Sürət əsrində yaşayırıq. Sürətə o qədər aludə olmuşuq ki, göndərdiyimiz hansısa xəbər, ya ismarış, ya canlı söhbətdəki yazışmamızda bir söz bir-iki saniyə gecikəndə qanımız it qanına dönür. Məsələn, dostumuz bizə yazır: “Salam. Necəsən?”. Biz cavab yazırıq: “Salam! Çox sağ ol. Sən necəsən?”. Bu arada setdə ani durğunluq olur, dost, iki saniyə gec alır cavabı və dərhal əsəbiləşib, klaviaturanın bütün nöqtə resurslarını işə salır: “…………….?”. Sən isə yenidən yazırsan: “Bu set çürütdü məni” və ardıyca da bir bədheybət smayl: (Halbuki, bu sürət olmasaydı, deyək ki, Fransada yaşayan bir dostuna salamını bir ilə güclə çatdırıb, bir ilə də güclə cavab ala bilərdin, ya yox. Hələ poçtla göndərilən kağız məktublar: “Əvvəla salam. Salamdan sonra, əgər bizim tərəflərin…” və s. və i.a. Indi isə iki-üç saniyəlik gecikmə və yanğın kimi bir şey. Sanki dostunun əhvalı haqda iki saniyə gec xəbər tutmaqla dünya dağılır.
Bir vaxtlar qəzetlərimiz həftəlik çıxırdı. Xəbərlərin ən azı 5-6 günlük yaşı olurdu. Ancaq kim bu xəbərlərin boyat olmasından gileylənirdi? Hər kəs bu həftəlik xəbərləri gözünə təpişdirirdi. Indi üstündən üç dəqiqə keçəndən sonra xəbər köhnəlir. Dünən çıxan xəbərə iki gün sonra köşə həsr etsən, oxucu qardaş dodaq büzür.
Xəbərlər efirdə ekranın aşağı üfüqündən ildırım sürətilə axır. Tutdun, tutdun, tutmadın batdın. Qaldın dəstədən geri. Dədənin evi yıxıldı.
Mən isə xəbəri iki-üç gün boş buraxıb, sonra o mövzuda yazmağı sevirəm. Oxucuların yaddaşını yeniləməkdə zərər yoxdu. Xəbərin sürətli axışı bizə xəbərləri unutdurmaq üçündü, xəbəri anında çatdırmaq üçün deyil. Dünya və dünən sürətlə yadımızdan çıxır.
Bir neçə gün əvvəl Rasim Balayev haqda bir xəbər oxudum. 18 günmüş yıxılıb qolunu sındırıbmış. Demə, ötən il də ayağını qırıbmış. Indi yataqdadı. Bəlkə bu yazı yazılanda artıq ustad sənətkar ayaq üstədi. Təki elə olsun. O da bu yazını oxusa, geri boylanar.
Qol sınığı faciəli bir şey deyil. Iki qolumdan bilirəm. Nə qədər bayağı olsa da, yerinə düşür – təki ürək sınmasın. Xəbərdən anladım ki, deyəsən, aktyoru da yandıran budu. Sınan da onun ürəyidi, qolu deyil. “Bu səbəbdən də sıxıldığını, darıxdığını deyən aktyor ailə üzvlərindən savayı dərdini bölüşməyə bir kəs tapmır”.
Murdar insanlar vicdanına qarşı gedəndə başlarına heç nə gəlmir adəta. Ancaq içində işıq olan adam ayağını əyri atan kimi, başına iş gəlir. Dərhal ayağı büdrəyir, özünün xəbəri olmadan yıxılır və bir də xəbər tutur ki, əlini, ayağını sındırıb.
Rasim bəy deyir: “Darıxıram. Bilmirəm, mənə nə oldu?.. Ötən yay qıçım sındı, indi də qolum. Fikirli də deyildim, elə bil məni götürüb yerə çırpdılar”.
Sizə elə gəlmirmi ki, bu, sadəcə, aktyora belə gəlir? Yəni “fikirli də deyildim”,- deyir. Inanırsızmı buna? Mən inanmıram. Ötənlərdə onunla oynanılan qəddar oyunu, başına gətirilən işgəncəni unuda bilərmi Rasim bəy kimi bir zat? Mümkünmü? Deyil. Məncə, deyil. Kinematoqrafçılar Ittifaqında baş verənləri unuda bilərmi o? Bilməz! Sadəcə, ona elə gələ bilər ki, unudub. Və bu heynidə unudub ayağını yanlış atacaq, qolunu sındıracaq. Onu gerçəkdən götürüb yerə çırpıblar.
“Indi məni yada salan ancaq jurnalistlərdir. Zəng edib deyirlər ki, filankəs prezident olmaq istəyir. Deyirəm ki, kim nə olur, olsun, mənə nə. Adamın canı ağrıyanda heç özü də yada düşmür”. Ağrıyan Rasim bəyin canı deyil, ruhudu. Onun ruhunu yerə çırpıblar. Necə ki, bütün milləti yerə çırpıblar və millət özünü sındıra-sındıra gedir. Özü də bilmir ki, ona nə olub. Axı fikirli-zad da deyil. Sadəcə, elə bilir ki, onu götürüb yerə çırpırlar. Ancaq kimdi çırpan? Bunu bilmək üçünsə ara-bir dönüb geri baxmaq lazımdı…

Məni götürüb yerə çırpdılar
•
•