Tanınmış vəkildən siyasi məhbus anasına təbrik

Bu gün gənc fəal, ancaq hüquqi, rüşvətsiz dövlətdə, ləyaqətini uca tutmaqla yaşamaq istəyən Zaur Qurbanlının anası Səkinə xanımın ad günüdür. Məni tanıyanlar ANAlara olan münasibətimi bilirlər. Bütün analara hədsiz məhəbbətim olsa da Səkinə xanımı xüsusi qeyd etməyi özümə vətəndaş borcu sayıram. Zaurun birinci həbsi zamanı onun müdafiəsinə qoşulanda ən çox qorxduğum onun anası ilə görüşmək idi, çünki dərhal onun axıdacağı göz yaşlarını təsəvvür edirdim. Bir vəkil olaraq necə onun günahsız olduğunu, həbsdən azad olunmasını bacarmadığımı izah edəcəkdim? Görüşün ilk dəqiqələrindən tam sakit, özünə və oğluna güvənən, oğlunun fəaliyyətinə görə həbs ediləcəyini hər an gözləyən, ancaq oğlunu mübarizədən nəinki çəkindirməyən, hətta onu bu yolda ruhlandıran ANA – müəllimə gördüm. Bəli, müəllimə olduğunu xüsusi qeyd edirəm, çünki bu gün bir tikə çörəklə sınağa çəkilən müəllimlərin əksəriyyəti seçki saxtalaşdırmalarında iştirak edirlər. Ona Zaurla görüşəcəm bir sözünüz varmı deyə soruşduqda bir cümlə dedi: “deyin ki, mən onunla fəxr edirəm”. Zaurla görüşəndə isə onun ilk sualı “anam necədir?” oldu. Anasının sözlərini ona çatdırdıqda Zaur sevincək:”Mən anamdan elə bu sözləri gözləyirdim” dedi. Bu mənim arzuladığım ana-oğul və vətəndaş münasibəti idi. Səkinə xanım, ad gününüz mübarək, bir vətəndaş olaraq Vətənimə Zaur kimi oğul bəxş etdiyinizə görə Sizə təşəkkür edirəm. Arzu edirəm ki, özünüz və oğlunuz Zaur arzuladığınız ölkədə yaşayasınız.