Rusiya Azərbaycan neftinin nəqlini dayandırdı

Ekspertlər bunu Moskvanın siyasi gedişi kimi qiymətləndirir

Rusiyanın baş naziri Dmitri Medvedyev Azərbaycan neftinin nəqlinə dair müqavilənin dayandırılmasına sərəncam verib. Mayın 5-də imzalanan və dünən dərc edilən sərəncama əsasən, Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış müqavilənin fəaliyyəti dayandırılır. Medvedyev Xarici Işlər Nazirliyinə Azərbaycan tərəfini xəbərdar etməyi tapşırıb.
“Transneft”in rəsmisi Iqor Demin isə son beş ildə Azərbaycanın hökumətlərarası sazişin şərtlərinə əməl etmədiyini vurğulayıb: “Sazişdə hər il Bakı-Novorossiysk kəməri ilə 5 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki olaraq 2 milyon ton neft vurulub. Bu həcmdən daxil olan gəlirlər ”Transneft”in ötürücü boru sistemini lazımı texnoloji vəziyyətdə saxlamaq üçün çəkdiyi xərclərini ödəmir”. Deminin sözlərinə görə, gələn ildən “Transneft” Azərbaycan neftini kommersiya müqaviləsi əsasında nəql edəcək.

Zərər indi yadlarına düşür?

Azərbaycan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı Ilham Şaban isə bunu siyasi gediş kimi qiymətləndirir: “Bu, Rusiyanın siyasi gedişidir. Indi yadlarına düşür ki, Azərbaycan neftinin Rusiya ərazisindən nəqli ilə bağlı 1996-cı ilin yanvarında imzalanmış müqavilə ”Transneft”ə ziyandır? Rusiya ona dəyən ziyanın aradan qaldırılması üçün Azərbaycanın verdiyi təklifləri dəyərləndirməyib. Bunlardan biri Azərbaycan ərazisində üçüncü tərəfin yükünün daşınması ilə həcmlərin artırılması barədə idi. Rusiya 2011-ci ildən bu təkliflərin heç birini qəbul etməyib. Bu ona dəlalət edir ki, Rusiyanın atdığı addımlar iqtisadi deyil, siyasi xarakterlidir(“Mediaforum”).

Rusiya Azərbaycandan Qəbələnin heyfini çıxdı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyanın bu qərarını təsadüf saymadığını deyir: “Rusiya-Azərbaycan münasibətlərində açıq-aşkar gərginlik müşahidə olunur. Qəbələ RLS məsələsindən sonra rəsmi Moskva sanki buna etiraz etmədi. Amma şübhəsiz ki, Azərbaycanın bu addımından narazı qalmışdı. Çünki bu, Putin hakimiyyətə gələndən sonra Rusiyanın itirdiyi ilk hərbi baza idi. Ona görə bu məsələ onları qıcıqlandırmaya bilməzdi. Rusiya Azərbaycan hakimiyyətinin stansiyadan istifadəyə görə məbləği artırmasından da narazı qalmışdı. Əslində məbləğin artırılması Azərbaycan hakimiyyətinin RLS-in fəaliyyətinə razı olmadığının göstəricisi idi. Qəbələ RLS-dən başqa, ikinci vacib amil Putinin Qarabağ münaqişəsinin həllində qətiyyən maraqlı olmamasıdır. Medvedyevin dövründə münaqişəni müzakirə etmək üçün on görüş keçirilmişdisə, Putin bir görüş belə, təşkil etmədi. Putin bir neçə ay əvvəl azərbaycanlı bir jurnalistin Qarabağla bağlı sualını yarımçıq kəsdi və cavab da vermədi. Digər tərəfdən, Rusiyada ”Milyarderlər Ittifaqının” yaradılması da Azərbaycan hakimiyyətinə təzyiq kimi qəbul olundu. Dünənə qədər siyasətlə məşğul olmayan iş adamları bir araya gələrək qurum yaratdılar. Bütün bunlar ikitərəfli münasibətlərin gərginliyindən xəbər verir. Azərbaycan hakimiyyəti münasibətləri normal məcraya yönəltmək üçün nə qədər çalışsa da, nəticə olmadı. Və nəticədə adekvat addımlara qərar verdi. Bu yolla Azərbaycan hakimiyyəti həm də Qərbə mesaj verir ki, “Rusiya mənə təzyiq edir, heç olmasa, siz dəstək verin”. Neftin nəqlinin dayandırılması da bu siyasətin tərkib hissəsi sayıla bilər”.
Xatırladaq ki, Azərbaycan neftinin Rusiyadan keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. ABƏŞ, ARDNŞ və “Transneft” arasında imzalanan üçtərəfli sazişə uyğun olaraq 1997-ci il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsilə dünya bazarına çıxıb. O zamanlar Bakı-Novorossiysk kəməri Azərbaycanın yeganə neft ixrac yolu olub. Ancaq 1999-cu ildə Bakı-Supsa kəməri inşa edilib, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri istifadəyə verilib. Bakı-Novorossiysk kəməri ilə Azərbaycanın keyfiyyətli neftini “Azərilayt” adı ilə dünya bazarına çıxarmaq mümkün deyil. Bu kəmərlə axıdılan neft Rusiyanın qarışıq nefti olan “Yurals” adı ilə bazara çıxarılır. Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 kilometrdir. Bunun 231 kilometri Azərbaycan ərazisinə düşür. Kəmərin diametri 720 millimetrdir.