Götürülən öhdəliklərə əməl olunmaması Azərbaycanın dövlət başçısını oyundankənar vəziyyətdə qoyub
Mayın 12-də ölkə başçısı Ilham Əliyev Avstriyaya rəsmi səfərə gedib. Səfərin məqsədi üzərində dayanmaq niyyətindən uzağıq. Diqqət çəkən məqam son vaxtlar Ilham Əliyevin xarici səfərlərinin sayının azalmasıdır. Əgər ölkə başçısı hakimiyyətə yiyələndiyi ilk illərdə xarici səfərlərinin çoxluğuna görə “turist prezident” adını qazanmışdısa, son illərdə onun haqqında bunu demək mümkün deyil. Ötən illərə nəzər salanda da bunu görmək olur.
“Turist-prezident”
Əliyev 2003-cü ilin sonlarında prezident seçildiyindən həmin il cəmi bir xarici səfər edib. Sonrakı illərdə xarici səfərlərin sayı xeyli artıb. 2004-cü ildə Əliyev 24 dəfə xarici səfərə gedib. Bəzi ölkələrə, o cümlədən Rusiya, Türkiyə, Ukrayna, Fransa və Yunanıstana bir neçə dəfə gedib. Getdiyi ölkələr arasında Almaniya, Böyük Britaniya, Belçika, Fransanı da göstərmək olar. 2005-ci ildə prezident 18 dəfə xarici səfərə gedib. Həmin il o, Irana, Ukraynaya, Gürcüstana, bir sıra Avropa ölkələrinə, həmçinin bir neçə dəfə Rusiyaya səfər edib. 2006-cı ildə ölkə başçısının 20 xarici səfəri olub. Almaniya, Yaponiya, Belçika ilə yanaşı Əliyev bir neçə dəfə Rusiya, Türkiyə və Belarusa gedib. 2007-ci ildə 24 xarici səfərdə olan Əliyevin ən çox getdiyi ölkə yenə də Rusiya olub. Şimal qonşu ilə yanaşı dövlət başçısı Avropa və MDB dövlətlərində, bir neçə dəfə də Türkiyədə olub. 2008-ci ildə Əliyev 17 dəfə xarici səfərdə olub. Yenə də Rusiya ilə səfərlərin çoxluğu ilə yadda qalan ildə ölkə başçısı Qərb ölkələrinə getməyib. Bu il əsasən MDB, Şərqi Avropa və Türkiyəyə səfərlər olub. 2009-cu ildə Əliyev 18 dəfə xarici səfərə gedib. Əvvəlki ildə olduğu kimi bu il də prezident bir neçə dəfə Rusiyaya gedib. Bu səfərlər əsasən Dağlıq Qarabağ danışıqları ilə bağlı olub. Həmin il 2 dəfə Isveçrəyə, bir dəfə Böyük Britaniya və Belçikaya gedən prezidentin səfərlərinin əksəriyyəti yenə də Şərqi Avropa və MDB dövlətlərinə olub. Sonrakı illərdə xarici səfərlərin sayı azalmağa doğru gedir.
2012 – Rusiyaya iki səfər
2010-cu ildə 13 xarici səfər olub. Yenə də əsasən Türkiyə, Rusiya, digər MDB dövlətlərinə üstünlük verilib. Həmin il Əliyevin Almaniyaya da səfəri baş tutub. Həm 2011-ci, həm də 2012-ci illərdə Ilham Əliyev 12 dəfə xarici səfərə gedib. Rusiyaya səfərlərin sayının çoxluğu baxımından 2011-ci il də istisna olmayıb. Həmin il Əliyev eyni zamanda Şərqi Avropa, Türkiyə, Qazaxıstan, Isveçrə və Belçikaya da səfər edib. Qeyd edək ki, Əliyevin Isveçrəyə və Belçikaya səfərlərinin əksəriyyəti bu ölkələrdə keçirilən beynəlxalq tədbirlərlə bağlı olub. 2012-ci ildə Əliyev ABŞ-a səfəri ilə yadda qalıb. Lakin ölkə başçısının bu səfəri BMT-nin toplantısına qatılmaq məqsədi daşıyırdı. Maraqlıdır ki, əvvəlki illərdən fərqli olaraq ötən il Rusiyaya cəmi iki səfər olub. Əliyev həmçinin Türkiyə, Böyük Britaniya və Fransaya da səfər edib. Bu ilin 5 ayı arxada qalsa da, ölkə başçısı cəmi 4 dəfə xarici səfərdə olub. Əliyev ilin əvvəlində Dünya Iqtisadi Forumunda iştirak etmək üçün Isveçrəyə, daha sonra isə Xorvatiya, Monteneqro, iki gün əvvəl isə Avstriyaya səfər edib.
Əliyevlə görüş problem yaradır
Göründüyü kimi, xarici səfərlərin sayının azalması ilə yanaşı Əliyevin getdiyi ölkələrin siyahısı da daralır. Əgər Rusiya və Irana edilən dəvətləri dövlət başçısı özü qəbul etmirsə, Avropa dövlətlərinə səfərlərə, ümumiyyətlə, dəvət olunmur. Bununla yanaşı Bakıya rəsmi səfərə gələn rəsmilər, dövlət başçıları da öz ölkələrində tənqid hədəfinə çevrilir. Ilham Əliyevə bu münasibət təsadüfi deyil. Bütün qonşularla, əksər beynəlxalq təşkilatlarla, Qərb dövlətləri ilə münasibətləri korlayan dövlət başçısının fərqli münasibətlə üzləşəcəyini gözləmək olmazdı.
Vədəxilaf prezidentlə heç kim görüşmək istəmir
Ekspertlər isə hesab edir ki, Ilham Əliyevin hakimiyyətinin ilk illərində ona olan beynəlxalq diqqət müəyyən gözləntilərlə bağlı idi. Müxtəlif mərkəzlərdə ümid edirdilər ki, Ilham Əliyevlə ciddi əməkdaşlıq prosesinin olması təmin edilə bilər. hakimiyyətə gəlmə ərəfəsində o, Qərb dairələri qarşısında islahatlar aparacağına dair ciddi vədlər vermişdi. Bir müddət keçəndən sonra Əliyev verdiyi vədlərə daban-dabana zidd olan siyasi kurs həyata keçirməyə başladı. Balanslı xarici siyasət yürütmək kursu məhz həmin dövrdə elan olundu. Zaman keçdikcə bəlli oldu ki, Ilham Əliyev balanslı xarici siyasət adı altında beynəlxalq güc mərkəzlərini aldatmaq siyasəti aparmaq qərarı verib. Faktiki birqütblü dünyada böyük olmayan dövlətin belə bir siyasət aparması çox pis nəticələr verə bilərdi. Indi Azərbaycan belə nəticələrlə üz-üzədir. Ərazisinin 20 faizi işğal olunmuş dövlət dünyadakı proseslərə böyük təsiri olan Qərb dünyası ilə yaxınlaşmağa məhkumdur. Bunu Rusiya ilə bağlı etmək olmazdı. Sadəcə ona görə ki, Rusiya Ermənistanın müttəfiqidir. Hakimiyyəti qoruyub saxlamaq prioritetə çerildiyinə görə Əliyev Qərblə yaxınlaşmaq kursundan imtina etdi. NATO və Avropa Birliyinin zaman-zaman Azərabycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etməsinə baxmayaraq, hər iki təşkilatın sırf demokratik prinsiplərə əsaslanması Azərbaycanın avtoritar hakimiyyətini bu strukturlara inteqrasiyadan açıq şəkildə imtinaya sövq etdi.
Etibarsız tərəfdaş
Etibarsız tərəfdaş kimi tanınmış Əliyev hakimiyyəti indi faktiki beynəlxalq təcrid vəziyyətindədir.
Ekspertlər Qərb üçün böyük əhəmiyyət kəsb edən “Nabukko” layihəsi məsələsində Azərbaycan hakimiyyətinin Qərbin istəyinə yox, məhz Rusiyanın istəyinə uyğun hərəkət etdiyini də xüsusi vurğulayır. Ümumən siyasi və iqtisadi cəhətdən Qərbin Azərbaycan hakimiyyəti ilə ciddi iş birliyi qurmaq planını hakimiyyətin səyləri iflasa uğratdı. Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatlarının və mətbuat orqanlarının Azərbaycan hakimiyyətini ifşa edən çoxsaylı materialları Qərb dövlətlərini Ilham Əliyevə isti münasibət göstərməməyə məcbur edir. Bu baxımdan illər uzun Qərbin insan hüquq və azadlıqlarının qorunması ilə bağlı Azərbaycan hökumətindən beynəlxalq öhdəliklərini yerinə yetiməklə bağlı çağırışlarına açıq-aşkar sayğısızlıq göstərən Ilham Əliyevə əvvəlkindən fərqli münasibətin göstərilməsi təbii və qanunauyğundur.
Fizzə