İlham Əliyevin “kolxoz” quruculuğu davam edir

Beyləqanda sahibkarların torpaqları özbaşına mənimsənilir

Beyləqanda hökumətin (məmurların) pilot təsərrüfat yaratması barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, bu təsərrüfat yerli fermerlərin qanuni torpaqlarının əllərindən alınması hesabına yaradılır.
Narazı təsərrüfat sahiblərinin şikayətinə bir neçə dəfə yer ayırmışıq, onların keçirdiyi aksiyalardan xəbər vermişik.
Onu da bildirmişdik ki, Prezident Administrasiyasına yürüş edən sahibkarları dinləyən dövlət rəsmisi problemlərin qısa zamanda həll ediləcəyinə, torpaqları əlindən alınanlara bazar qiymətinə kompensasiya ödəniləcəyinə söz vermişdi.

Ancaq problem həllini tapmayıb. Redaksiyamıza müraciət edən sahibkarlardan biri – Qarabağ müharibəsinin ilk əlil jurnalisti Xaqani Rzaquliyev qanunsuzluqla üzləşənlərdəndir. Belə ki, “heç bir xəbərdarlıq etmədən onun ərazisində olan 100 kv.m-lik ferma sökülüb, sahədə olan ağaclar qırılıb, ”Sığnaq” firmasına məxsus 50 hektarlıq ərazidə əkin aparılıb. Firmaya məxsus 850 metrlik hava xəttini, transformator yarımstansiyasını, 25 tonluq su qülləsini, artezian quyusunu “Səba-broyler” işbazları zəbt edib. Firma ərazisində təsərrüfat fəaliyyəti polis gücüylə iflic edilib”.

X.Rzaquliyevin sözlərinə görə, təkcə 2012-ci ildə bu sahədə 100 baş qoyun bəslənib, 30 ton taxıl, 100 ton pambıq istehsal olunub. “Beyləqanın icra başçısı Vaqif Abdullayev, torpaq şöbəsinin müdiri Rafayıl Pəsiyev, başçının müavini Telman Məstanov, ”Səba-broyler”in yerli təmsilçisi Rəcəb Orucovdan Respublika Prokurorluğuna şikayət etmişik. Bunlar o qədər harınlayıb ki, qanuni haqqını tələb edən sahibkarlara hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Verilən kompensasiya ilə razılaşmayan Maşallah Ibrahimov da təzyiqlə üzləşənlərdəndir”- deyə X.Rzaquliyev vurğuladı.

O eyni zamanda bildirdi ki, öz hüquqlarını sona qədər müdafiə edəcək. Problem yerli səviyyələrdə həllini tapmasa, Avropa Məhkəməsinə belə şikayət olunacaq: “Qanunla bizə verilən torpağı kimsəyə güzəştə getmək fikrimiz yoxdur. Təsərrüfat yaradanda da haqq-ədaləti gözləmək, halallıqla iş qurmaq gərəkdir”.

 

 

Informasiya şöbəsi