Baltaya balta, sevgiyə sevgi

Ramil Səfərov etnik mübahisə zəminində bir erməni zabitini baltaladı. Bu akta çeşidli rakurslardan yanaşmaq olardı. Yanaşıldı da. Psevdo-millətçilər milli heysiyyəti önə çəkdi. Bayrağımızın təhqir edilməsini və bunun da cavabının layiqincə verildiyini yazdılar. Polis Ramilin müdafiəsi ilə bağlı aksiya keçirənləri amansızlıqla dağıtdı. Üstündən bir neçə il keçəndən sonra isə, hakimiyyət milli heysiyyət simvolu oldu: Ramil yüksək səviyyədə azad edildi. Bəli, mən də razıyam, milli heysiyyət ailə məsələsi kimi bir şeydi, gərək həssas olasan. Ancaq hansı zaman və məkan intervallarında?..
Maraqlıdı: nədənsə həmin heysiyyət yalnız ermənilərlə milli zəmində mübahisədə və ya müəyyənləşdirilmiş konkret, ya da sərfəli məqamlarda yada düşdüyünə görə, onun saflığına və qutsallığına şübhə yaranır. Sanki o, idarə olunan bir mexanizmdi. Zəngli saat kimi qurulmağa tabedi.
Məsələn, şəxsən bir neçə mitinqdə öz gözlərimin şahidi olmuşam – polis həmin o üç rəngli bayrağı mitinqçinin əlindən alıb ayaqları altına atır, ayaqlayır, üstünə tüpürür və yeddi qat bir söyüş: “Sənin bayrağını…”.
Bu, həmin bayraq deyil yoxsa? Niyə o zaman milli heysiyyət cuşa gəlmir? Niyə bütün varlığını unudub, yəni Səfərov kimi affekt halına düşüb o polisi baltalamaq demirəm, heç olmasa çığnamırlar? Yoxsa bizim milli heysiyyət ancaq erməniləri görəndə oyanır? Elə isə, ermənini öldürmək yox, alqışlamaq lazımdı ki, bizim heysiyyətimizi div yuxusundan ayıldır…
Və yaxud, hər saat, hər gün, hər həftə, hər il və illər boyu təhqir olunan millət… Onun hər şeyi… Ona sırınan bərbad təhsil, qəssab səhiyyə, zalım ədliyyə, korrupsioner hakimiyyət… Elə təkcə təqaüdlərə əlavə edilən 70 qəpik! Bunlar milli heysiyyətin təhqiri deyilmi?
Demək ki, yalanmış. Milli heysiyyət deyilən bir şey yoxdu. Olsaydı, bu ölkə bu gün zəlilərin əlində zəlil günə qalmazdı.
Ona görə də belə məsələlərə obyektiv və soyuq ağlın məntiqiylə baxmaq çox çətindi. Psevdo-millətçilərin milli heysiyyəti şahə qalxa bilər. Mənim çətin dediyim hal xüsusən bu cür baltalama olayları ilə, məsələn, Əylislinin “Daş yuxuları”nı müqayisə edəndə üzə çıxır. Cəmiyyətdə birmənalı olmasa da birinə milli qəhrəman, birinə isə satqın kimi yanaşma formalaşıb.
Birində (Əylisli) “təsir əks təsirə bərabərdi” qanunuyla yaxınlaşma, barış, yumşalma, bir-birinə xoş sözlər söyləmək kimi borcluluq hissləri üzə çıxır, hətta məcburiyyətdən olsa da, xoşgörülü cestə xoşgörülü də cavab vermək ehtiyacı yaranır. Elə erməni yazıçısı Levon Cavaxyanın (“Kirvə” hekayəsinin müəllifi) dediyi kimi: “Məni ittiham edirdilər ki, mən ”azərbaycanlılar da bizim kimi insanlardır” demək istəmişəm. Doğrudan da bu, belədir. Demək istəmişəm ki, onlar haqda başkəsən obrazı yaratmaq lazım deyil, onlar da bizim kimi mehribandırlar, düşmənçiliyin olmasını istəmirlər. Söhbət təkcə inəyin pulundan, maddi borcdan getmir. Hekayədə demək istəyirəm ki, bu iki xalq bir-birinə borcludur, onların bir-biri qarşısında dostluq borcu var, sülh borcu var”.
Səfərov hadisəsi isə bu millətlərin bir-birinə “balta borcu” olduğunu təlqin eləyir. Bir neçə gün qabaq Kiyevdə olan hadisəni götürək. Erməni Xıdıryan Misak Adenosoviş Masallı rayonunun Bədalan kəndindən olan Əzizov Elşən Azad oğlunu milli zəmində mübahisənin sabahı balta ilə vurub.
Baxın, adam necə çətin vəziyyətdə qalır.
Ilk dəfə daşı kim atıb, ilk dəfə baltanı kim qaldırıb. Bunu sübut etmək mümkün deyil. Ancaq gəlin ilk dəfə kim sevgi göstərib, kim insanlıq edib, bunu araşdıraq və sübut edək ki, o, bizik. Qoy ermənilər də özlərini irəli atsınlar. Qoy dava sevgi davası olsun. Lakin bunun torpaqlarımızın qaytarılmasına heç bir aidiyyəti yoxdu. Söhbət sıfır həddində sevgidən gedir.