İTV necə idarə olunur (II yazı)

İctimai televiziya yarandığı çağdan ictimaiyyətin gözləntilərini, demokratik düşərgənin ümidlərini doğrultmadı. Əlbəttə, bu daha çox hakimiyyətdən gələn görsənişdi. Hətta indi adama elə gəlir ki, Ismayıl Ömərov iqtidarın etimadını yetərincə doğrultmadı deyə onu direktorluqdan çıxardılar. Bunun doğru baxış olub-olmadığını zaman göstərəcək. Hələlik efirdə gözləntilərlə, ümidlərlə bağlı hər hansı dəyişiklik yoxdur.

Birinci yazı üçün daxil ol

Televiziyadaxili idarəçilikdə isə pisə doğru dəyişikliklər başlayıb. Bu, əməkdaşları narahat edir və onlar ədalətsiz münasibətlə üzləşmək istəmirlər. Ortada yaxın illərin təcrübəsi var. AzTV-nin 3 min nəfərlik kollektivi üç ilə pərən-pərən edildi. Təcrübəlilərin yerinə təcrübəsizlər, adi davranış qaydalarını, etik normaları gözləməyənlər, əxlaq sarıdan problemləri olanlar gətirildi. Hətta onların bəziləri rəhbər vəzifələrə təyin edildi. ITV-çiləri də qorxudan elə budur: “Atın uzunqulağın quyruğuna bağlanması”. Daha bir qorxu AzTV-ni başına götürən rüşvət faktının ITV-ni də caynağına ala bilməsidir.

Direktorlar Şurasının yeni tərkibi gözdən pərdə üçündür

Bir neçə gün qabaq Ictimai teleradionun Direktorlar Şurasının üzvləri təsdiqləndi. 18 nəfərdir. 18 nəfər. Adama gülməli gəlir. Azərbaycanda idarəçiliyin hansı üsullarla aparıldığını bildiyimizə görə gülməli gəlir. Ölsa-olsa onlardan ancaq birinin – baş direktor Cəmil Quliyevin nəyəsə ciddi təsiri ola bilər, vəssalam. Qalan 17 nəfər “baş üstə”yə xidmət edir. Direktorlar Şurasının formal qurum olduğunu bircə faktla sübut etmək olar. Şura təsdiqləndi, təsdiq xəbəri mediaya çıxdı, səhərisi Musiqi və Əyləncəli Verilişlər departamentinin direktoru Natiq Abdullayev işdən çıxarıldı. “Öz ərizəsilə”. O, AzTV-nin “Xəbərlər”indən gəlmişdi ITV-yə. Maliyyə və Marketinq departanentinin direktoru Şəfəq Nəcəfovanın ərizəsi isə 20 gün qabaqdan alınıb. Sadəcə şirkətdə vergi yoxlamaları sona çatmadığından Ş.Nəcəfova işini təhvil verə bilmir. Üstəlik, yoxlamaların nəylə sonuclanacağı da bəlli deyil.
Direktorlar Şurasının köhnə üzvlərini isə hər an işini itirmək təhlükəsi gözləyir. Işdən çıxarılanları direktor Cəmil Quliyev mədəni formada “inciməyin, mən öz adamlarımla işləmək istəyirəm”lə yola salır. Ismayıl Ömərovun kadrları işdən çıxarılır. Əvəzində ITV-dən, yaxud efirdən uzaqlaşdırılanlar yerinə qayıdır. Xeyli vaxtdır gözə dəyməyən “Iqtisadiyyat xəbərləri” bərpa olunub, iqtisadi bilikləri olmayan aparıcı Mehparə Quliyeva da artıq hər axşam efirdədir. ITV-də “ikinci həyat”ını yaşayanlar hələ olacaq. Sırada Vüsalə Kərimova, Vüsalə Ilyasova kimi bir zamanlar burda çalışanlar var. Ömərovun işdən çıxarılmayan kadrlarının səlahiyyətləri isə əlindən alınır. Baş direktorun bütün işlərə müdaxilə haqqı olan birinci müavini indi ancaq televiziya üzrə müavin olub. Üstəlik, ITV-çilər çaşqınlıq içindədirlər. AzTV-dən gələn Kadrlar idarəsinin rəisi, köhnə işdəki sıradan avtomobilini “Folsfagen”ə dəyişən Mansur Bayramov tezliklə müqavilə əsaslı işə keçiləcəyini dilindən qaçırıb. AzTV illərdir müqavilə sisteminə keçib. Bu sistem Nizami Xudiyevin zamanında tətbiq olunsa da, onun müəllifi Arif Alışanovdur. Hazırda AzTV-də yaradıcı işçilərlə iki-üç aylıq müqavilələr bağlanır. Əmək haqqı verilmir. Sədrin sevimliləri yüksək və normal, böyük əksəriyyət aşağı, bəziləri isə qəpik-quruş qonorara çalışır. Qısamüddətli müqavilələr rəhbərliyə ən layiqli işçini belə anındaca işdən çıxarmağa imkan verir. Bu, insan talelərilə oynamağın, hökmranlığın qanuni haqq tanıdan yoludur. Ona görə də hazırda yerli instansiya məhkəmələrində, hətta Avropa Məhkəməsində AzTV-yə qarşı məhkəmə işləri var. Yaxınlarda Azərbaycan Hökuməti AzTV-yə görə cərimələnə bilər. Deyəsən, müqaviləli əmək prinsipi AzTV kimi ITV-də çalışanların da başına iş açacaq.

Yayım Şurası – ədalətsizliyin şəriki

Ictimaidə Yayım Şurasının heç vaxt sanballı səlahiyyəti olmayıb. Yayım Şurasının fəaliyyəti nələrisə təsdiqləməkdən, təklif etməkdən, bir də tərifləməkdən ibarət olub. Üçüncü dəfədir direktor seçkisini göstərişlə həyata keçirən Şura üzvlərinin əslində suçu da yoxdur. Azərbaycan reallığı belədir. Deyək ki, şura üzvləri nəyləsə razılaşmadılar. Etiraz qəbul oluna bilməz. Uzaqbaşı Şuradan uzaqlaşmaq imkanı var. Belə hal baş versə, biri gedəcək, ondan daha pisi gələcək. Bu ölkədə hələ gedənin yerinə yaxşının gəldiyini görən olmayıb. Amma ITV-də direktor dəyişikliyi Yayım Şurasının sədri Cahangir Məmmədliyə düşüb. ITV-çilər C.Məmmədliyə təzə otaq, qəşəng xarici maşın verildiyini söyləyirlər. Bunlar işləmək üçün yaradılan şərait deyil, əksinə, susmaq üçün verilən töhfədir. Belə olmasaydı Yayım Şurası bu gün Direktorlar Şurasına təsdiqlədiyi Natiq Abdullayevin səhəri gün işdən çıxarılmasına münasibət bildirərdi. Ən azı onları “yüngülsaqqal” etdiyinə görə baş direktor Cəmil Quliyevə iradını çatdırardı. 74 yaşlı təqaüdçünün Proqram Direktorluğuna rəhbər gətirilməsinə etiraz edərdi. Yəni bu ölkədə televiziya efirini nizamlayacaq dünya televiziya təcrübəsindən məlumatlı birisi yoxdur ki, yaşlı adamı gah ora, gah bura çəkirlər? Adamı öncə AzTV-yə proqram direktoru gətirirlər, sonra Müəllif Proqramlarına rəhbər aparırlar, ordan Mədəniyyət kanalına keçirirlər, ordan ITV-yə ötürürlər. Fuad Vəlixanov hansı xidmətlərinə görə əvəzolunmaz kadra çevrilib, çox maraqlıdır. O ki qaldı F.Vəlixanovun ermənilərlə hər hansı qohumluq əlaqəsinə – bu, mətbuatda bizdən öncə açıqlanmış faktdır. Onu yerində yoxlamaq isə mümkün deyil. Bilirik, AzTV-də ailə üzvləri, özləri erməni olanlar var. Amma onlar sıravi işçilərdir. Ictimai televiziyada rəhbər vəzifəyə gətirilən adam barədə hətta təsdiqlənməmiş olsa belə, bu sayaq məlumatın olması yolverilməzdir.
Əlavə edək ki, “Azadlıq” olaraq həmişə ən çox AzTV-yə, ITV-yə və ANS-ə diqqət ayırmışıq. Onlarla bağlı əldə etdiyimiz informasiyanı, efirdə gördüyümüz nöqsanları çatdırmışıq. Televiziyanın gücünü yaxşı bilirik. Üstün münasibət bəlkə balansın pozulması olsa da, AzTV və ITV hər birimizin vergi ödəmələrindən maliyyələşdiyinə görə onlara qarşı daha diqqətliyik. ANS-ə isə insanlara geniş təsir imkanları olduğundan tez-tez müraciət edirik. Odur ki, problemlər olduqca, həmkarlarımımz haqsızlıqla üzləşdikcə AzTV, ITV ilə bağlı yazılar da olacaq. Cida çuvalda gizlənməz…

A.Akifoğlu