ABŞ-la Rusiya arasında casus qalmaqalı

Rusiya amerikalı diplomatı «persona-non qrata» elan etdi

ABŞ Dövlət Departamenti ümid edir ki, Amerika səfirliyinin əməkdaşının Moskvada saxlanılması Rusiya ilə münasibətlərə xələl gətirməyəcək. Bununla belə, Dövlət Departamenti məsələnin təfərrüatlarını şərh etməkdən boyun qaçırır.
“Mən yalnız onun saxlanıldığını, sonra isə buraxıldığını təsdiq edə bilərəm. Məsələ ilə bağlı məndə başqa bir məlumat yoxdur”. Bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Patrik Ventrel deyib. Hadisənin ikitərəfli münasibətlərə mənfi təsiri ilə bağlı suala Patrik Ventrelin cavabı isə belə olub:”Biz Rusiya ilə geniş məsələlərə dair əməkdaşlıq edirik və bu əməkdaşlığı davam etdirmək niyyətindəyik”. Xəbər verildiyi kimi, Rusiya əks-kəşfiyyatı ötən gecə ABŞ-ın Moskvadakı səfirliyinin 3-cü katibi adı altında fəaliyyət göstərən Amerika casusunu ifşa edib.
APA-nın Rusiya mətbuatında istinadən verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ictimaiyyətlə əlaqələr mərkəzinin açıqlamasında bildirilib ki, mayın 13-dən 14-nə keçən gecə Rusiya xüsusi xidmət orqanlarından birinin nümayəndəsini əməkdaşlığa cəlb etməyə cəhd göstərən ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin əməkdaşı, ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsində 3-cü katib adı altında fəaliyyət göstərən Foql Rayan Kristofer saxlanılıb. Kristoferin üzərində xüsusi texniki vasitələr, əməkdaşlığa cəlb olunan Rusiya vətəndaşı üçün yazılı təlimatlar, iri məbləğdə pul və xarici görünüşü dəyişmək üçün vasitələr aşkarlanıb. Saxlanılan şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin qəbul bölməsinə aparılıb və müvafiq prosedurlar həyata keçirildikdən sonra ABŞ səfirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.
Dünən Rusiya XIN məlumat yayaraq ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı Foql Rayan Kristoferi “persona-non qrata” elan edildiyini, onun tez bir zamanda ölkəni tərk etməyini tələb edib.  
“ABŞ-ın Moskvadakı səfiri M.Makfol insidentlə bağlı Rusiya XIN-nə çağırılıb. Rusiya tərəfi Foqlu ”persona-non qrata” elan edib və onun tez bir zamanda ölkəni tərk etməyini tələb edir”, deyə Rusiya XIN açıqlamasında bildirilir.