Yolunu azmış gənclər

Müqəddəs Prezident Aparatımızın, ictimai-siyasi şöbəsinin müdrik rəhbəri Əli Həsənov yenə ağzından bal töküb.
Bu şirin-şəkər sözləri yavaş-yavaş sizin də diqqətinizə çatdıraq.
Gənclərlə Iş üzrə Ictimai Şuranın iclasında Əli Həsənov deyib ki, Ilham Əliyevin 3-cü dəfə prezident olmasına Azərbaycan gəncliyi “OK” deyir.
Əli müəllimin çıxışının bu hissəsini oxuyandan sonra ətrafda gördüyüm gənclərə bir-bir sual etməyə başladım. Əlahəzrətin 3-cü prezidentliyinə “HƏ” deyirsiniz?
Bir nəfər “hə” deyən tapmadım ki, gedib Əli Həsənovdan üzr istəyim.
Əksinə, üz tuttduğum adamlar mənə sual verdilər ki, qardaşım, birinci, ikinci prezidentliyi dəstəklədik ki, üçüncüyə də töhfə verək?
Kor peşiman geri qayıdıb, həqiqətin qolundan-qanadından tapmaq ümidi ilə çıxışın davamına qulaq asmağa başladım.
“Bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar, təəssüflər olsun ki, onlar böhtan kampaniyasında gənclərimizdən bir mexanizm kimi istifadə edirlər”.
Əl çalın, alqışlayın bu fəlsəfi fikirləri.
Xarici təşkilatın böhtanında mexanizm olmaq, maraqlı faktdır.
Yəqin böhtanı hansısa gəncin mədəaltı vəzinə yerləşdirirlər, gənc də ölkəyə böhtan yaymağa başlayır. Əli müəllimin iti gözlərinə və dəqiq diaqnozuna heyran olmamaq mümkün deyil.
Çıxışın davamına qulaq asaq: “Gənclər yollarından azırlar, müəyyən maliyyələrlə onları yoldan çıxarıb, antimilli yola salırlar və gənclər də siyasətimizi təhrif edir”.
Indiyə qədər bu xalqı qəpik-quruşa möhtac etdiklərinin səbəbi aydınlaşdı. Sən demə, pul olanda yoldan azıb, qəza törədə bilərik. Ancaq Əli müəllim bu “yol” haqqında dəqiq məlumat verməyib. Axı hakimiyyətin yolunda rüşvət, böhtan, yaltaqlıq elementləri var. Bu yol ilə getməsən “radar”a düşərsən və səni qoduğluğa atarlar. Zindana düşmək bahasına olsa belə, düşünürəm ki, bu yoldan azmaq şərəfdir.
Siyasətin təhrif edilməyinə gəlincə, gənc ölkədə nəyi görür, onu da deyir. Məsələn, bir nəfər dünyasını dəyişmiş insana xərclədikləri pulu, 9 milyon yaşayan insana xərcləmirlərsə, bunun adı nədir? Millətə qayğı yoxsa, xalqa sevgi?
Ancaq Əli müəllimin də sözündə həqiqət var. Əgər biz xalq olaraq, bu hakimiyyətin siyasətini təhrif etməsəydik, hər şeyi olduğu kimi dərk etsəydik, indi bu rejimin tozu da qalmazdı.
Davam edək cənablar.
“Dövlət ilə gənclər arasında uçurum yaratmaq istəyirlər. Əgər şüurlu gənclər buna dirəniş göstərməsə, onlar normal gəncləri də alacaqlar”.
Burda Qəribi ağlamaq tutur. Rejimin halına yanmamaq əldən gəlmir.
Ölkə gəncliyi səni necə dəstəkləyir ki, xarici qüvvə “pıkk” eləyən kimi o gənci sənin əlindən alacaq? O necə normal gəncdir ki, onu ələ almaq bu qədər asandır?. Əgər gəncləri pulun hesabına ələ alacaqlarsa, sən özün niyə gəncliyə pul xərcləmirsən?
Hakimyyət “elə yıxılım ki, heç yerim ağrımasın” məntiqiylə siyasət yürüdür.
Və çıxışın son akkordları.
“Azərbaycan 20 ildir formalaşmış bir dövlətdir. Hər bir dövlətin gücü onun vətəndaşı ilə ölçülür. Ilham Əliyev 3-cü dəfə prezident olsa, gənclərin problemlərinin həllində, mənzillə təminatında nəzərdə tutulduğundan da artıq işlər görüləcək”.
Əli müəllimin sayəsində öyrəndik ki, Azərbaycanın tarixi 20 il əvvəldən başlayır. Buna bir quş.
Sən demə, dövlətin gücü vətəndaşdan asılıymış. Bəs biz illərdir ölkə vətəndaşlarına dilənçi pulu verməyin, vətəndaşı idarələrdə süründürməyin, kasıb xalqı pulla imtahana çəkməyin, millətin evin başına uçurmayın deyəndə, bizi “erməni dəyirmanına su tökən” adlandırırdınız, indi xalq niyə belə qiymətli oldu?
Siz 20 ildə bu xalq üçün qədərinin 10 faizi işlədinizmi ki, 3-cü dönəmdə qədərindən çox işləmək istəyirsiniz? Bu sizi gücə salar. Bu qədər əziyyətə girmənizə ürəyimiz tab eləməz. Növbəti “ümummilli” bayramlara qarnımız toxdur.
Ən yaxşısı sizi VAĞZALI sədası altında yola salaq.
Musiqi ruhun qidasıdır axı, bir az qidalanın…