Vicdan məhbusunun atası “Azadlıq”a məktub göndərdi

Zaur Qurbanlının ailəsi Aslan İsmayılovun müdafiəsinə qalxdı

Vicdan məhbusu, NİDA vətəndaş hərəkatının üzvü Zaur Qurbanlının atası Araz Qurbanov tanınmış vəkil Aslan İsmayılovun Vəkillər Kollegiyasından çıxarılmasına etirazını bildirib. A.Qurbanov bununla bağlı “Azadlıq”a göndərdiyi məktubda yazır.

“Aslan İsmayılovun Vəkillər Kollegiyasından kənarlaşdırılmasına bir vətəndaş kimi etiraz edirəm.
Aslan İsmayılov ikinci dəfədir ki, övladım Zaur Qurbanlının vəkilidir. Aslan İsmayılov tanınmış, yüksək reytinqə malik bir hüquqşunas-vəkildir. Mən Aslan müəllimlə tanış olduqdan sonra onu öz ixtisasını, sənətini qiymətləndirən güclü vəkil olmaqla bərabər, yüksək əxlaqi keyfiyyətlərə, intelektə malik bir şəxsiyyət kimi tanıdım. Aslan İsmayılovu bir vəkil kimi itirmək bu millət üçün də böyük itkidir.
Sözün düzünü deyən, işini yüksək peşəkarcasına bilən bir çox vəkillərimiz var. Aslan İsmayılov da bu sırada öndə duranlardandır.
Bu gün Aslan İsmayılovu Vəkillər Kollegiyasından uzaqlaşdırmaq istəyən “həmkarları” bir şeyi yaddaşlarından çıxarmasınlar. Bu dünyanın, yəni ömrün bir qurtaracağı var. İnsan nə vaxtsa ölür. Hamımız öləcəyik. Övladlarımıza şərəfli ad, ləqayət qoyub gedək bu dünyadan.
Mən bir Azərbaycan vətəndaşı kimi istərdim ki, ictimaiyyət Aslan İsmayılovun müdafiəsinə qalxsın.
Bu gün Aslan İsmayılov kimi vəkili itiriksə, sabah digər vicdanlı vəkillərimizi təkləyib kollegiyadan uzaqlaşdıracaqlar.
Aslan İsmayılov kimi vəkillərin azalmasına imkan verilməsin.
İnanıram ki, haqq, ədalət öz yerini tutacaq”.