Aslan İsmayılov İradə Cavadovanın cavabını verdi

«Onun müdafiəsinə ehtiyac yoxdur»

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil İradə Cavadova bu günlərdə qurumdan xaric edilən tanınmış vəkil Aslan İsmayılova qarşı sərt ifadələr işlədib. A.İsmayılovun əleyhinə səs verənlərdən biri olduğunu etiraf edən xanım vəkil Modern.az saytına açıqlamasında Aslan İsmayılovun iclasdan sonra KİV-də yanlış informasiya yaymasını təəssüf hiss ilə qarşıladığını qeyd edib: “Onun qeyd etdiyi fikirləri qətiyyən bölüşmürəm. Çünki tamamilə düzgün informasiya təqdim etməyib. 2003-cü ildən bəri olan fəaliyyətindən çox şeylər danışıb və bu informasiyaların heç birisi ilə razı deyiləm. Onun hərəkətlərindəki qanunsuzluq müdafiə etdiyi, halbuki müdafiəçisi olmadığı şəxslə bağlı olub, etik qaydalara riayət etməyən hərəkətlərə yol verdiyinə görə belə bir qərar qəbul edilib. Çox təəssüf edirəm ki, Aslan İsmayılov bütün vəkilləri təhqir edib».
İ.Cavadovanın söylədiklərinə cavab verən Aslan İsmayov xanım vəkilin hərəkətindən təəssüfləndiyini və onun müdafiəsinə ehtiyac duymadığını qeyd etdi: «Orda yekdilliklə əleyhimə səs verdilər. Onların əksəriyyətini də tanıyıram. Amma heç birinə mənim içimdə bir irad, narazılıq hissi olmadı. Çünki onların heç birindən ummurdum. Əgər bu addımı mənə qarşı Adil İsmayılov, Ənnağı Hacıbəyli, İntiqam Əliyev, Osman Kazımov, Anar Qasımov, peşakarlığına, şəxsiyyətinə hörmət etdiyim adamlar atmış olsaydı, əlbəttə deyərdim də, onları ittiham də edərdim, müdafiə də olunardım. Çox təəssüf edirəm ki, bir xanım və vəkil kimi yaxşı tanıdım İradə Cavadova ilə belə bir məqamda mübahisə etməli oluram. Həm də o xanım olduğundan əli yalınam, tərkisilaham. Onun atdığı addıma görə də heç nə demədim. Çünki müdafiəsinə ehtiyac yoxdur. Sadəcə bir şey deyirəm ki, heç vaxt həqiqətə uyğun olmayan fikir yürütməmişəm. Dediyim hər bir sözün də arxasınca getməyə hazıram».

Fizzə