Unudulmaz uşaq hekayələrinin müəllifi

Qori Müəllimlər seminariyasının dəliqanlı tələbəsi

Keçən əsrin əvvəllərində Azərbaycan xalqının mədəni inkişafında müstəsna rolu olan şəxslərdən biri də görkəmli yazıçı, nasir, maarif xadimi Süleyman Sani Axundovdur. O, C.Məmmədquluzadə, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev, F.B.Köçərli, Ə.Səbri, S.Vəlibəyov, S.M.Qənizadə və bir çox başqa görkəmli ziyalılarımızın məzun olduqları Qori müəllimlər seminariyasının yetirmələrindən idi.
Ədəbiyyatda eyni soyadı daşıdığı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını daşıyan Sani sözünü özünə ləqəb götürmüşdü.
Süleyman Rzaqulu bəy oğlu Axundov (Süleyman Sani Axundov) 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyən Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori müəllimlər seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilmişdir. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınmışdır.
Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak etmişdir. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışan S.S.Axundov 1922-ci ildə Azərbaycan Ədib və Şairlər Ittifaqının ilk sədri seçilmişdir. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona “Əmək qəhrəmanı” adı verilmişdir.
Hələ 1884-cü ildə S.Axundovun dayısı, görkəmli ziyalı Səfərəlibəy Vəlibəyov bacısı oğlunu Zaqafqaziya müəllimlər seminariyasında oxumaq üçün direktorun adına aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “Mənim 9 yaşlı bacıoğlum Süleymanbəy Axundovu Sizə etibar olunan seminariyanın tatar ibtidai məktəbinə qəbul etməyinizi zati-alilərinizdən acizanə surətdə xahiş edirəm. 28 may 1884-cü il S.Vəlibəyov. Qori”.
S.S.Axundov burada səkkiz il təhsil almışdır. Seminariyanın sonuncu sinfində oxuyarkən S.S.Axundov bir gün özünə qəsd edərək, intihara cəhd edir. Bunun səbəbi onunla bağlı olur ki, o, növbətçi olan müddətdə pansionata keyfiyyətsiz çörək gətirilir və növbətçi bu barədə seminariyanın inspektoru Aleksey Osipoviç Çernyayevskini məlumatlandırır.
Bundan sonra müdiriyyət göndərilmiş keyfiyyətsiz çörəkləri geri qaytarmağı və nağd pulla yenidən çörək alınıb, seminariyanın şagirdlərinə paylanılması S.Axundova tapşırılır. S.Axundov da öz növbəsində xəzinədən götürdüyü pula seminariyanın yaxınlığında yerləşən sexdən çörək alıb, pansionata gətirir.
Səhəri gün sexin yanından keçən inspektor çörəyin qiyməti ilə maraqlanır. Sexdə işləyən usta şagirdi çörəyin pudunun qiyməti 1 manat olduğunu deyir.
Pansionata gələn inspektor S.Axundovdan çörəyi neçəyə aldığını soruşur. Puduna 1 manat 20 qəpik ödədiyini eşidən inspektor əsəbiləşir, onu yalançılıqda, fırıldaqçılıqda, tamahkarlıqda təqsirləndirir.
Çernyayevskinin bilmədən yol verdiyi səhv…
A.O.Çernyayevski S.Axundovun etdiyi hərəkəti S.Vəlibəyova danışır. Vəlibəyov isə buna inanmır və araşdırma nəticəsində məlum olur ki, A.O.Çernyayevski soruşan zaman, orada olan usta şagirdi inspektora səhvən çörəyin qiymətini 1 manat deyibmiş.
Bu haqsız, ağır ittihama dözə bilməyən, həqiqəti sübut etməyə aciz olan S.Axundov axşam, həyəcanlı şəkildə növbətçi gündəliyini və hesabat qeydlərini gətirib inspektorun stolunun üstünə atır və otağı tərk edir.
Seminariya şagirdinin bu kobudluğu A.O.Çernyayevskiyə ağır təsir edir və nəticədə S.Axundovdan qisas almaq üçün onun məsələsini Zaqafqaziya müəllimlər seminariyasının pedaqoji sovetliyinə qoyulmasını tələb edir.
Pedaqoji sovetdə çıxış edən müəllimlər S.Axundovun təlim-tərbiyə qiymətinin 4-ə endirilməsini təklif edir. Lakin pedaqoji sovet daha sərt mövqe tutaraq, S.Axundovun təlim-tərbiyə qiymətini 3-ə endirməyə qərar verir.
Bu isə S.Axundova çox pis təsir edir, özünə qəsd etmək qərarına gəlir və bunun üçün tapança alır. S.Axundov özünə qəsd etməzdən əvvəl dostlarına, dayısına və bu işə onu təhrik edən A.O.Çernyayevskiyə məktub yazmağı da unutmur.
Dayısına yazdığı məktubdan: “Bağışla, məni yalnız həyatımda olan dərddən başqa Sizə heç nə gətirməmişəm. Mən başqa cür edə bilməzdim. Qəmlənməyin, kədəri özünüzə yaxın buraxmayın. Ittiham etməyiniz bacıoğlunuzu. O, bu biabırçılığa dözə bilməzdi. Yazmaq istəmirəm. Göz yaşlarım ixtiyarsız üzümə tökülür. Əlvida! Anamdan muğayat olun. Sizin bacıoğlunuz Süleyman Axundov. 22 yanvar 1893-cü il”.
Gələcəyin böyük yazıçısı
S.S.Axundovun A.O.Çernyayevskiyə yazdığı məktubdan: “Möhtərəm Aleksey Osipoviç!
Mən tatar şöbəsində yaşadığım səkkiz il müddətində heç kəsə pislik etməmişəm. Heç bir yoldaşı incitməmişəm, onlardan heç biri məndən narazı olmayıb. Mən onlara qardaş kimi yanaşmışam. Mən o qədər inanıram ki, onlardan heç kəs Axundov haqqında pis fikir söyləməz və məni nə vaxtsa fırıldaqçılıq etdiyim haqqında danışmaz. Yoldaşlarım haqqında onların mənə qarşı olan münasibətlərini dedim. Ancaq siz… Siz nəinki məndə bu hərəkəti tapmadınız, hansı ki, mən doğrudan da həmin şəxslərdənəm. Əksinə, belə qənaətə gəldiniz ki, ağılsız, yüngülxasiyyət, həm də axmağam.
Buna görə də, əsəbiləşdim və inandım ki, siz nə vaxtsa məni tanıyacaqsınız. Lakin nahaq. Mən təmizqəlbli vəhşi asiyalıyam ki, öz mənliyim sizin tərəfinizdən ləkələnib. Öz ağarmış saçlarınızdan utanın!
Siz mənə qarşı nələr etdiniz?
Əlvida! Hərdən şagirdlərinizi yada salın.
22 yanvar 1893-cü il (Axundov)”. Güllə açılandan bir qədər sonra seminariyanı səs-küy bürüdü. Xoşbəxtlikdən, güllə S.S.Axundovun sol tərəfindən keçib getmişdi və gələcəyin böyük yazıçısı beləcə ölümün bir addımlığından qayıda bilmişdi…
Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri “Tamahkar” komediyasıdır. O, bu əsərini Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır. 1907-cı ildə qələmə aldığı “Dibdat bəy”, “Türk birliyi” adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirmişdir. “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və başqa pyeslərin müəllifidir.
Süleyman Sani Axundov eyni zamanda XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında və inkişafında da böyük xidmətlər göstərmişdir. “Qorxulu nağıllar” (1912-1914) başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynab”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” bu qəbildən olan əsərlərdəndir. Görkəmli yazıçı həm də nasir kimi tanınmış, Azərbaycan ədəbiyyatına çoxlu hekayələr bəxş etmişdir.
Süleyman Sani Axundov 29 mart 1939-cu ildə Bakıda vəfat etmişdir
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir .