«Sərhədləri o qədər keçiblər ki, tapdadıqları dəyərlərin müdafiəçisi kimi çıxış edirlər»
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dünən Gənclərlə Iş üzrə Ictimai Şuranın iclasında maraqlı açıqlamalar verib. PA rəsmisi bildirib ki, 1992-ci ildə hərə bildiyi şüarı cəmiyyət idarəçiliyinin, daxili siyasətin prinsipi elan edirdi: “Biri deyirdi ki, türkün türkdən başqa dostu yoxdur, digəri bildirirdi ki, Azərbaycan tezliklə Irana bayraq sancmalıdır və Cənubi Azərbaycan ilə birləşməliyik və möhtəşəm dövlət yaratmalıyıq.
Hətta bəziləri deyirdi ki, bizim əsas milli ideyamız Çindəki uyğurları azad edib möhtəşəm dövlət yaratmaqdır. Hələ həmin vaxtlar özümüzün azad olub-olmayacığımız bəlli deyildi. Bu prinsiplər cəmiyyətimizi içəridən dağıdırdı”. Ə.Həsənov bütün bunlardan fərqli olaraq Heydər Əliyevin qoyduğu ideyanın bu gün də ölkənin inkişafına xidmət etdiyini, indiki hakimiyyətin dövlətçilik, qanunçuluq, cəmiyyətdə sosial ədalət, vətəndaş prinsipiallığı və həmrəyliyi kimi məqamlara söykəndiyini bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Əli Həsənovun fikirlərinin həmişəki kimi reallıqdan uzaq olduğunu deyir:
“Milli qüvvələr hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycanda Qarabağın işğalı ilə bağlı Sovet Imperiyasına qarşı xalq hərəkatı başlamışdı. Bu proses məzmun etibarilə demokratik hərəkat idi. Həmin vaxt sovetlərin qadağan etdiyi milli şüarlar cəmiyyət üçün çox aktul idi. O baxımdan Azərbaycanın bütövlüyü ilə bağlı məsələlərin gündəmə gəlməsi Milli Azadlıq Hərəkatına təkan verirdi. Bu, insanları daha da fəallaşdırır, mübarizəyə sövq edirdi. Prosesin nəticəsi olaraq da milli qüvvələr hakimiyyətə gəldilər. Həmin dövrdə hakimiyyətin devrilməsinin səbəbi bu şüarlar olmadı. Buna daha çox kənar dövlətlərin müdaxiləsi və regiondakı xarici maraqlar səbəb olmuşdu. Rusiyanın və başqa dövlətlərin də bu məsələdə rolu var idi. O cümlədən daxildə də bir çox destruktiv qüvvələrdən istifadə olundu. Əksinə həmin hakimiyyət sosial, iqtisadi və siyasi sahədə bu hakimiyətin 20 ildə həyata keçirmədiyi islahatları gerçəkləşdirdi. Və demokratik dəyişikliklərə nə qədər açıq olduğunu göstərdi. Hakimiyyətin devrilməsi bu müsbət prosesin davam etdirilməsinin qarşısını aldı”.
Əliyevlər hakimiyyətinin qanunçuluq, cəmiyyətdə sosial ədalət, vətəndaş prinsipiallığı və həmrəyliyi kimi məqamları rəhbər tutması ilə bağlı iddiaya gəlincə, F.Qəhrəmanlı bütün bunların boş sözlərdən başqa bir şey olmadığını deyir: “Əli Həsənov bu şüarları cəmiyyətin içinə çıxıb səsləndirə bilməz. Azərbaycanda bunun qədər oğru, yalançı, riyakar hakimiyyət nümunəsi olmayıb. Bunlar Azərbaycan xalqının hüquqlarını pozmaqla, sərvətlərini talamaqla məşğuldular. Korrupsiya ölkədə dövlət siyasətinin əsasını təşkil edir. Belə olan halda hakimiyyətin qanunçuluqdan, ədalətdən, inkişafdan danışması sadəcə bir ironiyadır. Bu həm də bir etik məsələdir. Deməli, bunlar etik sərhədləri o qədər keçiblər ki, tapdadıqları dəyərlərin müdafiəçisi olduğunu iddia edirlər”.



