Gənclər Əli Həsənovun cavabını verdi

«Belə bir yoldan azmaq şərəfli, ləyaqətli yolun cığırına düşmək deməkdir»

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənclər və Idman Nazirliyi yanında fəaliyyət göstərən Gənclərlə Iş üzrə Ictimai Şuranın iclasında bildirib ki, Ilham Əliyevin 3-cü dəfə prezident seçilməsində gənclərin qoyduğu iradə ortadadır və biz bunu dəyərləndiririk.
Daha sonra Əli Həsənov bildrib ki, bəzən xarici təşkilatlar Azərbaycan dövlətinə böhtan atırlar, təəssüflər olsun ki,  böhtan kampaniyasında gənclərimizdən bir mexanizm kimi istifadə olunur.
“Gənclərimizin bəzilərini yolundan azdırırlar, dövlətçilik istiqamətində fəaliyyətdən çəkindirirlər, ayrı-ayrı çirkli mərkəzlərdən maliyyələşən qrantlar ilə onları qeyri-sağlam, antimilli yola sövq edirlər və onların informasiyası əsasında dövlətimizi, millətimizi xaricdə biabır edirlər, yürütdüyümüz siyasətin mahiyyətini təhrif edirlər”.
Əli Həsənovun fikirlərinə müxalif düşərgədə təmsil olunan gənclər münasibət bildiriblər.

AXCP Gənclər Komitəsinin sədr müavini Ilham Hüseyn hesab edir ki, Əli Həsənov ənənəvi olaraq hakimiyyətə yarınan 5-3 gənci Azərbaycan gənclərinin mütləq əksəriyyəti kimi qələmə verib. “Ölkə gəncliyi Ilham Əliyevin birinci, ikinci prezidentliyinə səs vermişdimi ki, üçüncü prezidentliyini də dəstəkləsin? Ölkədə seçib-seçilmək hüququnu ləğv etmiş bir hakimiyyətə, ölkə gəncliyinin etimad göstərməsi absurddur. Gənclərin yolunu azmasına gəlincə, Əli Həsənov haqlıdı. Ölkə gəncliyi artıq dərk edib ki, hakimiyyətin yolu korrupsiya, yaltaqlıq, böhtana doğru aparır. Belə bir yoldan azmaq isə, şərəfli, ləyaqətli yolun cığırına düşmək deməkdir.
Mən mövcud rejimin yolundan azdığım üçün xoşbəxtəm”- deyə Ilham Hüseyn bildirdi.

Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslı bildirdi ki, əgər ölkədə ipotekaya 30 milyon, bir şəxsin doğum gününə 100 milyonlar xərclənirsə, ölkə gəncliyinin böyük əksəriyyəti ölkə xaricində hamballıq edirsə, gənclər normal təhsil ala bilmirsə, haqqını tələb edən gənclərin cibinə narkotika atıb tuturlarsa, bu gənclik Ilham Əliyevi necə dəstəkliyə bilər? “Haqqı demək, ölkənin imicinə zərbə vurmaq deyil. Dövlətin  imicini düşünən hakimiyyət ölkənin sərvətlərin talamaz, sərbəst toplaşma azadlığını məhdudlaşdırmaz, jurnalistləri həbs etməz, partiyaları qərargahlarından didərgin salmaz. Əli Həsənovun dedikləri məntiqsiz, həqiqətə uyğun olmayan fikirlərdi”- deyə T.Abbaslı vurğuladı.

VHP sədrinin gənclər üzrə müşaviri Samir Əsədlinin Əli Həsənovun Azərbaycan gənclərinin adından danışmağa ixtiyarı olmadığın və bu hüququ ona heç kimin vermədiyini dedi: “Azərbaycanda azad, ədalətli seçkini təmin etsinlər, görsünlər ki, Azərbaycan gəncliyi kimi dəstəkləyir. Bu hakimiyyətin düşüncəsinə görə hansı gənc yaltaq deyilsə, bu siyasəti dəstəkləmirsə, hüquqları uğrunda mübarizə aparırsa, o, yolundan azmış, xarici qüvvələrin təsiri altında olan gəncdir. Dediklərimin əksini özündə cəmləşdirən gənclər isə ”nümunəvi” gənclər sayılır. Mən ağlı başında olan, savadlı, düşünə bilən hansısa gəncin bu hakimiyyəti dəstəkləməsinə inanmıram”

Hikmət