Vaxt kimin xeyrinə işləyir?
Prezident seçkilərinə qalan müddət getdcikcə daralır. Bir neçə aydan sonra Azərbaycana növbəti beş ildə kimin rəhbərlik edəcəyi bəlli olacaq. Indi hamını ən çox maraqlandıran məsələ seçkidə kimin qalib gələcəyidir. 20 ildir hakimiyyətdən getməyən Yeni Azərbaycan Partiyasının namizədi, yoxsa, müxalifəti təmsil edən yeni qüvvə? Budəfəki seçkinin fərqli olacağı, Azərbaycan hakimiyyətinin heç vaxt indiki qədər çətin vəziyyətdə olmadığını iddia edənlərin sayı həm ölkə daxilində, həm də xaricində kifayət qədərdir.
“Ərəb baharı”ndan sonra dünyada baş verən dəyişikliklər, bəzi avtoritar rejimlərin devrilməsi, ümumiyyətlə dünyanın güc dövlətlərinin bu cür rejimlərlə bağlı mövqeyinin sərtləşməsi bu iddiaları bir qədər də möhkəmləndirir. Üstəlik son vaxtlar Qərbin Azərbaycan hökumətinə təzyiqlərinin artması, bir-birinin ardınca gələn tənqidi hesabatlar, hakimiyyətin ayrı-ayrı qruplarının, o cümlədən hakim ailənin biznesini ifşa edən materialların Qərb mətbuatına ayaq açması ən azı, heç nəyin əvvəlki qədər asan başa gəlməyəcəyini deməyə əsas verir.
Bəs, ölkənin aparıcı müxalifət partiyaları qarşıdakı həlledici seçki ilə bağlı nə düşünürlər? Vaxt kimin xeyrinə işləyir? Iqtidarın, yoxsa müxalifətin?
“Qərblə ”bazarlıq” cəhdləri baş tutmur”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə, vəziyyət kifayət qədər mürəkkəbdir: “Seçkiyə qədərki proseslərin inkişafına təsir göstərən faktorlar var. Proseslərə Azərbaycan cəmiyyətinin reaksiyası, müxalifətdaxili inteqrasiya prosesləri, hakimiyyətdaxili proseslər, o cümlədən beynəlxalq birliyin mövqeyi – bütün bu çoxsaylı faktorların qarşıdakı dönəmdə proseslərin gedişinə təsiri olacaq. Seçki yaxınlaşdıqca cəmiyyətdə hakimiyyətə qarşı narazılıq da artır. Cəmiyyət faktoru daha çox hakimiyyətin ziyanınadır. Insanlar dəyişikliklərə kökləniblər və bu istiqamətdə daha çox çalışırlar. Seçki ərəfəsi istər-istəməz cəmiyyətin siyasi fəallığı artacaq. Bu da paralel olaraq insanların istək və etirazlarını ifadə etmək imkanlarını artıracaq. Qarşıdakı dönəmdə yəqin ki, biz cəmiyyətdə daha ardıcıl fəallığa şahid olacağıq. Artıq bir çox regionlarda müstəqil şəkildə xalq etirazlarının baş qaldırması bu prosesin genişlənə biləcəyini göstərir. Beynəlxalq birlik faktoruna gəlincə, Azərbaycan hakimiyyəti bu mənada çox ciddi təzyiqlərlə üzləşir. Qərb demokratikləşmə ilə bağlı sistemli tələblər səsləndirir. Hakimiyyətin cəhdlərinə baxmayaraq, Qərblə demokratiya istiqamətdə ”bazarlıq” cəhdləri baş tutmur. Əvvəlki dövrlə müqayisədə vəziyyət hakimiyyətin əleyhinə dəyişib. Hakimiyyətin tək Qərblə deyil, Rusiya ilə də münasibətləri soyumaqdadır. Bütün bunlar hakimiyyətin həm daxili, həm xarici faktorlar baxımından çətin vəziyyətdə olduğunu göstərir. Eyni zamanda müxalifətdaxili inteqrasiya istiqamətində çox ciddi addımlar atılıb. Həm siyasi partiyaların, həm ziyalıların, həm vətəndaş cəmiyyəti institutlarının bu günə qədər olmamış miqyasda birliyini əhatə edən Milli Şuranın yaranması ideyası gündəmdədir. Bunlar da hakimiyyətin sıxışdırılmasına, ona olan təzyiqlərin artmasına gətirib çıxarır. Bütün hallarda proseslərin gedişi və necə nəticələnəcəyi əsasən Azərbaycan cəmiyyətinin fəallıq səviyyəsindən asılıdır. Bu məsələnin də konturları yaxın vaxtlarda konkretləşəcək. Əvvəlki seçkilərlə müqayisədə indi hakimiyyət daha əlverişsiz vəziyyətdədir. Proseslərin gedişi və zaman faktoru hakimiyyətin əleyhinədir. Təbii ki, seçki qanunvericiliyinə dəyişiklik olmayacaqsa, sərbəst toplaşmaq azadlığına təminat verilməyəcəksə, müxalifətin işi çətinləşəcək. Bu sahələrdə hələ ki heç bir irəliləyiş yoxdur. Əksinə hakimiyyət bu istiqamətdəki repressiya kursunu gücləndirməklə məşğuldur. Demokratik seçki imkanları olmayacaqsa, bu o deməkdir ki, həm xarici faktorlar, həm Azərbaycan cəmiyyətinin və müxalifətinin daxilində gedən proseslər dinc xalq etirazları ilə müşahidə olunan dəyişikliklərə indeksləşmiş olacaq. Bu halda proseslər təhlükəli məcraya yönəlmiş olacaq. Çünki hakimiyyət bütün demokratik vasitələrin önünü kəsməklə cəmiyyəti açıq qarşıdurmaya sürükləyir. Görəndə ki, demokratik müxalifətin səyləri ilə ölkədə dəyişikliklər gerçəkləşmir, demokratik yollar tıxanıb, o halda daha radikal təşəbbüslər üçün meydan açılacaq. Bu da hakimiyyət, eləcə də cəmiyyətin özü üçün təhlükəli sonluq vəd edir”.
“Hakimiyyəti çətin seçki gözləyir”
Müsavat başqanının müavini Gülağa Aslanlı isə vaxtın daha çox kimin xeyrinə olduğunu belə şərh edir: “Insanların narazılığı gündən-günə artır, beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə münasibəti pisləşməkdə davam edir. Beynəlxalq qurumların son zamanlar yaydıqları tənqidi hesabatlar da hakimiyyətin əleyhinə işləyir. Venesiya Komissiyasının 2009-cu ilin referendumundan sonra söylədiyi ”bir şəxsin iki dəfədən artıq prezident seçilməsi demokratik dəyərələr uyğun deyil” bəyanatını son günlər yenidən gündəmə gətirməsi də hakimiyyət üçün xoş olmayan vəziyyət yaradır. Müsavat Partiyası olaraq DSK-ların qərargahlarının yaradılması haqda düşünürük, imza toplayacaq şəxslərin siyahıları demək olar ki, hazırdır. Onlara təlimlər keçirilməsini planlaşdırırıq. Seçki qanunvericiliyinin dəyişdirilməsi istiqamətində həm beynəlxalq təşkilatlar, həm müxalifət partiyaları təşəbbüslərdə bulunublar. Seçki qanunvericiliyinə dəyişikliklə bağlı müraciəti 68 ictimai-siyasi təşkilat imzalayıb. Azərbaycan hakimiyyətinin hansı addımlar atacağını pronozlaşdırmaq çətindir. Bunlar seçki kampaniyası dövründə belə, seçki qanunvericiliyinə dəyişiklik edə bilirlər və edirlər.
Budəfəki seçkinin çətin keçəcəyini göstərən ən başlıca faktor odur ki, hazırda həm cəmiyyət, həm beynəlxalq aləm, həm Rusiya, həm Iran Azərbaycanda dəyişikliyin olmasını istəyən qüvvəyə çevrilib. Insanların 90 faizi bu hakimiyyətdən narazıdır. Hakimiyyət bilir ki, saxtakarlıq etməsə, mütləq məğlub olacaq. Hakimiyyətin əsas qorxusu xalqdandır. Əvvəllər beynəlxalq aləmdən müəyyən dəstək ala bilirdi, bu il bu istiqamətdə dəstək yox səviyyəsindədir. Bütün bunları nəzərə alaraq Azərbaycan hakimiyyətinin çətin seçkinin gözlədiyini demək olar”.
Gültəkin