muzeffer baxis

“Hüquq” sözü hakimiyyətdə alergiya yaradır…

muzeffer baxis«Normal dövlət olsaydı, gənclərin fotosunu yayanlara qarşı cinayət işi başlanmalı idi»

«Əli Kərimli Azərbaycanın gələcəyi, övladlarımızın normal, hüquqi dövlətdə yaşaması uğrunda mübarizə aparır»

Müzəffər Baxışov: «Elşad Abdullayevin müraciəti ilə bağlı cinayət işinin istintaqı çox qeyri-peşəkar şəkildə aparılır»

Təcridxanada saxlandıqları müddətdə şəkilləri çəkilərək internetə yerləşdirilən fəal gənclərə qarşı qanunsuz addımı atanlar normal dövlətdə cinayət məsuliyyətinə cəlb edilərdilər. Baş verən hadisədə təcridxana rəhbərliyinin məsuliyyəti nədən ibarətdir? Hüquqşünas Müzəffər Baxışovla müsahibəimizə məhz bu məqama aydınlıq gətirməklə başladıq.

– Qanunvericiliklə əslində inzibati cəzanın çəkildiyi müəssisələr qapalı sayılır. Belə olan halda necə olur ki, belə müəssisələrdən görüntülər internetdə yayılır? Bu onu göstərir ki, bu, əvvəlcədən hazırlanmış aksiyadır. Bu aksiya şəkilləri çəkilmiş şəxsləri sındırmaq məqsədi daşıyır. Şəkilləri yayılan şəxslərin mənafelərinə zərər dəyib. Ona görə dövlət xətti ilə müvafiq orqanlar araşdırma aparmalı idilər. Bu hərəkətləri hansı vəzifəli şəxsin həyata keçirdiyi aydınlaşdırılmalı idi. Normal dövlət olsaydı, ən azı bu fakta görə 309.1-ci maddəsi ilə cinayət işi başlanmalı idi. Bu maddə ilə cinayət işi vəzifəli şəxs tərəfindən səlahiyyətlərindən kənara çıxan hərəkətlərin edilməsi nəticəsində dövlətin və ya şəxsin mənafelərinə zərər vurulduqda açılır. Belə əməllərə görə 1000-2000 manat arası cərimə, 2 ilə qədər istintaq işləri və ya müəyyən vəzifə tutmaq, fəaliyyətdən kənarlaşdırmaqla 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Burada həm şəkilləri yayılan şəxslərin, həm də Azərbaycan dövlətinin mənafeyinə böyük zərbə dəyib. Azərbaycanın dövlət başçısı Avstriyada bəyan etdi ki, guya ölkəmiz qanunun aliliyi prinsipinə, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşır. Bu belədirsə, dövlət özü vəzifəli şəxsin qanunsuz hərəkətlərinin araşdırılmasında maraqlı olmalı idi. Çünki dövlətin də mənafeyinə böyük ziyan dəyib. Azərbaycan bütün dünyada biabır olub ki, biz də bu cür hərəkətlərə yol verilir.

– Azərbaycanda dəfələrlə şəxsi həyata müdaxilənin şahidi olmuşuq. Gürcüstanda baş nazirin müavini jurnalistin şəxsi həyatı ilə bağlı videonun yayılmasında əli olduğundan həbs olunub. Azərbaycanda nə üçün bu cür müdaxilərərə görə tədbir görülmür?
– Tamamilə doğrudur, bu cür hallar şəxsi həyata müdaxilədir. Bu, Konstitusiyanın 32-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Insanların razılığı olmadan onlar izlənə, foto şəkilləri çəkilə, səsləri qeydə alına bilməz. Gürcüstanda baş verən hadisə bir daha göstərir ki, Azərbaycanda durum fərqlidir. Azərbaycanı görmək üçün məhkəmələrə getmək, insanların arasında olmaq, onların üzləşdikləri qanunsuzluqları bilmək kifayətdir. Azərbaycan hüquqa söykənən dövlət olmadığından bu cür hallar baş verir. Konstitusiyada yazılıb ki, Azərbaycan hüquqi dövlətdir, amma reallıqda bu belə deyil. Hüquq adı gələndə hakimiyyətdə təmsil olunan şəxslər gözlərini yumur, gözlərini və qulaqlarını bağlayırlar. Hüquq hakimiyyətə allergiya verir. Hakimiyyət hüququ, qanunu, ədaləti qəbul etmir. Gürcüstan həqiqətən də hüquqi dövlət quruculuğuna qədəm qoyub. Gürcüstanda hamının qanun qarşısında bərabərliyi prinsipi tətbiq olunmağa başlayıb. Bunun nəticəsi olaraq da daxili işlər nazirinin müavini qanun pozuntusuna yol verdiyinə görə həbs olundu. Azərbaycanda hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslər barədə mətbuatda kifayət qədər məlumatlar yayılır. Amma heç bir tədbir görülmür. Bu bir daha sübut edir ki, Azərbaycan qanunlarla deyil, qaydalarla idarə olunur. Konkret yüksək vəzifəli şəxs siyasi etimadı itirməyibsə, o, cinayətkar deyil. Nə zaman o siyasi etimadı itirsə, iki dəqiqənin ərzində cinayətkar elan olunacaq.

Vəkillərin dövlətdən heç bir asılılığı olmamalıdır

– Son zamanlar vəkillərə qarşı təqiblər ara vermir. Tanınmış vəkillər Aslan Ismayılov, Intiqam Əliyev, Osman Kazımov Vəkillər Kollegiyası vasitəsilə cəzalandlırılır. Xaricdə necə vəkillərin fəaliyyətini hansısa qurum tənzimləyirmi?
– Vəkillik çox qəliz sənətdir. Azərbaycanda vəkillikdə belə qayda tətbiq olunur. Vəkillər bir-birini tənqid edə bilməz. Əslində bu, qanunsuz qaydadır. Ona görə mən ona əhəmiyyət vermirəm. Vəkillik gözəl peşədir. Bu yaxınlarda da elan olundu ki, dünyanın normal dövlətlərində yaxşı qazanc sahibi olanlar siyahısında birinci yerdə menecerlər, ikinci yerdə vəkillər, üçüncü yerdə həkimlər gəlir. Hətta Pakistan kimi dövlətdə Müşərrəfi istefa verməyə vəkillər vadar etdi. Azərbaycanın da Vəkillər Kollegiyasının 700 üzvü var. Onların hamısı vəkil statusuna uyğun hərəkət etsələr, ölkədə böyük dəyişikliklər həyata keçirmək olar. Xaricdə vəkillər müstəqil fəaliyyət göstərir. Onlar qeyri-dövlət təşkilatları sayılırlar. Vəkillər müstəqil təşkilat kimi fəaliyyət göstərməsələr, dünyada ikinci qazanc əldə edən zümrə olmazlar. Vəkillərin dövlətdən heç bir asılılığı olmamalıdır.

– Elşad Abdullayevin ifadə verməsi üçün Azərbaycana gəlməsinin zəruri olduğu bəyan olunur. Hətta belə təəssürat yaradılır ki, məhz Elşad Abdullayevin ifadə verməməsi üzündən cinayət işinin araşdırması gecikdirilir. Sizcə, hazırkı dövrdə Elşad Abdullayevin Azərbaycana gəlmədən ifadə verməsi mümkün deyilmi? Yeri gəlmişkən, Elşad Abdullayev bandan əvvəl istintaqa ifadələr verib. Hazırda Elşad Abdullayevin Azərbaycana gəlməsinin zərurət kimi təqdim edilməsi nə dərəcədə məntiqlidir?
– Elşad Abdullayevin müraciəti ilə bağlı cinayət işinin istintaqı çox qeyri-peşəkar şəkildə aparılır. Hətta ittiham aktı ilə cinayət işi məhkəməyə göndərilir. Cinayət işi mülkiyyət məsələləri ilə bağlı məhkəməyə təqdim edilir. Amma cinayət işinin obyekti müəyyən edilmir. Kimə ziyan dəydiyi məlum deyil. Cinayyət tərkibi əlamətlərindən birinin olmadığı halda cinayət işinə xitam verilə bilər. Kiməsə dələduzluqla bağlı ittiham verirlər, amma həmin iş üzrə zərərçəkmiş şəxs müəyyən edilmir. Hətta bu dərəcədə abusrd qanun pozuntularına yol verirlər. Elşad Abdullayevin dəvət edilməsiylə bağlı xəbərlər sadəcə olaraq bəhanədir. Ictimaiyyətdə belə fikir yaratmağa çalışırlar ki, biz işləyirik.

Bütün sübutlar ortadadır

– Elşad Abdullayevin işiylə bağlı ortada kifayət qədər faktlar var. Bundan başqa, videogörüntülər də artıq günahkarlarla bağlı müəyyən təəssürat yaradıb. Bütün bu faktlar nəzərə alınarsa, cinayət işinin açılması üçün nə qədər müddət kifayət edərdi?
– Ekspertiza rəyləri alınıb ki, Elşad Abdullayevin yaydığı videolar saxta deyil. Kimin nə deməsindən asılı olmayaraq, qəribədir, Azərbaycanda hər bir işə bəraət verirlər. Kimsə rüşvət alır və bəyan edir ki, balalarımı saxlaya bilmirəm, ona haqq qazandırılır. Və yaxud da pozğunluqla məşğul olanlar da bir çox hallarda bu addımı ehtiyac ucbatından atdığını bəyan edir və bununla bəraət alır. Bu videogörüntülər, ortada olan faktlar cinayət işinin açılması üçün kifayət idi. Qanunvericilikdə bu cinayət işinin aparılması üçün ilkin istintaq müddəti müəyyən edilib. Bu müddət ərzində istintaqı bitirərək məhkəməyə təqdim etmək olardı. Burada vaxtla bağlı problem yoxdur və Elşad Abdullayevin ifadə verib-verməməsindən asılı olmayaraq, bütün ciddi sübutlar ortadadır. Sadəcə olaraq zamınında bu işi məhkəməyə göndərmək üçün maraq lazımdır.

Baş verənlər böyük faciələrə gətirib çıxara bilər

– Hazırda müxalifət daxilində inteqrasiya prosesi getməkdədir. Ölkənin tanınmış ictimaiyyət xadimlərinin, hüquqşünaslarının, siyasi partiya sədrlərinin, jurnalistlərinin təmsil olunduğu Milli Şuranın yaradılması planlaşdırılır. Bu qurum ölkədə köklü dəyişikliklərin edilməsini qarşısına məqsəd kimi qoyub. Cərəyan edən prosesləri necə qiymətləndirirsiniz?
– Mən ölkədə ciddi dəyişikliklər tərəfdarıyam. Çünki görürəm ki, ölkədə proseslər belə davam edə bilməz. Baş verənlər böyük faciələrə gətirib çıxara bilər. Çünki insanlara bilik və bacarıqlarına uyğun deyil, bu və başqa şəxsləri tərifləməsinə görə qiymət verilir. Belə cəmiyyət isə heç zaman inkişaf edə bilməz. Əgər Milli Şuranı yaratmaq istəyən insanlar Azərbaycanda dəyişikliklərə çalışırlarsa, ölkəmizdə hüquqi dövlətin yaradılmasını qarşılarına məqsəd kimi qoyublarsa, onları dəstəkləyirəm. Belə bir vəziyyətdə kimlərsə öz şəxsi maraqlarını gerçəkləşdirməyə çalışacaqsa, o zaman Azərbaycan bundan pis vəziyyətə gəlib çıxacaq. Ədalətə, haqqa xidmət edənləri və bu prosesi aparanları dəstəkləyirəm.

– Bu arada müxalifət daxilində gedən inteqrasiya prosesini nəzərə alaraq AXCP sədri Əli Kərimli müxalifət liderlərinə çağırış edərək bəyan edib ki, milli maraqlar naminə hər kəs öz ambisiyalarından bir addım geri durmağı bacarmalıdır. Bu çağrışı necə dəyərləndirirsiniz?
– Bu çağırışı yüksək dəyərləndirirəm. Əli Kərimlini yaxşı tanıyan bir şəxs kimi əminəm ki, onun bu sözləri səmimiyyətdən irəli gəlir. Həqiqətən düşünürəm ki, Əli Kərimli Azərbaycanda hüquq dövlətinin qurulması uğrunda mübarizə aparan vətəndaşlarımızdan biridir. Ona həmişə bu fəaliyyətində uğurlar arzulamışam. Yenə də düşünürəm ki, Əli Kərimli Azərbaycanın gələcəyi, övladlarımızın normal, hüquqi dövlətdə yaşaması uğrunda mübarizə aparır. Düşünürəm ki, o bu məqsədinə nail olacaq.

Xəyal