Nazim Qazıyev mənə böhtan atır
Qəzetimizin ötən saylarından birində Balakən rayon təhsil şöbəsinin müdiri Dibirov Mahir Tacəddin oğlu barədə Hazim Qazıyevin şikayət məktubu dərc olunmuşdu. Redaksiyamıza məktub yollayan təhsil şöbəsinin müdiri yazılanların həqiqət olmadığını bildirir:
“2011-ci ilin fevral ayından Balakən rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıram. Vəzifəyə təyin olunandan bir müddət sonra – avqust ayında Maliyyə Hazirliyindən yoxlama təftiş komissiyası gəldi. Həmin komissiya yoxlamaya birbaşa məktəbdən kənar müəssisələrdən başladı. Rayonda beş (5) məktəbdən kənar müəssisə fəaliyyət göstərir.
1.Ekoloji təlim tərbiyə mərkəzi.
2.Uşaq yaradıcılıq mərkəzi.
3.Uşaq texniki yaradıcılıq mərkəzi.
4.Şahmat məktəbi.
5.İdman məktəbi fəaliyyət göstərirdi və hər birində kifayət qədər dərnəklər və qruplar var idi. Həmin şəxsləri mən işə götürməmişəm, məndən qabaq işləyən kadrlar idi. Onların içində qeyri-ixtisaslılar da var idi.
Komissiya yoxlamaya uşaq texniki yaradıcılıq mərkəzindən başladı, oradakı iş qrafikinə, dərnəklərin başlayıb qurtarma vaxtına, eləcə də üzv olan uşaqların siyahısına baxış keçirdilər. Maliyyə məsələlərini araşdırarkən fəaliyyətdə olan 63 dərnəkdən külli miqdarda qanun pozuntusu aşkara çıxarıldı. Yekunda 63 dərnəkdən 43 dərnək ləğv edilərək 20-si saxlanıldı.
Nazim Qazıyev mənim haqqımda dəfələrlə Təhsil nazirliyinə, Prezident Administrasiyasına, dövlət başçısına və rayon icra başçısına şikayət edib. Mənim hərbi xidmətdə olmadığımı bildirib. Axı hərbi xidmətdə olmayanları vəzifəyə təyin etmirlər. Axı bu böhtan, şantaj nəyə və kimə lazımdır?
Nazim Qazıyevin bunula bağlı qaldırdığı bütün məhkəmə iddiaları qanunsuz sayılıb. Hətta Ali Məhkəməyə müraciət etdi və 30 yanvar 2013-cü il tarixində Alı Məhkəmə də Şəki Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayaraq Qazıyevin iddiasını rədd etdi. Həm də onu mən yox, məktəbin direktoru azad edib. Qazıyev deyir ki, işləmədiyim ayların pulu ödənməlidir. Yaxşı, hər üç məhkəmənin əleyhinə qərar çıxardığı adamın maaşı necə ödənilə bilər? Axı bu absurddur. Dəfələrlə bildirmişəm, yenə də deyirəm, Nazim Qazıyevlə görüşməyə, məsələləri müzakirə etməyə hazıram”.
Məktublar şöbəsi


