Hindistandan görünən Azərbaycan açılımı

II 
Bizdə kütlədən olanlar bir yana, bir sıra siyasi tanınmışlar da əliyevçi işğal rejiminin güclü, yıxılmaz olduğuna çox inanır. Ölkədə qurulmuş hərbi-polis rejimi, ölkə boyu izləmələr, tutqular bir çoxlarında bu rejimin yıxılmazlığı düşüncəsini biçimləyir. C.Nehrunun “Hindistan açılımı”nı oxuyanlar görə bilərlər: əliyevçi işğal rejimi ingilislərin Hindistanda qurduqları, demək olar, 200 illik işğal rejiminin tör-töküntüsü yerindədir. Hindistandakı işğal rejimi ilə Azərbaycandakı işğal rejimi, onların yürütdükləri işğal siyasətləri arasında oxşarlıqlar çoxdur, ancaq işğal obyektləri oxşar deyil – bu baxımdan bizim böyük üstünlüklərimiz var. Bunlara ötəri də olsa ayrı-ayrılıqda baxmaq gərəyi yaranır.
Nehru ingilis işğal rejimi ilə bağlı yazır: “Polis (başlıcası da ayrıca yaraqlanmış polis) eləcə də gizli polis üstün gücə çevrilməklə, dövlətin başlıca orqanı olaraq qınaqdan, protestdən qorxmadan hər cür qanunsuzluğa gedirdi. Korrupsiya ən yüksək ölçülərə yüksəlmişdi. Çoxsaylı məktəb, kollec öyrəncilərini cürbəcür yollarla cəzalandırır, minlərlə gənci döyürdülər. Ingilis hökumətinə qulluq, yarınma yolu tutmayan bütün ellik çalışma qurumları (hökumətdən ayrı qurumlar. – X.B.) yasaqlanırdı”. Bax, belə bir durumda Hindistanda 1942-ci ildə ingilis işğal rejiminə qarşı bütün ölkə boyu böyük qalxınma baş vermişdi. O çağadək tək-tək çarpışma liderlərini, yüzlərlə aktivi tutub dustaq edən Hindistandakı ingilis hökuməti onda, demək olar, bütün liderləri, eləcə də minlərlə çarpışma aktivini tutub türməyə doldurmuş, beləliklə, qalxım yatırılmışdı.
Nehrunun yazdığına görə, yalnız ingilis gücünün üstünlüyündən, hərbi situasiyanın başlarda yaratdığı qarışıqlıq üzündən deyil, eləcə də Hindistanın özgürlük istəyinə hamılıqla yüklənməməyi üzündən 170 illik ingilis ağalığı dönəmindəki ən böyük qalxım uğursuzluqla sonuclanmışdı. Qalxım ingilis işğal recimini devirib, milli hökumət qurmaq istəyi ilə baş vermişdi. Qalxımın vəhşicəsinə yatırılmasında başlıca rol oynamış Ingiltərə baş baxanı Çörçil demişdi: “Mən Britaniya imperiyasının sonunu gətirmək üçün kralın birinci baxanı olmamışam”. O çağadək imperializmin teoriyasını, praktikasını pisləyən ingilislər də hökumətlə birgəlik göstərərək Hindistandakı antiişğal qalxınmalarına qarşı çıxmışdılar – milli maraqların birgə qorunması üçün!
Ingilislər Hindistanda hindlilərdən “milli” ordu, “milli” polis də yaratmışdılar. Ancaq bu ordu da, bu polis də hind xalqının özünə qarşı çevrilmişdi. Ingilislər hər iki gücdən ölkəiçi qalxımları yatırmaq, basıb əzmək üçün yararlanırdılar. Hindistan “milli” ordusuna ingilislər başqa bir funksiya da ayırmışdılar: bu ordu özünün əzici gücü ilə dünyanın bir çox yerlərində ingilis ağalığına toxunulmazlıq, qarantiya yaradırdı. (Bu gün Azərbaycan “milli” ordusu anqlosaksların “antiterror” koalisiyasında yer tutduğu kimi). Qalxım yatırılandan az sonra, 1943-cü ildə, Hindistanı aclıq bürümüş, milyonlarla adam aclıqdan qırılmışdı. Bütün bunlarsa işğal rejiminin yarıtmaz siyasətləri üzündən baş vermişdi. Bununla bağlı Nehru yazır: “Ilginc görsənişdir, yarıtmaz siyasətlərinə qarşı çıxanları basıb əzən hökumət (ingilis işğal hökuməti. – X.B.) xalqa gərəkən bütün işlərdə necə də gücsüz görünür. Ola bilsin, düzgün yanaşma, işin gerçəyi budur: hökumət bütün gücünü yalnız özünü yaşatmağa, ağalığını daha artıq sürdürməyə yönəldir”.
Hindistandakı 1942-43 olaylarından sonra ölkə içində də, ölkə dışında da bir çoxları, lap elə 20-ci yüzilliyin ən böyük, ən yenilməz siyasət, dövlət adamlarından olan Çörçil özü də Hindistanın yaxın gələcək də, ola bilsin, yaxın 20-30 ildə, özünə gələ biləcəyini, qalxınmada bulunacağını düşünmürdülər. Ancaq Hindistan vur-tut dörd il sonra, 1947-ci ildə, ardıcıl, dirənişli çarpışma sonucu olaraq bağımsızlığa qovuşdu…