Koordinasiya Şurası mürtəce dəyişikliklərə etiraz etdi

İctimai Palatının Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclas barədə “Azadlıq”a Koordinasiya Şurasının dönəm sədri Əli Kərimli məlumat verib. Əli Kərimlinin sözlərinə görə, iclasda əvvəlcə bu günlərdə Milli Məclisdə qəbul edilən mürtəce dəyişikliklər müzakirə mövzusu olub. Söhbət inzibati cəza tədbirlərinin sərtləşdirilməsindən gedir. İcazəsiz aksiyalarla bağlı cərimələrin artırılmasından sonra Milli Məclis inzibati həbs müddətini də 60 günə qədər artırıb.
Əli Kərimli bildirib ki, bu dəyişikliklər hökumətə siyasi mülahizələrlə istənilən vətəndaşı 2 ay müddətinə siyasi proseslərdən təcrid etmək imkanı verir. Onun sözlərinə görə, bu mürtəce dəyişikliklər hakimiyyətin narahatçılığından irəli gəlir: “Hakimiyyət ölkədə ciddi narazılığın olduğunu bilir və seçki ilində özünə ciddi təhlükə proqnozlaşdırır. Və xalqla dialoq əvəzinə, islahatlar yolu tutmaq əvəzinə xalqı cəza yolu susdurmağa çalışır. Lakin bu yol dünyanın heç bir yerində diktatorların əbədi hakimiyyətinə təminat verməyib və Azərbaycanda belə olacağı şübhəsizdir”.
Əli Kərimli bildirib ki, müzakirələrin sonunda mürtəce dəyişikliklərlə bağlı Koordinasiya Şurası bəyanat qəbul edib.
Daha sonra siyasi məhbuslar Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun həbs müddətinin daha 3 ay artırılması müzakirə edilib. “Koordinasiya Şurası bunu hakimiyyətin rəqiblərinə qarşı  repressiv üsulların tərkib hissəsi sayır”, – deyə Əli Kərimli bildirib.           
İclasda İctimai Palatanın növbəti sessiyasının vaxtı da müəyyənləşib. Əli Kərimli deyib ki, növbəti sessiya mayın 18-də saat 12-də Müsavat Partiyasının qərargahında keçiriləcək. “Sessiyanın gündəliyi ilə bağlı Koordinasiya Şurası təkliflərini hazırlayıb bu barədə ictimaiyyətə məlumat verəcək”.