan hakimiyyətinin fəaliyyətini müzakirə etmək üçün bu dinləmələr təşkil olunub.
“Öz fırıldaqlarının bədəlini xalqın sərvətləri hesabına ödəmək istəyirlər”

Dünyaca məşhur biznesmen Kojeninin bir xeyli iş adamını, dövlət xadimini aldada bildiyini, öz “məharətilə” ad çıxardığını deyən Əli Kərimli bildirdi ki, belə bir işbaz Azərbaycanda korrupsioner, ölkənin sərvətlərini talayan bir rejimin mövcudluğundan, bu ölkədə özəlləşdirmə prosesinin böyük rüşvət hesabına həyata keçirildiyindən xəbərsiz ola bilməzdi. Ölkədəki bu durumu nəzərə alaraq, Kojenin Azərbaycanda özəlləşdirmə prosesində iştirak etmək qərarına gəlib.

AXCP sədri xatırlatdı ki, Kojenin işi üzrə, o cümlədən onun Azərbaycandakı fəaliyyətilə bağlı ABŞ-da məhkəmə prosesləri keçirilib, müxtəlif insanlar həbs olunub. Amma nədənsə, Azərbaycan hakimiyyətinin rolu ilə bağlı məsələdən yan keçilib. Əli Kərimlinin sözlərinə görə, Ictimai Palatanın bu mövzuda dinləmə təşkil etməsinin əsas səbəbi bugünlərdə dünya mediasında məsələyə yenidən toxunulması oldu. Dünyanın bir sıra nüfuzlu media orqanları bugünlərdə belə bir məlumat yaydı ki, Azərbaycanın dövlət başçısı Ilham Əliyev amerikalı qubernatorla görüşdə Kojenin ilə sövdələşmə nəticəsində dəymiş ziyanı – 150 min dolları Azərbaycanın dövlət büdcəsi hesabına ödəməyə razılıq verib. Məqalədə bildirilirdi ki, Kojenin ilə Azərbaycan rəhbərliyinin sövdələşməsi nəticəsində Çex biznesmenin şərikinə dəymiş ziyanın əvəzi kimi 300 milyon tələb olunurdu. Azərbaycan hakimiyyəti isə 150 milyon ödəməyə razılıq verib. Dövlət başçısı ABŞ nümayəndəsilə görüşdə deyib ki, dövlətin əmlakını sataraq vəsaiti ödəyəcəklər.

“Yəni, öz fırıldaqlarının bədəlini xalqın sərvətləri hesabına ödəmək istəyirlər”, – deyə Əli Kərimli vurğuladı.
Azərbaycanda rüşvətxor, korrupsioner komandanın hazırda hakimiyyətdə olduğunun kimsə üçün sirr olmadığını deyən AXCP sədri qeyd etdi ki, dünya mətbuatı da davamlı şəkildə bu barədə yazır.
“Nyu-York məhkəməsində davam edən proses də sübut edir ki, bu neqativ halların iştirakçıları sırasında Azərbaycanda dövlət rəhbərliyində təmsil olunan şəxslər var. Bu məhkəmədə sübut olunub ki, Kojenin Azərbaycan hakimiyyətinin rəhbər şəxslərinə Dövlət Neft Şirkətini özəlləşdirmək üçün milyonlarla dollar rüşvət verib.
Biz bu məsələnin ört-basdır edilməsinə imkan verməməliyik, Azərbaycan hakimiyyətindən bunun hesabını tələb etməliyik”, – deyə Əli Kərimli əlavə etdi.
Azərbaycan hakimiyyəti bu cinayəti etiraf edib

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər xatırlatdı ki, bu mövzu ilə bağlı ilk məlumatlar hələ 2003-cü ildən yayılmağa başlamışdı. Demokratik düşərgənin daim bu məsələni gündəmdə saxlamağa çalışdığını və hakimiyyətdən bunun hesabatını tələb etdiyini deyən Müsavat başqanının sözlərinə görə, proseslər göstərdi ki, bu məsələdə ABŞ-ın müxtəlif nüfuzlu insanlarının maliyyəsindən istifadə olunub. Kojeninn o insanları inandıra bilmişdi ki, Azərbaycanda Dövlət Neft Şirkətinin özəlləşdirilməsi zamanı onlar böyük pay sahibi olacaqlar.

Isa Qəmbər onu da qeyd etdi ki, Azərbaycan hakimiyyəti uzun müddət bu haqda dünya mediasında yazılanları təkzib edib, onları şər-böhtan adlandırıb. Amma bugünlərdə mövzu ilə bağlı nüfuzlu media orqanlarında dərc olunan məqalə göstərdi ki, Azərbaycan hakimiyyəti bu cinayəti etiraf edir: “Zərərçəkənlərin pulunu qaytarmağa söz vermək bu cinayətin etirafıdır. Deməli, bunlar Azərbaycanın sərvətləri hesabına milyonlarla rüşvət alır, sonra işləri çətinə düşəndə dövlətin vəsaiti hesabına ödəyirlər. Biz bu cür hallara qarşı həmişə mübarizə aparmışıq və aparacağıq”.
Isa Qəmbər çıxışında ölkədəki vəziyyət, o cümlədən repressiyalara da toxundu: “Bu il müxalifət üçün yox, hakimiyyət üçün son şansdır. Ona görə də hakimiyyət repressiya siyasəti həyata keçirir, insanlarda qorxu yaratmağa çalışır. Əminəm ki, hakimiyyətin son şansı reallaşmayacaq”.
“İlham Əliyev atasına görə bu pulu ödəməyi boynuna götürüb”

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış hüquqşünas Vidadi Mirkamal bildirdi ki, hüquqda “hüquq varisliyi” anlayışı var. Yəni, insan həyatda olduğu dövrdə bütün varidatını hüququ çatan şəxsə ötürə bilər: “2003-cü ildə Heydər Əliyev irsi qaydada hakimiyyəti oğluna ötürdü. Bir var, sinqulyar hüquq varisliyi, bir də var universal hüquq varisliyi. Kojenin qalmaqalı və digər məsələlərdən görünür ki, Ilham Əliyev universal hüquq varisidir. Əgər atanın əməlinə görə oğul 150 milyon ödəməyi qəbul edirsə, deməli, bu cinayəti etiraf edir. Başqa sözlə, Ilham Əliyev deyir ki, universal hüquq varisi olduğuma görə bu pulu qaytarmalıyam”.
Vidadi Mirkamal qeyd etdi ki, bu pul Heydər Əliyevin sağlığında yığdığı var-dövlətdən ödənilməlidir, Ilham Əliyev isə borcu dövlətin hesabına ödəmək istəyir: “Bu, hazır cinayət işidir. Ancaq təəssüf ki, bu hakimiyyətin dövründə bu işə baxacaq azad məhkəmə sistemi yoxdur”.
Kojenin həm Heydər Əliyev, həm də oğlu ilə dəfələrlə görüşüb

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev deyir ki, Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi mülkiyyətin yenidən bölgüsü deyildi, mülkiyyətin mənimsənilməsi idi. Kojenin kimi peşəkar fırıldaqçı da bu şansdan istifadə etmək istəyib: “Kojeni ifadələrində deyirdi ki, Azərbaycana gələrək, Heydər Əliyevlə həm iş yerində, həm də başqa məkanlarda görüşüb. Həmçinin oğlu Ilham Əliyevlə də həm iş yerində, həm də başqa şəraitdə görüşüb. Və bəlli olub ki, Azərbaycan hakimiyyəti neft sənayesini özəlləşdirmək istəyir. Sonra Kojeni həvəslə ABŞ-a gedib və investorlarla danışıqlara başlayıb, onları Azərbaycandakı özəlləşmədən böyük gəlirlər götürəcəklərinə inandırıb. Bu işə təxminən 400 milyon vəsait yatırılıb”.
Rahim Hacıyev xatırlatdı ki, 2000-ci ildə Heydər Əliyev, 2003-cü ildə isə Ilham Əliyev ABŞ-da olarkən nüfuzlu nəşrlər Kojenin qalmaqalını işıqlandırıblar. Hacıyev eyni zamanda, yerli ictimaiyyətin bu cür böyük miqyaslı qalmaqallara yetərincə kəskin etiraz bildirməməsindən təəssüfünü ifadə etdi.
İlham Əliyev gəlirləri haqda məlumat verməlidir!

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli Kojenin qalmaqalı ilə bağlı yazdığı “Böyük oğlan və balaca oğlan” məqaləsinə görə məruz qaldığı təzyiqlərdən danışdı: “O zaman Kojenin danışıqlarda ad çəkmirdi. Ilham Əliyevi ”balaca oğlan”, Heydər Əliyevi “böyük oğlan” adlandırırdı”.
Bu özəlləşdirmə prosesindən başlayaraq Azərbaycanda korrupsiyanın miqyasının artdığını deyən Ibrahim Ibrahimli onu da qeyd etdi ki, amma bu ölkədə hakimiyyət səviyyəsində olan cinayətlər heç vaxt öz cəzasını almır: “2005-ci ildə Ilham Əliyev vəzifəli şəxslərin gəlirlərilə bağlı sərəncam imzalayıb. Biz bu seçki ilində o sərəncamdan çıxış edərək, Ilham Əliyev və digər məmurların öz gəlirləri haqda məlumat verməsini tələb etməliyik”.
“Bu, dövlətin nüfuzuna da zərbədir”

Ictimai Palatanın Koordinasiya Şurasının Pənah Hüseyn bildirdi ki, Kojeninin Azərbaycan rəhbərliyinə rüşvət verməsi haqda mövzu illərdir dünya mətbuatında müzakirə olunur. Amma bu qalmaqala görə Azərbaycan hakimiyyətinin 150 milyon dolları ödəməsinə razılıq verməsi haqda bugünlərdə yayılan məlumat yenidir: “Bu 150 milyon dolların nə üçün ödəniləcəyi barədə hakimiyyətdən cavab almaq lazımdır. Bu məqsədlə rəsmi sorğu göndərmək olar. Hüquqşünaslar informasiya almaq hüququndan istifadə edə bilərlər. Bu 150 milyon məsələsinə aydınlıq gətirilməlidir. Artıq çoxdan qüvvəsini itirmiş özəlləşmə çeklərinə görə Azərbaycan 150 milyon ödəyirsə, deməli, bu işin arxasında nə isə var. Belə çıxır ki, Azərbaycan hakimiyyətinin keçmiş və indiki rəhbərliyinin şantaj olunması üçün əsas var. Burada dövlətin reputasiyasına da ziyan dəyir”.
Yüzlərlə iş adamı bu hakimiyyətin qurbanı olub

Bu cür mövzuları diqqətdə saxlamağın vacibliyindən danışan hüquqşünas Namizəd Səfərov Azərbaycan hakimiyyətinin ictimaiyyətə hələ də məlum olmayan yüzlərlə bu cür işlərdəəli olduğuna əminliyini ifadə etdi: “Onlarla iş adamları var ki, Azərbaycanda dələduzluğun qurbanı olublar. Elə deputat mandatı məsələsi… Mən əminəm ki, 125 deputatın böyük əksəriyyətinin mandat almasında rüşvət amili rol oynayıb. Ona da əminəm ki, yüzlərlə insanın da Elşad Abdullayev kimi pulu batıb – alıblar ki, deputat olacaqsan, sonra pulunu alıb özünü aldadıblar. Biz gələcəkdə bu hakimiyyətin cinayətlərini ortaya çıxarmaq məqsədilə dünyanın müxtəlif yerlərindən olan iş adamlarını, dövlət xadimlərini dindirmək üçün Azərbaycana çağırmağa məcbur olacağıq”.
Hakimiyyətdəkilərin cinayət əməllərini araşdıran xüsusi qrup yaradılsın!

Dünyəvi Bozqurd Partiyasının sədri Şakir Ulubəy bildirdi ki, Kojenin qalmaqalı bu hakimiyyətin çoxsaylı cinayətlərindən biridir. Bu cinayətləri isə yalnız yeni hakimiyyətin dövründə tam üzə çıxarmaq mümkün olacaq.

Son çıxışçı Ictimai Palatanın üzvü Yeganə Hacıyeva oldu. O bildirdi ki, Kojenin qalmaqalı Azərbaycan hakimiyyətinin korrupsiya əməllərinin sistemli ifşasının tərkib hissəsidir. Intellektual mübarizəyə keçməyin vacibliyini vurğulayan Yeganə Hacıyeva təklif etdi ki, xüsusi bir qrup yaransın və həmin qrup hakimiyyətdəki şəxslərin korrupsiya əməllərinə dair faktların toplanmasıyla məşğul olsun: “Eyni zamanda, ”Maqnitski qanunu”nu Azərbaycana tətbiq etməyin yollarını tapmalıyıq. Düşünürəm ki, bu qanunun Azərbaycan məmurlarına tətbiqi üçün kifayət qədər şanslar var”.
İlham Hüseyn



