Fövqəladə Hallar Nazirliyi xərclənən vəsaitlərlə bağlı məlumatları dövlət sirri kimi qoruyur
Ötən ilin may ayında Qax-Zaqatala-Balakən rayonlarında baş vermiş zəlzələnin nəticələri tam aradan qaldırılmayıb. Baxmayaraq ki, təbii fəlakət baş verən günün səhəri prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı. Sonra dövlət büdcəsindən 300 milyon qərb bölgəsinə “göndərildi”. Bu pul da az olduğundan belə qərara gəlindi ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) balansına 120 milyon da oturduldu. Ümumilikdə 420 milyon edir ki, bu pulla da sözügedən rayonları bir neçə dəfə yenidən qurmaq olardı, ancaq…
Bir evin tikilməsi 100 min dollara başa gəlir?
FHN-in məlumatına görə, ötən ilin may ayında baş vermiş zəlzələ ilə bağlı indiyə qədər 2984 ev tikilib, evləri bərpa-gücləndirmə ehtiyacı olduğu müəyyənləşdirilmiş 5077 ailəyə 16923,0 min manat yardımın ödənilməsinə başlanılıb.
Nazirliyin məlumatına görə, Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215, cəmi 3545 fərdi yaşayış evinin və 3 kommunal çox mənzilli yaşayış evlərinin tikintisinə başlanılıb: “Baxış aktlarına əsasən müəyyən edilmiş 5059 qəzalı evlərdən 3545 evin tikintisinə başlanılmış və yerdə qalan 1514 qəzalı evdən 1509 evin tikintisinə artıq göstəriş verilib (http://fhn.gov.az/index.php?aze/pages/256.).
FHN-in tərkibində yaradılan Komissiya “bərpa-gücləndirmə” adı altında zəlzələdən əziyyət çəkən ailələrə kompensasiyanı bu şərtlərlə verir:
– sahəsi 100 kv.m-ə qədər olan evlər üçün – 4000 manat;
– sahəsi 100-150 kv.m-ə qədər olan evlər üçün – 5000 manat;
– sahəsi 150-200 kv.m-ə qədər olan evlər üçün – 6000 manat;
– sahəsi 200 kv.m-dən artıq olan evlər üçün – 7000 manat
Haşiyəyə çıxaraq qeyd edək ki, FHN bu il yanvarın 7-də bəyan etdi ki, xərclənmiş 340 milyon manat vəsaitin 252 milyonu evlərin tikilməsinə sərf edilib və həmin zaman qeyd olunurdu ki, 2984 ev tikilərək istifadəyə verilib. 252 milyon manatı 2984-ə böləndə məlum olur ki, bir evin tikilməsinə orta hesabla 84 min 400 manat xərclənib. Belə çıxır ki, Zaqatalada bir evin tikilməsinə orta hesabla təxminən 100 min dollar xərclənib. Ancaq sakinlər nazirliyin bu məlumatı ilə razı deyillər. Onlar verilən kompensasiyanın az olmasından da gileylənirlər.
“Mənim evim hər an uça bilər. Ancaq təmir üçün cəmi 5 min manat ayırıblar”,- deyə Qandax kənd sakini Nazim Musayev etiraz edir. O evinə yenidən, ancaq obyektiv baxış keçirilməsini tələb edir.
Bəzi insanlar vəsaitin dəyən ziyanı bərpa etmək imkanında olmadığını əsas gətirərək yardımdan imtina edib.
“Bizə bərpa pulu lazım deyil, qoy onlar özləri evləri təmir etsinlər və evlərin yaşayış üçün yararlı olduğunu hesab edirlərsə, bizə təhlükəsizlik zəmanəti versinlər”- sakinlər deyirlər.
Evlər yarımçıqdır
Yaşayış üçün hazır olmayan evlərin yalnız bir otağını yarımçıq şəkildə hazırlayıb sakinlərin həmin evlərdə yaşaması təhlükəsizlik və sağlamlıq baxımdan qeyri-münasibdir. Belə ki, aparılan monitorinq zamanı məlum oldu ki, zəlzələ bölgəsində tikilən bir çox evlərin 2-ci mərtəbəsində iş gedir, 1-ci mərtəbədə isə vətəndaş orta hesabla 4-5 nəfərdən ibarət ailəsi ilə birlikdə bir otağa sığınıb yaşayır. Həmin ailələrdə uşaqlar, qocalar və xəstələr də var. Bu isə olduqca təhlükəlidir. Çünki 2-ci mərtəbədə iş gedərəkən birinci mərtəbədə yaşayan insanların təkcə rahatlığı baxımdan deyil, təhlükəsizliyi baxımdan ciddi problemlər yarana bilər. Yenicə tikilmiş, suvağı vurulmuş, hələ tam qurumamış evdə xüsusən də qış aylarında köçüb yaşaması onların sağlamlığı üçün təhlükəlidir.
FHN-in məlumatına görə, Zaqatalanın Qandax kəndində 49 ev tikilib istifadəyə verilib. Amma aparılan araşdırmalar zamanı məlum oldu ki, sözügedən kənddə evlərin böyük əksəriyyəti, təxminən 33 ev yaşayış üçün hələ hazır deyil. Sözügedən kənddə aparılan monitorinq zamanı evinə baxış keçirilən kənd sakini Fəryad Quliyevin evi yaşayış üçün hazır deyildi. O, qışı çadırda keçirməmək üçün öz ailəsi ilə birlikdə evin bir otağını hazırlayaraq orada yaşamağa məcbur olub.
Rayonun Yuxarı Çardaxlı kəndində də eyni vəziyyət hökm sürür. Belə ki, bu kənddə 39 evin tikilib istifadəyə verildiyi bildirilsə də, 26 ev yaşayış üçün hazır deyil. Kənd sakini Ilqar Ərtulovun evinə baxış keçirilərkən məlum oldu ki, onun evinin tikintisi 2 aydır davam etmir və tikinti işləri hələ tamamlanmayıb. Ancaq onun evi FHN-in təqdim etdiyi siyahıda artıq tikilib istifadəyə verilmiş ev kimi göstərilir. Özü isə evsiz olduğu üçün körpə uşaqları olan ailəsi ilə birlikdə taxtadan tikdiyi müvəqqəti sığınacaqda yaşayır.
Evlər qiymətindən çox baha…
Zəlzələ bölgəsində tikilən evlərin qiyməti Kür daşqınları zamanı mənzili qəzalı vəziyyətə düşən ev sahibləriylə eynidir. FHN-in məhkəmə zamanı açıqladığı rəqəmlərdən belə aydın olur ki, 2 otaqlı 71 kvadrat metr evin tikintisinə 42.958,33 manat xərclənib. Bu isə o deməkdir ki, həmin evin 1 kv metri 605 manata başa gəlib.
Qeyd edək ki, “Akkord” Şirkətlər Qrupu paytaxtın Yeni Yasamalda tikintisi başa çatmış hündür mərtəbəli binalarda evin 1 kvadrat metrini 475-500 manatdan satır. Nəzərə alaq ki, paytaxtda torpaq sahələri baha, üstəlik, sənədləşdirmə və vergi üçün də rəsmi və qeyri-rəsmi külli miqdarda pul ödənilir. Zəlzələ bölgəsində isə nə vergi verilir, nə də ev tikilməsi üçün torpaq sahəsi alınır, onda məntiqlə 1 kvadrat metrin qiyməti 475-500 manatdan qat-qat aşağı olmalıdır.
Qeyri-şəffaflıq…
Araşdırma zamanı məlum oldu ki, zəlzələ bölgəsində əsas problemlərdən biri də bölgədə çalışan işçilərin problemidir. Inşaat işlərinə cəlb olunan ustalar və fəhlələr bildirirlər ki, tikinti şirkətlərinin bir çoxu onları çox aşağı maaşla işlədərək sonda əmək haqlarını ya gecikdirirlər, ya da, ümumiyyətlə, vermirlər. Hətta buna görə bir neçə dəfə işlədikləri kəndlərdə (Danaçı, Mamrıx, Çobankol və s.) fəhlələr etiraz aksiyaları keçiriblər. Fəhlələr və iş icraçıları daha çox “Azəri-Trans”, “LN”, “Forvard”, “Azinko”, “Trans-Beton” və başqa MMC-lərdən narazılıq edirlər (Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə Qəbələdə də bir qrup fəhlə “Azəri-Trans”a etiraz əlaməti olaraq aksiya keçirmişdilər. Onlar maaşların azlığından, sosial təminatsızlıqdan əziyyət çəkdiklərini dilə gətiriblər. Məlumatlara görə, bu şirkət əvvəllər hazırda məhbəs həyatı yaşayan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olub. Onun həbsindən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov şirkəti ələ keçirib və hazırda “Gilan Holdinq”in tərkibindədir).
Zəlzələ bölgəsində fəaliyyət göstərən şirkətlər barədə hər hansı məlumat əldə etmək çox çətindir. Şirkətlərin əksəriyyətinin öncəki fəaliyyəti barədə məlumat, internet resursları yox səviyyəsindədir. Həmin şirkətlərin vergi və sosial ödənişləri barədə də məlumat əldə etmək mümkün deyil. Görünən odur ki, bu şirkərtlər qapalı və qeyri-şəffaf fəaliyyət göstərməyə üstünlük verirlər.
Zəlzələ bölgəsində bir problem də fəhlələrlə bağlıdır. Əsasən uzaq rayonlardan məcburiyyət qarşısında zəlzələ bölgəsinə işləməyə gələn bu adamların qalmağa yer, eləcə də isti yeməklə qidalanmaq, normal yuyunmaq və istirahət etmək imkanlarından məhrumdurlar. Tikinti şirkətləri onlarla heç bir müqavilə imzalamadığından fəhlələrin bir çox başqa hüquqları da pozulur.
Işçilərin bildirdiyinə görə, suvağın, alçipanın, döşəmənin vurulmasının bir kvadtratmetri üçün onlara 2 manat, hörgünün kvadratı üçünsə 2,5-3 manat pul verilir. Fəhlələr maaşın az olduğu və ya heç olmadığı üçün tikintilərdə həvəssiz işləyir, bu, hətta intihara belə səbəb olur.
“Kür” FHN-i korrupsiyyada ittiham edir
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının yaydığı məlumata görə, FHN-in iddia etdiyi sayda mənzil tikilməyib. Eləcə də görülən işlərin həcmi bu istiqamətdə ayrılan vəsait və itirilən zamanla müqayisədə adekvat deyil. Zəlzələ bölgəsində nəticələrin aradan qaldırılması üçün 420 milyon manat vəsait ayrılıb. Aparılan araşdırmalara görə, 420 milyon manat vəsaitin əhəmiyyətli hissəsi korrupsiyaya uğrayıb. Bu günə qədər zəlzələ bölgəsində işləyən podratçı təşkilatların kimliyi ictimaiyyətə məlum deyil. FHN bunu sanki ölkənin ən ciddi sirri olaraq saxlayır. Görülən işlərə gəlincə, FHN-in verdiyi məlumata görə, aradan keçən müddətdə 3341 ev tikilərək istifadəyə verilib. 17 milyon manat kompensasiya paylanılıb. Bu vəsaitlər bərpa-gücləndirməyə ehtiyacı olan mənzillərin sahiblərinə verilib. 26 orta məktəb tikilib.
***
2011-ci ildə Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən sonra bir il içində bölgə yenidən quruldu. Yeni şəhərin salınması Türkiyənin dövlət büdcəsinə cəmi 150 milyon dollara (təxminən 130 milyon manata – R.D.) başa gəldi. Zaqatalaya bundan 3 dəfə çox vəsait ayrılsa da, ortada ciddi nəticə yoxdur. Van söküldü və yenidən quruldu, bizim zəlzələ bölgəmiz isə söküldü, ancaq qurulmur…
Ramin DEKO


