Zahid Oruc: «Son 2 ayda bəzi Iran parlamentariləri Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyir»
Elxan Şahinoğlu: «Iran Gülüstan və Türkmənçay məsələsini Azərbaycana qarşı mübarizə aləti kimi istifadə edir»
Milli Məclisin ötən gün keçirilən növbəti plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc Gülüstan müqaviləsinin 200 illiyi ilə əlaqədar ölkədə tədbirlər keçirilməsini təklif edib. Z.Oruc: “Bəzi saytlar yazır ki, Türkmənçay müqaviləsinə yenidən baxılmalıdır və sairə. Yəni Azərbaycana qarşı ərazi iddiası irəli sürülür. Gülüstan müqaviləsinin 200 illiyi tamam olur. Hesab edirəm ki, bununla bağlı tədbirlər keçirilməlidir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deputatın təklifinə cavab olaraq bildirib: “Zahid Oruc, siz təcrübəli siyasətçisiniz, deputatsınız. Bilirsiniz ki, bizi təxribata çəkirlər. Bir qədər ehtiyatlı olun. Mən Gülüstan müqaviləsi haqqında eşidəndə içim yanır. Ona görə heç bir çağırış etmirəm”.
Zahid Orucun təklifinə, Oqtay Əsədovun bu cür cavabı nəyə işarədir, spiker hansı təxribatdan danışır?
Millət vəkili Zahid Oruc qazetimizə açıqlamasında bildirdi ki, Oqtay Əsədovun məlum təklifə münasibəti, Iran tərəfindən ola biləcək təhlükələrə görədir. Zahid Oruc hesab edir ki, Iran tərəfindən müəyyən dairələrin Azərbaycana cəbhə açmaq və nəyin bahasına olursa olsun bizi Qərbdən öncə cəzalandırmaq tendensiyası var. “Azərbaycan Israillə münasibətləri yaxşı saxlayırsa, iqtisadi-siyasi münasibətlər qurursa, Azərbaycandan bunun hesabın sormaq istəyirlər. Həqiqətən də son dövrlər Iranda Azərbaycan əleyhinə təbliğatlar aparılır. Mən ən azı 4 millət vəkilinin adını çəkə bilərəm ki, son 2 ayda tarixi müqavilələrin təftişi, Azərbaycana ərazi iddiası, əhali qrupları arasında guya birləşmək adı altında təbliğat aparmaqla məşğul olurlar. Azərbaycan hakimiyyət orqanlarında qarşıdurmaya getməmək mövqeyi var. Mən isə, bu təklifi Azərbaycanın maraqlarını qoruduğumu bilərək irəli sürmüşəm…
“Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan hakimiyyəti Iranla dost münasibətlərə can atsa da, özləri də bilir ki, bu mümkün deyil. Bir tərəfdən Ramiz Mehdiyev Irana gedir, digər tərfədən iki vətəndaşımız Iranda həbs olunur. “Zahid Oruc məsələni gündəmə gətiribsə, deməli, Güney məsələsi onun üçün də həssas mövzudu. Oqtay Əsədov isə, bir tərəfdən Iranla təxribata getməməkdən danışır, digər tərəfdən isə Iranı daha çox qıcıqlandıracaq ”Gülüstan bizim qəlbimizdə yaşayır” deyir.
Ekspert onu da əlavə etdi ki, Düzdür, Irandan Azərbaycana qarşı müəyyən həmlələr var. Gülüstan və Türkmənçay müqavilələrini gündəmə gətirməklə, Azərbaycana qarşı mübarizə aləti kimi istifadə edirlər. Azərbaycan tərəfi qarşılıqlı, qabaqlayıcı tədbirlər görməlidir. Irana başa salmalıdır ki, bu müqavilələr nəticəsində 2 hissəyə bölünən Azərbaycandı. Iranın bu məsələ ilə bağlılığı yoxdur. Düşünürəm ki, parlamentdə bu məsələlər ciddi müzakirə olunmalıdır”.
Ilham Hüseyn