Hindistandan görünən Azərbaycan açılımı

IÇoxdandır rus dilində bir kitab oxuyuram. Ha oxuyuram, başa çıxa bilmirəm. Oxunaqsız olduğuna görə yox, çox oxunaqlı olduğuna, bir çox yerləri dönə-dönə oxuduğuma görə. Bu, Hindistanın dünyalarca ünlü siyasi liderlərindən olmuş Cəvahirləl Nehrunun “Hindistan açılımı” (Moskva, Izdatelstvo politiçeskoy literaturı, 1989) kitabıdır. Kitabda 20-ci yüzilin birinci yarısında Hindistandakı ingilis işğal rejimi ilə yerli yurdsevərlərin çarpışmasından danışılır. Bu, olduqca ağır, üzücü, yorucu çarpışmadır, ancaq işğal altında olan ulusların hamısına örnək olacaq bir çarpışma!
Qabaqca C.Nehru ilə bağlı bir yadasalma. Nehru sonralar Hindistanın baş baxanı olmuş qızı Indira Handiyə yazırdı: “Qızım, sən unutmamalısan: biz ari irqdənik – biz türkük”. C.Nehru Hindistanda doğulub-böyümüş, metropoliyada – Ingiltərədə oxuyub-yetişmişdi. Ingiltərə kimi bir yerdə oxuyub-yetişmiş Nehru Hindistana qayıtdıqdan sonra özünü bütünlüklə Ana Hindistanın ingilis işğal rejimindən qurtarması işinə vermiş, dönə-dönə tutulub incidilsə də, illərlə yaşamını itirmək qorxusu qarşısında qalsa da, sona – ölkəsi ingilis işğal rejimindən qurtulanadək siyasi çarpışma meydanından çəkilməmişdir.
Hindistanlı soydaşımız Nehrunun əlimdəki kitabı məndən ötrü yalnız yurdsevərlərin Hindistan uğrunda apardıqları barışmaz-prinsipial çarpışma baxımından deyil, Azərbaycanla, indilər Azərbaycanda baş verənlərlə sıx-sıx bağlı olduğuna, uyğun gəldiyinə görə çox dəyərli, çox gərəklidir. Hindistan hara, Azərbaycan hara – elə deyilmi? Üstəlik kitabda, deyildiyi kimi, 20-ci yüzilin I yarısında Hindistanda baş verənlərdən danışılır. Bu, faktır, ancaq ortada başqa bir fakt da var: bu gün Azərbaycanda baş verənlər ötən yüzilin I yarısında Hindistanda baş verənlərə çox oxşayır. Bəlli olduğu kimi, ötən yüzilin I yarısında Hindistanda ingilis işğal rejimi olduğu sayaq, 1993-cü ildən Azərbaycanda da BP-i başda olmaqla ingilislərin yardımı ilə əliyevçi IŞĞAL rejimi qurulub. Görünür, elə buna görə kitabı oxuduqca hər iki rejimin xarakteri, işğalçı-sümürgəçi metodları arasında çox böyük oxşarlıqlar görürük.
Nehru ingilis ağalığının Hindistandakı qanunsuz işlərindən, soyğunçu siyasətlərindən, hind xalqını hüquqsuz duruma gətirdiyindən yazır – göz önünə Azərbaycan gəlir. Nehru Ingiltərə hökumətinin işğal rejimini qoruyub saxlama siyasətlərindən yazır: London qatı konservativ baxışları ilə tanınan adamları Hindistana işğal rejiminin yönəticiləri olaraq göndərir, bu admalar qocalıb geri dönürkən Hindistan sorunları üzrə ekspertə çevrilirlər, beləliklə, işğal rejimini yönətmə varisliyi yüksək düzəydə qorunub saxlanır. Nehru baş baxan Çörçilin Hindistan siyasətindən yazır – alıntılar verməklə. Ortaya bizim indiyədək tanıdığımız, tanımadığımız Çörçil çıxır. Birinci, ölkəiçi siyasətdə demokrat olaraq tanınan Çörçildir. Ikinci, işğalçılıq siyasətlərində (burada Indistanla bağlı) diktator-diktatura yolu tutan Çörçildir. “Demokratiya çox pis nəsnədir, ancaq, nə etməli, indiyədək ondan üstün yönətim metodu tapılmayıb”, deyən, demokratiyaya üstünlük qazandırma prinsipi ilə xalqına, ölkəsinə qulluq yolu tutan Çörçil Hindistanla bağlı siyasətə gələndə demokratiyanı, demokratik dəyərləri tapdayıb keçir. Yenə göz önünə bir sıra demokratik dövlərlərin Azərbaycanla bağlı son 20 ildəki siyasətləri gəlir. Ortaya öz ölkəsi üçün demokratiya ilə özgə ölkə üçün demokratiya paradoksu çıxır. Bunun ardınca ortaya belə bir aksiom çıxır: özün öz Ölkəndə demokratiya yarat, demokratik dövlət qur, bunu başqasından gözləmə!
Nehru Hindistanın işğal rejimindən qurtuluşu uğrunda aparılan çarpışmaya, çarpışma metodlarına geniş yer verir. Çarpışma liderləri, onların hər birinin özümlü çarpışma metodları, bu metodların öyrənilməsi bizim üçün bu gün də olduqca, önəmlidir, aktualdır.