Almaniya prezidenti Leyla Yunusu təbrik etdi

Məlum olduğu kimi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa Almaniyada Theodor Haecker adına beynəlxalq mükafat təqdim olunub. Mükafatın təqdimatı mayın 5-də Almaniyanın Esslingen şəhərində keçirilib. Bu mükafat iki ildən bir azadlıq, demokratiya, sülh və humanizm ideallarının müdafiəsindəki cəsarətə, əzmkarlığa görə verilir. Bu mükafata layiq görülən L.Yunusu Avropanın digər tanınmış şəxləri ilə yanaşı Almaniya prezidenti İoahim Qauk da təbrik edib. Təbrikdə deyilir:
«Elmlər doktoru xanım Yunus kimi hüquq müdafiəçilərinə mükafat verməklə Esslingen şəhəri nəinki hər kəsə bu işin vacibliyini göstərir, həmçinin Almaniyada insanları öz hüquqlarının müdafiəçisi kimi çıxış etməyə, digərlərinin hüquqlarının müdafiəsində həmrəylik göstərməyə, həmrəylik və demokratiyanın böyük faydasını fərqli hiss etməyə həvəsləndirir. Almaniyanın federal prezidenti kimi mən xanım Yunusa asan olmayan bu işində güc və uğur arzulayıram».