Yeni tikintilər azərbaycanlılara baha başa gəlir…
Ölkədə tikinti bumu başlayandan göydələnlər mövzusu aktuallığını itirmir. Bakı şəhər Icra Hakimiyyəti standartlardan kənar mərtəbədə bina tikintisini bir müddət əvvəl yasaq etsə də, praktikada məsələ öz həllini tapmadı. Maraqlıdır ki, hətta 5 ballıq zəlzələyə də davamlı olmayan tikintilərin davam etdirilməsi insan həyatının təhlükəsizliyindən üstün tutulur. Hətta 2007-ci ildə paytaxtın mərkəzində göydələnin uçması və nəticədə 25 nəfərin həlak olması da məsələnin daha normal şəkildə reallaşmasını təmin edə bilmədi. Tikinti standartlarına uyğun olub-olmamasına əhəmiyyət verilmədən göydələnlər tikilir və insanlar evsizlik problemini həll etdiyini düşünərək, həmin binalara pul ödəməkdə davam edir.
Yeni binaların təhlükəsizliyi sual altındadır
Tikintisinin başa çatıb-çatmayacağına əmin olmadan, bünövrədən başlayaraq mənzilləri almaq istəyənlərdən pul tələb olunur. Hazırkı sosial bərabərsizlik şəraitində yaşayan insanlar bünövrədən satışın nisbətən ucuz olduğunu nəzərə alaraq, kimisi əlinə pul düşən kimi, kimisi bankdan kredit götürərək, kimisi də qohum-əqrəbanın yardımı nəticəsində həmin tikintiyə “pul qoyur”. Bəzən insanların özü də bilmir ki, tikintini həyata keçirən MTK, şirkət rəhbəri dələduz da ola, vətəndaşlardan topladığı pulları yığıb aradan da çıxa bilər. Hər halda, məhkəmə təcrübəsində neçə-neçə belə işlərin şahidi olmuşuq. Amma başının üstündə damının olacağı ümidilə tikintinin hər gün qoyulan daşına, kərpicinə, sementinə, bir sözlə, toz-torpağına gözlərini dikən azərbaycanlı üçün işin təhlükəli tərəfi maraqlı deyil. Ən azı, “şər deməsən, xeyir gəlməz” misalını tərsinə çevirmək istəmir. Amma bu məqamdan çox mahir formada istifadə edən şirkət rəhbərləri vətəndaşların ümidinin müqabilində ağlagəlməz oyunlardan çıxırlar. Məsələn, göydələnlərin tikintisində standartlara cavab verməyən tikinti materialından istifadə etməkdən tutmuş, bir evi bir neçə ayrı-ayrı vətəndaşlara satmağa qədər…
Eyni mənzillərin müxtəlif vətəndaşlara satılmasıyla bağlı çoxsaylı istintaq və məhkəmə prosesləri gedib. Mətbuatda da bu yüzlərlə məqalə dərc olunub. Amma bu pis təcrübəyə son qoyulmur.
Redaksiyamıza bu problemlə əlaqədar daxil olan şikayətlərin bir çoxunda vətəndaşlar bildirirlər ki, onların şirkətə borcu olmadığı və əllərində bunu təsdiqləyən arayış olduğu halda, şirkət rəhbərliyi mənzillərin müqavilədə göstərilən sahələrini kağız üzərində artırır və artırılmış hər kvadrat metr üçün 600-800 dollar pul tələb edir. Əlavə pulu vermək istəməyənlərə isə mənzillərini təmir elətdirməyə yasaq qoyulur. Eləcə də, bu şirkətdə təkcə müqaviləni başqa adamın adına dəyişmək 3 min manatdır.
Göydələnlərdə baş verən ölüm hadisələri araşdırılmır
Yeni tikintilərdəki problemin digər ucu bədbəxt hadisələrlə bağlıdır. Texniki təhlükəsizliyə riayət olunmadığını görə, indiyə qədər göydələnlərin inşasında onlarla bədbəxt hadisələr yaşanıb. Yeri gəlmişkən, işçilərlə əmək müqaviləsi bağlanmadığı, bəzən də bu müqavilə formal xarakter daşıdığı – maaş, iş rejimi və digər lazımi şərtlər göstərilmədiyi üçün problemlər də qaçılmaz olur. Həmin müqavilə də heç bir hüquqi mahiyyət daşımır.
Hər gün, hətta televiziya ekranından da bizə yaxşı tanış olan, tikintidə dünyasını dəyişənlərin məsuliyyətini daşıyan bir orqanın varlığı ilə yoxluğunun isə heç bir fərqi yoxdur. Çünki hündürlükdən yıxılan, başına daş, dəmir parçası düşən, yaxud təhlükəsizliyi qorunmadığı üçün ya donvurma, ya da ki, günvurmadan ölən fəhlələrin hesabını aparan olmayıb indiyədək. Bir sözlə, insan faktoru bazar maraqlarına gözgörəsi qurban verilir.
Yaxşı ki, Bakıda sunami və ya yüksək ballı zəlzələ olmur…
Bu təsəlliverici sözləri son zamanlar tez-tez təkrarlayan Bakı əhalisi bölgələrdə baş verən zəlzələdən sonra az da olsa, qorxuya düşüb. Çünki tikinti sahəsinin mütəxəssisləri Bakının yeni tikintilərinin 5 ballıq zəlzələdən yerlə-yeksan olacağı qənaətindədir. Hündürmərtəbəli binalar, daha doğrusu, təhlükəsizliyi sual altında olan mənzillərə görə havaya pul sovuran insanlar üçün bu, əsl fəlakət olardı. Hər halda, maddi vəsaiti itirmək qorxusu sıravi bir azərbaycanlı üçün bu gün təbii fəlakətlər qədər dəhşətlidir. Sosial-iqtisadi vəziyyəti acınacaqlı olan soydaşlarımızın həmin tikintilərə qoyduğu pul və gözlədiyi zamanı nəzərə alsaq, onların durumunu anlamaq çətin deyil. Amma gərəkdir, tikintini həyata keçirən insanlarda da bir vicdan ola ki, insanların həyatı və cibi ilə oynamasınlar.
Göydələnlərdə kommunal xərclər daha baha, kommunikasiya sistemi isə etibarsız…
Göydələndə yaşayan sakinlərin hamısı qeyd-şərtsiz təsdiq edər ki, bu binaların kommunal xərcləri sovet dövründə tikilmiş binalardakından xeyli çoxdur. Bunu əyani görmək üçün rəqəmlərə müraciət edək.
Məsələn, 100 kvadrat metrdən başlayaraq, binanın mənzil haqqı aylıq 20 manatdan aşağı olmur. MTK-lar bazar iqtisadiyyatını əsas gətirərək, sakinlərin başını tovlamaq üçün olmazın üsullara əl atır. Binanın hər tinində, liftin qarşısında, hətta içində kamera quraşdırılmasına baxmayaraq, sakinlərin təhlükəsizliyinə zəmanət yoxdur. Elə göydələnlərin birində bugünlərdə baş verən oğurluq hadisəsi təhlükəsizliyin görüntü xarakteri daşıdığını isbat etdi. Bir neçə mərtəbədən ayaqqabı, velosiped və s. avadanlıq oğurlayan şəxslər nədənsə liftlərdə “işləyən” kameralara düşmədi. Görüntüləri incələmək istəməyən nəzarətçi mühafizəçilər isə bunu oğurluğu edən şəxslərin liftlə deyil, pilləkənlə qaçmasıyla əsaslandırdılar. Maraqlıdır, sakin təhlükəsizliyə görə pul ödəyir və onun əşyasından tutmuş, özünə qədər hansısa narahatlıq yaranır, amma bunun nədənini öyrənə bilmir.
Eləcə də həmin 20 manata daxil olan zibillərin daşınmasıyla bağlı çətinliklər də kifayət qədərdir. Çünki günlərlə üst-üstə yığılan zibil yeşiklərinin qalaqlanıb qalması anti-sanitariya yaratmaqla yanaşı, həm də pis bir görüntü sərgiləyir. 20 manat ödəyən sakinin binası zibilliklərilə məşhur köhnə binalardan heç nəyilə fərqlənmir. Burada deyiblər, vətəndaşın həm canı, həm də malı əldən gedir. MTK əməkdaşlarından soruşanda isə elə məharətlə can qurtarırlar ki, adamın matı-qutu quruyur.
Beləliklə, su sayğacının bağlanmasına baxmayaraq, onun pul yazması, elektrik enerjisi kilovatının bir neçə dəfə yüksək göstərilməsi, divarlararası “uteçkalar” müasir göydələnlərin daimi problemidir. Hətta “Azərsu”nun əməkdaşı da bir sakinin daim isti sudan əziyyət çəkdiyini, yəni, onun mənzilinə soyuq su verilmədiyini, adamın isti suyu vedrələrdə soyudandan sonra istifadə etdiyini bildirir. Bunun səbəbini isə göydələnlərin su xətti çəkiləndə səriştəsizlik, sonra da məsuliyyətsizliyin nəticəsilə izah etdi.
Bu qədər problemi olan məsələlər barədə isə hansısa əlaqədar qurum iş görmək istəmir. Özəl binanın toxunulmazlıq statusunu belə getsə, deyəsən, pozan olmayacaq.
Bir nəfərin iki sayğacına nə deyəsən?
Yarımbaşlığa çıxardığımız bu problem də hündürmətəbəli binalarda aktuallığını saxlayan problemlərdən biridir. Yasamal rayonundakı göydələndə yaşayan bir vətəndaş elektrik enerjisindən istifadəyə görə qəbzi alanda nitqi quruyur. Çünki ona istifadə etdiyindən beşqat artıq pul yazılıb. Bunun səbəbini uzun araşdırmalardan sonra öyrənən vətəndaşın adına sən demə, binada iki sayğac quraşdırılıbmış.
Bir sözlə, anarxiya olan yerdə hər cür mənzərə görməyə məəttəl qalmamalıyıq. Amma “balıq başdan iylənər” deyib atalar. Binanın yerini satın alan tikinti kooperativi, iş adamının onu qarşıda gözləyən nəzarətsizlikdən sui-istifadəsinin nəticəsidir bütün bunlar. Yuxarıdan aşağı rüşvətlə hər işi həll etmək mümkündürsə, nədən bundan bəhrələnməyəsən? Elə bu arqumentlə də işbazlar insanların həyatı ilə oynamaqda davam edir. “Dur!” deyən isə təəssüf ki yoxdur. Çünki hamısı bir çamura bulaşıb.
Sosial şöbə