«Ürəyinə güc düşməsəydi, uşağım ölməzdi. Qaçırdıblar ki, ürəyi dayanıb»
Azadın qardaşı Rəşad İlyasov: «Məktəbdə dərsə gecikənləri qaçırtmaq adi haldır»
Sumqayıt şəhər 17 saylı məktəbin 11-ci sinif şagirdi Azad Ilyasov müəllimin tənbehindən sonra dünyasını dəyişib. Belə ki, şagird dərsə gecikdiyi üçün müəllim ona cəza kimi məktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.
“Azada çox qaçmaq olmazdı”
1996-cı il təvəllüdlü Azad Ilyasovun müəllimin cəzası ilə öldüyünün yalan olduğunu deyənlər də var. Sumqayıt şəhər təhsil şöbəsi sədrinin müavini Vaqif Ələkbərov şagirdin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
“Şagird elə məktəb həyətindəcə, dərsə girməmiş dünyasını dəyişib. Bu gün Azad Ilyasov evdə də bildirib ki, ürəyində ağrı var və dərman içib. Anası dərsə getməsinə razı olmasa da, o, özünün yaxşı hiss etdiyini söyləyib və dərsə gəlib. Təxminən 15-20 dəqiqə sonra təcili yardım maşını gəlsə də, artıq uşaq vəfat etmişdi”.
Məktəbin direktoru Nargilə Səfərova olayla bağlı deyir ki, Azad Ilyasovun halı qəflətən pisləşib: “Qaçırtmaq məsələsi qətiyyən olmayıb”.
Ancaq mərhumun yaxınları bu deyilənləri qəbul etmir.
Ötən gün yas yerinə gedib olayın təfərrüatlarını öyrəndik. Biz mağarda olanda mərhumun atası prokurorluqda idi. O gələnə qədər Azad Ilyasovun yaxınlarıyla, onu tanıyanlarla söhbət etdik.
“Çox sakit, ürəyi yumşaq adam idi. Musiqi məktəbinə gedirdi. Hadisə olan gün adi qaydada dərsə gedib. Gecikdiyi üçün müəllim o biri şagirdlər kimi həyətdə qaçırdıb. Azada isə çox qaçmaq olmazdı. Xəstəxanada qeydiyyatda idi. Müalicə aldığı üçün irəliləyiş də vardı. Ancaq ona çox qaçmaq olmazdı”,- deyə yaxınları bildirir.
Yas yerinə gələnlərdən öyrəndik ki, Azad Ilyasovun ölümüylə bağlı onu qaçırdan müəllimlə görüşüblər. Müəllim həmin şəxslərə şagirdi gecikdiyinə görə incitmədiyini deyib: “Bizə dedi ki, Azad qaça-qaça dərsə gəlirdi. Soruşub ki, niyə qaçırsan, o da deyib dərsə gecikdiyinə görə. Müəllimə yaxınlaşıb, sonra ürəyi tutub, dünyasını dəyişib. Belə nağıl olar? Məlikməmmədin nağılı bundan inandırıcıdır? Multifilmlər belə bundan inandırıcıdır”.
“Hamı təsdiq edir ki, dərsə gecikənləri qaçırdırlar”

Prokurorluqdan qayıdan mərhumun atası Tariyel Ilyasov olayın araşdırılması barədə məlumat verib: “Prokurorluqda dedilər ki, işi araşdırırlar. Gözləyək görək nə olur. Hadisənin necə baş verdiyini görənlər də olub”.
Tariyel Ilyasovun sözlərinə görə, oğlu həmişəki qaydada dərsə gedib: “Mən işdə idim. Bir də xəbər gəldi ki, Azadın başına iş gəlib. Gəldim gördüm ki, artıq dünyasını dəyişib. Azadın ürəyində qüsuru olub. Buna görə də iki-üç aydan bir müalicə alırdı. Ürəyə güc düşə bilməzdi. Bizə verilən məlumata görə, dərsə gecikib. Müəllim də o biri şagirdlər kimi bunu da cəzalandırıb. Məktəbin həyətində bir dairə vurandan sonra deyib ki, qaça bilmirəm. Ancaq yenə qaçırdıblar. Yəni az müddətə qaça bilər. Məsələn, bizim evdən məktəbə kimi qaça bilərdi. Ancaq məktəbin həyətində çox qaça bilməzdi, ora çox böyükdür”.
Ata deyir ki, Azad Ilyasov xəstəxanada qeydiyyatda olsa da, müalicə alsa da, bunlar qısamüddətli olub: “Qüsur var idi. Ancaq tez-tez ürəyi tutsun, xəstəxanaya qaçaq, belə şey olmayıb. Ürəyi sıxılanda hərəkət etmirdi və tez də keçirdi. Şahidlər var ki, hadisəni görüblər. Onlar da təsdiq edirlər ki, dərsə gecikənləri qaçırdırlar. Müəllim heyəti bunu danır. Deyirlər ki, əvvəllər dərsə gecikməyə görə qaçırtmaq vardı, indi yox. Ancaq ürəyə güc düşməsəydi, uşaq ölməzdi. Yəni indiyə qədər bir dəfə də olsun, ürəyini tutub təcili xəstəxanaya aparmamışıq. Hamı kimi dənizə, şəhərə gəzintiyə gedirdi. Sadəcə çox qaçmaq olmazdı”.
“Son zəngə kostyum alacaqdı, ancaq qismət olmadı”

Sən demə, Azad Ilyasov bu günlər də kostyum almağa gedəcəkmiş. Çünki qarşıdan son zəng gəlirdi. “Kostyum alacaqdı, son zəng üçün. Ancaq qismət olmadı”.
Azadın qardaşı, evin böyük oğlu Rəşad Ilyasov deyir ki, məktəbdə gecikənləri cəzalandırmaq üçün qaçırtmaq adət-ənənə halını alıb: “Mən ötən il orta məktəbi bitirmişəm. Bizim vaxtda da belə olub. Dərsə kim gecikirdisə, qaçırdırdılar. Azadı da gecikdiyi üçün qaçırdıblar”.
Mərhumun qardaşının sözlərinə görə, Azada cəza verilən zaman, onun kimi 20-dən çox şagird də həyətdə qaçırdılıb: “Yəni bu olan şeydi. Bu, şagirdlər üçün adi bir cəzaya çevrilib. Kim gecikibsə, qaçırdırdılar. Ancaq Azadın ürəyində qüsur olduğu üçün onu qaçırtmaq olmazdı. Uşaqlar da deyirlər ki, o müəllimdən xahiş edib ki, qaça bilməz”.
“Yalandan məlumat yayırlar ki, evdə ürəyində ağrı var deyib, dərman içib. Anası dərsə getməsinə razı olmasa da, o, özünü yaxşı hiss etdiyini söyləyib və dərsə gedib. Bunlar hamısı yalandır. Adam dərman içir ki, ürəyi dayansın? Dərman kömək edər, adamı öldürməz”.
Məktəbdə niyə dəsrlər keçirilmir?
Azad Ilyasovun yaşadığı mənzil ilə oxuduğu məktəb arasında məsafə heç 100 metr olmaz. Yəni mərhumun yaxınlarının dedikləri kifayət qədər inandırıcı görünür. Zülfü Hacıyev adına 17 saylı orta məktəbə gedirik. Saat 16:00-ı ötməsə də, məktəbin qapıları bağlı idi. Gözətçi ilə söhbət edirik. Əvvəlcə deyir ki, dərs var. Direktorla görüşmək istədiyimizi bildirəndə yerində olmadığını söyləyir. Müəllim heyətindən istənilən bir adamla söhbət etmək niyyətimizə də “yox” deyir. Üçüncü “yox” cavabını Azadın şərəf lövhəsinə qara lentlə vurulan şəklini çəkmək istəyərkən aldıq.
“Dərslər bitib. Əvvəllər burada ikinci növbə olurdu, indi isə yoxdur”,- deyə gözətçi bildirir. Ancaq ətrafda yaşayanlar bildirirlər ki, sözügedən təhsil ocağında ikinci növbə həmişə olub, ancaq məlum olaya görə dərs keçirilmir. Bunu isə adamların çox gəlməsi ilə əlaqələndirirlər: “Yəqin ki, çox adam gəlir. Gözə görünməmək üçün belə edirlər. Məktəbdə həmişə ikinci növbə olub və beşə kimi (17:00-a) dərslər davam edib”.
Məktəbin şəklini çəkib, geri qayıtmaq məcburiyyətində qalırıq. Çünki başqa yolumuz yoxdur.
Ramin DEKO



