Təqiblərlə uzun bir yol gələn yazıçı…

Məşhur Əlibəyovlar soyadının davamçısı…

Keçən əsrin ikinci yarısında Azərbaycan ədəbi mühitində məşhur olan yazıçılar sırasında Cəmil Əlibəyovun da adı var. Bu illərdə mühüm bir vəzifədə, Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini vəzifəsində çalışan yazıçının üzərində daha böyük bir məsuliyyət olmuşdur. 1970-ci ildə bu vəzifəyə təyin olunan Əlibəyov Azərbaycan radiosuna rəhbərlik etməyə başlamışdır.
Yazıçının gəlişi ilə radionun verilişlərində canlanma yaranmış, hazırlanan proqramlar xalqa, onun ənənəvi mənəvi dəyərlərinə, obrazlı dilinə daha da yaxınlaşmışdır. Belə proqramlardan biri olan “Bulaq” verilişi otuz ildən artıqdır ki, efirdədir. Bu verilişə görə C.Əlibəyov Azərbaycan Jurnalistlər Ittifaqının “Qızıl qələm” mükafatına layiq görülmüşdür.
1974-cü ildən etibarən isə on il ərzində Əlibəyov “Azərbaycanfilm” kinostudiyasının direktoru işləmişdir. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilmiş, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülmüşdür. “Dədə Qorqud”, “Babək”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “Istintaq”, “Ad günü”, “Qayınana”, “Papaq” filmləri qızıl fonda daxil edilmişdir. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə “Kommunist” (“Xalq qəzeti”) qəzetində baş redaktor işləmişdir. 1990-cı ildən sonra o, “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə keçirilmiş, sonralar “Novruz”, “Vahid” qəzetlərində baş redaktor, “Elm və həyat” nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışmışdır.
Cəmil Ədil oğlu Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soyadının davamçısı olmuşdur. O, sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar-bəy silkinə məxsus olanlar sıxışdırılarkən Irana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir.
“Vikipedia”da yazıçı haqqında verilən bioqrafik məlumatda deyilir ki, C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar təqib olunmuş, xüsusi nəzarətdə saxlanmışlar. C.Əlibəyov müsadirə edilmiş evlərində yerləşən məktəbdə təhsil almağa başlamışdır. Lakin mühacirətdə olan atasının Irandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır. O, təhsilini bir müddət evdə dayılarından almış, sonradan doğma məktəbdə davam etdirmişdir.
“Arzuolunmaz əks-təbliğatçı” tələbə
Amma oxumaq istəyi onu rahat buraxmamış və inadla öz yoluna davam etməyi qarşısına məqsəd qoymuşdur. 1944-cü ildə ümumi hazırlıq səviyyəsi nəzərə alınaraq, təhsilini ali məktəbdə davam etdirmək üçün ona arayış verilmişdir. Beləliklə, o, 1944-cü ildə bilik səviyyəsi və ümumi qabiliyyəti sınaq söhbətində yoxlanılaraq Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (Iran bölməsi) qəbul edilmişdir. Universitetdə beş il ərzində yüksək qiymətlərlə oxumuşdur. Fars, ərəb, ingilis dillərində xüsusi uğurları olsa da, Şərq tarixi ixtisasını seçmiş, tələbə elmi konfranslarında diqqəti çəkən referentlərlə çıxış etmiş, elmi tədqiqatları Moskva Ali Təhsil Nazirliyinin və Respublika Nazirliyinin mükafatlarına layiq görülmüşdür.
Amma təqiblər onu yenə də rahat buraxmamışdır. C.Əlibəyov son kursu bitirməkdə olarkən – dövlət imtahanı ərəfəsində universitetdən xaric edilmişdir. Buna səbəb o zaman bir neçə tələbənin dövlət əleyhinə fəaliyyət aparması ittihamı ilə günahlandırılması olmuşdur. Ancaq C.Əlibəyovun həmin qrupa aidiyyəti olmadığı müəyyənləşdirildikdən sonra əmri dəyişərək, onu tarix fakültəsinin birinci kursuna keçirmişlər.
C.Əlibəyov 1949-cu ildə yaradıcılıq sınaq qaydası ilə “Azərbaycan gəncləri” qəzetinə işə götürülmüşdür. Yenə də “gözəgörünməz qüvvə” onun izini tapır. Üç il sonra anonim məktub Moskva tərəfindən yoxlanılmış, o, ictimai keçmişi “ləkəli” olduğuna görə işdən kənarlaşdırılmışdır. Stalinin ölümündən dərhal sonra onu əvvəlki işinə bərpa etmişlər. Iyirmi il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərmişdir. Azərbaycan komsomol Mərkəzi Komitəsi bürosunun üzvü, gənclərin Ümumittifaq və Respublika təşkilatlarının ondan artıq qurultaylarına nümayəndə seçilmişdir. Çalışdığı qəzet gənclərin sosial həyatını gerçəkliyə işıqlandırdığına görə gənc nəslin etimadını, sevgisini qazanmışdır. Onun işlədiyi dövrdə qəzetin tiracı 20 mindən 450 minə yüksəlmişdir.
Tarixdə iz qoyan şəxslərdən biri
Ümumiyyətlə, C.Əlibəyov cəsarətli və yenilikçi bir şəxs olaraq, hər zaman əsassız ittihamlara və təqiblərə məruz qalıb. “…90-cı ilin noyabr ayında ”Azadlıq” qəzetində rəsmi hökumət və dolayısıyla C.Əlibəyov “Kommunist” qəzetində verilmiş “Topxana harayı” yazısıyla Meydan hərəkatını “başqa səmtə” yönəltməkdə ittiham olunmuşdu. Bu iddianın zərrəcə əsası olmadığını yüzdə-yüz bildiyim üçün irihəcmli təkzib məqaləsi yazdım və rəhmətlik Nəcəf Nəcəfov redaktoru olduğu qəzetin səhifələrində ona səxavətlə yer ayırdı(Şakir Yaqubov)”.
C.Əlibəyov bədii yaradıcılığa “Azərbaycan gəncləri”ndə işləyərkən başlamışdır. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvüdür. SSRI-də yayılmış “Sınaq”, “Mənim analı dünyam”, “Həyatın özü”, “Dözümlü məhəbbət” romanlarının, “Qayaların göz yaşı” povestinin müəllifidir. Bu əsərlər Moskvada “Molodaya qvardiya” və “Sovetski pisatel” nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilmişdir. Azərbaycanda həmin romanlarla yanaşı, “Dünyanın o biri ucu”, “Ilk məhəbbət” romanları və “Özümü axtarıram”, “Analar..”, “Anam Arazım mənim” və digər povestləri çap olunmuşdur. C.Əlibəyov bir neçə pyesin, ssenarinin, publisist yazılar kitabının müəllifidir. Onun “Gülüstanda qətl” pyesi Azərbaycan Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur.
Yazıçı, ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. O, bir çox dünya ölkələrinə səyahət etmiş, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, Irandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. C.Əlibəyov yüksək hökumət mükafatlarına – orden, medal, fərmanlara layiq görülmüşdür.
Yazıçının övladları da yüksək təhsil görmüş və həyatda öz layiqli yerlərini tapmışlar. Oğlu Elbəy Moskva Dövlət Universitetinin məzunu, tarix elmləri namizədidir. Hazırda Avropa Təhlükəsizlik Təşkilatında fəaliyyət göstərir. Qızı Nigar Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Tibb elmləri namizədidir, məzunu olduğu universitetin müəllimidir. Ceyhun isə Azərbaycan Mədəniyyət və Incəsənət Universitetində rəssamlıq yaradıcılığı peşəsi üzrə ixtisaslaşmışdır.
Yazıçı hazırda əmək təqaüdçüsüdür.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir