kerem hesenov

Kərəm Həsənov torpaq komitəsini ələ keçirmək istəyir

kerem hesenovKomitə sədri Ramiz Mehdiyevin bir nömrəli adamına qarşı savaş açıb  

Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun direktoru, millət vəkili Ayaz Orucovun tutduğu vəzifədən azad edilərkən məlumat vermişdik ki, bəzi mənbələr bunu hakimiyyət daxilindəki ziddiyyətlərlə bağlayır. Məsələ burasındadır ki, Ayaz Qocayev prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs sayılır.
Məcburi Köçkünlər və Qaçqınlarla Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandasının üzvüdür. Ramiz Mehdiyevlə Bəylər Əyyubovun maraqları bir çox sahələrdə, xüsusilə metal biznesinin inhisara alınmasında toqquşur. Ayaz Qocayevin işdən çıxarılması isə bu toqquşmanın pik həddə çatdığının göstəricisi ola bilər.
Bu günlərdə əldə etdiyimiz məlumatlara görə, Ramiz Mehdiyevlə Bəylər Əyyubov başqa bir məsələdə də üz-üzə gəliblər. Məlumatlara görə, bir neçə müddətdir Bəylər Əyyubovla işbirliyində olan əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini rəhbərlik etdiyi quruma birləşdirməyə çalışır. Dövlət torpaq və xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov isə Ramiz Mehdiyevin bir nömrəli adamı hesab edilir. Və təbii ki, PA rəhbəri Kərəm Həsənovun bu istəyinə ciddi dirəniş göstərir. Əmlak komitəsinin rəhbəri də fürsət düşdükcə Qərib Məmmədovu “vurmağa” çalışır. Məlumatlarda bildirilir ki, torpaq sahələrinin özəlləşdirilməsilə bağlı yaranan problemlər də məhz bu məsələdən qaynaqlanır.
Başqa bir məlumatda isə deyilir ki, bir müddət əvvəl Daşkəsəndə Filiz Saflaşdırma Kombinatına basqında Kərəm Həsənovun rolu olub. Xatırladaq ki, basqınçılar kombinatın direktoru Ələddin Qasımovun üzərinə silah çəkərək ondan müəssisənin təhvil verməsini tələb ediblər. Ələddin Qasımov həmin şəxslərdən kim olduqlarını, hansı əsasla kombinatı ondan almaq istədiklərini soruşub. Həmin şəxslər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamları olduqlarını iddia ediblər.
Əslində isə həmin şəxslər ora elə Kərəm Həsənovun göstərişi ilə gəliblər. Sadəcə Ramiz Mehdiyevin adını hallandırmaqla izi azdırmağa çalışıblar.