İlham Əliyev getməyə hazırlaşır

Dövlət başçısı seçki ilində eks prezidentlərin qayğısına niyə qalır?

“Prezidentin statusu haqqında” qanuna növbəti dəyişiklik edildi. Yenilik ondan ibarətdir ki, bundan sonra qanuna görə, sabiq prezidentlər və onların xanımları ömürlük diplomatik pasportla təmin olunacaqlar. Bu dəyişikliyə nədən zərurət yarandı? Ümumiyyətlə, zamanlama baxımından belə bir  hüquqi normaya nə ehtiyac var idi? Bu və buna bənzər suallar təbii ki, çoxdur. Amma əsas məsələ odur ki, ictimai rəy bu dəyişikliyi hakimiyyət ətrafında və daxilində baş verən bir çox hadisələrin təzahürü kimi dəyərləndirir. Əslində nə baş verir? Ilham Əliyevin bu dəyişikliyə ehtiyac duymasının arxasında hansı gerçək səbəblər durur?

Bu, taktiki səhv idi…

Prezidentliyə namizəd olub-olmaması ətrafında siyasi və hüquqi diskussiyalar getdiyi bir ərəfədə Ilham Əliyev eks-prezidentlərin statusunu daha da möhkəmləndirən qərar verir. Belə bir şəraitdə Ilham Əliyevin namizəd olmayacağı, hətta olsa belə, yenidən prezident olmayacağını bildiyi aydın sezilir. Dövlət başçısı gələcəyə dair bəyanat vermir, sadəcə, özünün də daxil olduğu kateqoriyanın vəziyyətini qarantiyalamış olur. Bu halda, Ilham Əliyevin namizədliyi ətrafındaki siyasi disskussiyalar, onun yenidən prezident olacağına dair fikirlər xeyli dərəcədə əhəmiyyətini itirir. Çünki hazırkı dövlət başçısı bu addımı ilə özünü eks-prezident statusunda müdafiə etmiş olur.
Əlbəttə, bəziləri deyə bilər ki, bu, başqa eks-prezidentlər üçün nəzərdə tutulan qanun dəyişikliyi ola bilər. Amma siyasi təcrübə göstərir ki, hazırkı iqtidar, xüsusilə Ilham Əliyev özünü müdafiə etməyən heç bir yenilikdə xüsusi təşəbbüskar olmur. Bunu onlardan gözləmək də siyasi cəhətdən qeyri-peşəkarlıq olardı.

Bu bir mesaj idi – kimə və necə?

Ilham Əliyevin bu addımı ciddi bir mesaj idi. Əlbəttə, hər kəsə. Amma bu mesajdan kimlər və necə nəticə çıxarmalıdır?
Birincisi, hakimiyyətin daxilində hakim ailənin maraqları naminə bütün cəmiyyətlə düşmən olmağa hazır qüvvələr, onların başçıları və ya elə icraçıları üçün burada maraqlı bir mesaj var. Ilham Əliyev öz vəziyyətini düzəltmək üçün əlindən gələni edir, qanunlar yaradır, izahlar, bəhanələr, əsaslandırmalar formalaşdırır. Bu o deməkdir ki, artıq müdafiə olunmaq haqqında düşünür və həm də ancaq özünü müdafiə edir. Amma onun üçün bütün qanunları tapdayan, hətta cinayətlərə yol verən adamlar barədə heç bir yol düşünmür. Onları bu hakimiyyətin çoxillik qanunsuzluqlarının hədəfi kimi qoyub getmək istəyir. Deməli, cəmiyyətlə, onun dəyərlərilə bir ailənin maraqları naminə düşmən olmaq, qanunları tapdamaq doğru yol deyil. Bir halda ki, Ilham Əliyev özünü qorumaq üçün əlindən gələni edir, o zaman niyə gənc insanlar özlərinin gələcəyini düşünməsinlər?!
Hüquq-mühafizə orqanlarında, xüsusi xidmət orqanlarında, ayrı-ayrı nazirliklərdə bir ailənin iqtisadi və siyasi maraqları üçün cinayətlərə bulaşdırılan gənclər üçün Ilham Əliyevin bu addımı xüsusi mesaj ola bilər. Yəni, hər kəs nəhayət, elədiklərinə görə cavab verəcək. Bunu Ilham Əliyev hər kəsdən daha yaxşı görür və bilir.

Müxalifətə də mesaj var

Ikincisi, bu addım həm də müxalifət qüvvələrinə bir mesaj olmalıdır. Onlar getməyə hazırlaşan bir rejimin yenidən revanş götürməsinə imkan verməməlidir. Söhbət təkcə təşkilatlanmış müxalifətdən getmir. Həm də bütün müxalif və müstəqil fikir sahiblərindən, Azərbaycanda dinc və demokratik dəyişikliyi istəyən insanlardan, ictimai-siyasi xadimlərdən gedir. Onlar siyasi partiyaların üzərində ictimai nəzarət funksiyasını yerinə yetirməli, eyni zamanda, bu prosesin fəal iştirakçısı olmalıdır. Bu gün kimin vahid namizəd olmasından dəfələrlə önəmli məsələ hakimiyyətin diqtəsindən kənarda bir prosesin başlamasıdır. Bunun üçün ölkədə hər cür siyasi-psixoloji şərait yetişsə də, lazımi təşkilati prosesi görmürük. Hakimiyyətə nöbəti dəfə şans vermək, birlik prosesindən kənarda qalmaq, artıq yeni dövrün  siyasi satqınlığı kimi qiymətləndiriləcək.