Hakimiyyətdən daha bir iyrənc addım

Hüquq müdafiəçiləri gənclərlə bağlı baş verənləri qanun pozuntusu sayır

«Məhbusla bağlı görüntüləri yaymaq onun şəxsi həyatına müdaxilədir»

ADNA faciəsinin qurbanlarının anım yürüşündə həbs olunan gənclərdən ikisi – AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və NIDA Idarə Heyətinin üzvü Turqut Qəmbər mayın 10-da, gecə saat 21:40 da azadlığa buraxıldılar. Digər gənc, Azad Gənclik Təşkilatının üzvü Ilkin Rüstəmzadə isə mayın 15-də azad ediləcək. Xatırladaq ki, Əbülfəz Qurbanlı və Turqut Qəmbər 10 sutka, Ilkin Rüstəmzadə isə 15 sutka inzibati həbslə cəzalandırılmışdı.

Hakimiyyətin cinayət əməli

Hakimiyyət gənclərin həbslərdən qorxmadığını, qorxu mühitinin öldüyünü dərk etdiyindən, gənclərə qarşı zorakılıqlara əl atdı.
Belə ki, gənclərə yemək verilməsinə, qəzet oxumağa, gəzintiyə çıxmağa icazə verilmədi. Daha sonra yüksək rütbəli zabitlərin iştirakı ilə mülki geyimli 5-6 nəfər şəxs gənclərə fiziki təzyiq göstərərək başlarının məcburi şəkildə qırxılmasını təşkil ediblər.
Bütün bu qanunsuz, qeyri-insani davranışlardan sonra gəncləri gözdən salmaq, onların cəmiyyətdə mənfi obrazını formalaşdırmaq üçün həbsxananın müxtəlif yerlərinə kameralar quraşdırılıb və şəkillər çəkilərək müxtəlif saytlar vasitəsilə ictimailəşdirilib.
Düzdür, bu görüntülərdə qəbahət sayılacaq heç nə yoxdur. Gənclər gigiyena və sağlamlıq baxımından öz qayğılarına qalırlar.
Sadəcə olaraq hakimiyyət öz ənənəsinə sadiq qalaraq cəmiyyətdə müxalifətin mənfi obrazını yaratmağa çalışır.
Ancaq bütün bu baş verənlər həm də qanun pozuntusudur.
Həbsxana daxilində baş vermiş bu çəkilişlər və digər qanunsuz hərəkətlər cinayətdir. Aidiyyəti orqanlar buna cavab verməlidir.

Bu, gənclərin yox, hakimiyyətin biabır olmasıdır

Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, bu cür hallar yolverilməzdir və təcridxana rəhbərliyindən, tutmuş Daxili Işlər Nazirliyinə qədər hər kəs açıqlama verməlidir. “Bu cür hallar hakimiyyətin səviyyəsini göstərir. Baş verənlər işgəncə kimi qiymətləndirilməlidir. Görüntülərin yayılması isə gənclərin yox, hakimiyyətin biabır olmasıdır. Bu məsələyə hüquqi qiymət verilməlidir və dərhal məhkəməyə müraciət olunmalıdır”- deyə Leyla Yunus bildirdi.
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirdi ki, bu cür hallar yolverilməzdir və qanunvericiliyə ziddir. “Mən təcridxana rəhbərliyinə gənclərin şikayətini çatdırdım. Onlar bildirdilər ki, gənclərin başının qırxılması gigiyena baxımından nəzərdə tutulmuşdu, yemək verilməməsini isə onunla izah etdilər ki, biz özümüz onlara gündə 3 dəfə yemək veririk”.
Elçin Behbudov onu da əlavə etdi ki, hər bir saxlanılan şəxsin hüququ var, saxlanılan şəxsin görüntülərinin yayılması qanuna ziddir. “Mən bazar ertəsi daxili işlər naziri Ramil Usubova və Bakı Şəhər Baş Polis Idarəsinin rəisinə bu məsələyə aydınlıq gətirilməsi üçün müraciət edəcəm”.

Bu hallar hakimiyyətin mahiyyətini ifadə edir

Hüquqşünas Müzəffər Baxışov qeyd etdi ki, Azərbaycan BMT-nin 10 dekabr 1984-cü ildə qəbul etmiş olduğu Işgəncələr, qeyri-insani Rəftar və Cəzalara qarşı mübarizə haqqında Konvesiyaya 31 may 1996-cı ildə qoşulub. Azərbaycanın Cinayət Məcəlləsi də həmin konvensiyaya uyğunlaşdırılıb. “Yemək verməmək, başın zorla qırxdırılması işgəncə sayılır. Məhbusla bağlı görüntüləri yaymaq isə onun şəxsi həyatına müdaxilədir. Bütün bunlar cinayət məsuliyyəti yaradan əməllərdir. Azərbaycanda bu cür hallar dəfələrlə baş verib.  Azərbaycandakı mövcud hakimiyyətin mahiyyəti onu deməyə əsas verir ki, bu hallarla bağlı məhkəməyə müraciət edilsə də, araşdırılma aparılsa da, heç bir nəticə olmayacaq, heç kim cəzalandırılmayacaq. Çünki o gənclərin siyasi mövqeyi hakimiyyətin istəyinə ziddir”- deyə Müzəffər Baxışov bildirdi.
Vəkil Əsabəli Mustafayev hesab edir ki, baş verənlər böyük qanun pozuntusudur və məhkəmə predmetidir. “Biz gənclərin vəkilləriylə ümumi müzakirə aparıb lazımi tədbirlər görəcəyik. Bunlar belə əsaslandırırlar ki, bu, daxili əsasnaməyə uyğun olaraq həyata keçirilib. Ancaq sual ortaya çıxır ki, daxili əsasnamə indiyə qədər niyə tətbiq olunmayıb, indiyə qədər niyə sağlamlıq və gigiyenaya diqqət yetirilməyib? Istənilən halda burda pis rəftarın və işgəncənin əlamətləri var. Biz də bunun hüquqi qiymətini alması üçün əlimizdən gələni edəcəyik”.
Hadisəyə münasibət bildirilməsi üçün DIN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxladıq. Ehsan Zahidov isə bu haqda məlumatı olmadığını dedi.

Biz mübarizəmizdən bir addım da geri çəkilməyəcəyik

AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı hesab edir ki, bütün baş verənlər onları susdurmaq, gənclərdə qorxu hissi yaratmaq üçündür. “Bizə qarşı baş vermiş qanunsuz hərəkətləri mənəvi işgəncə və zorakılıq kimi qəbul edirik. Biz öz mövqeyimizdən, mübarizəmizdən bir addım da geri çəkilməmişik. Bildirmək istəyirəm ki, adamın istifadə elədiyi məkanı təmizləməsi utancverici hal deyil, utancverici hal Prezidentin xarici səfərləri zamanı Azərbaycanın bayrağının tərsinə asılmasıdır. Baş verənlər hakimiyyətin mahiyyətini, azad düşüncəli insanlara qarşı münasibətini göstərdi. Biz bu hadisə ilə bağlı gələn həftə mətbuat konfransı keçirəcəyik, eyni zamanda məhkəməyə müraciət edəcəyik”- deyə Əbülfəz Qurbanlı bildirdi.
“NIDA” Idarə Heyətinin üzvü Turqut Qəmbər həbsin qanunsuz və hakimiyyətin qorxusunu ifadə etdiyini bildirdi: “Bizə qarşı mənfi münasibət göstərildi və digər məhbuslardan fərqli davranıldı. Hakimiyyət öz aləmində bizə ”dərs” vermək istədi. Ancaq bu cür cılız addımlar bizi yolumuzdan döndərə bilməz və biz mübarizəyə davam edəcəyik. Mən beynəlxalq və yerli hüquq müdafiəçilərindən xahiş edirəm ki, Ilkin Rüstəmzadəni diqqətdə saxlasınlar. Bizsə hüquqi müstəvidə lazımi addımları atacağıq”.

Növbəti qələbə

20 ildir hakimiyyəti zəbt etmiş, ölkəni korrupsiya burulğanına çevirmiş, əlində ordusu, silahı, milyonları olan rejimin gənclərə qarşı qisasçı və qəddar münasibəti tarixə qara hərflərlə yazılacaq. Dünyada heç bir diktarorun, heç bir avtoritar rejimin özünə rəva bilmədiyi iyrənclikləri Azərbaycan reallığında aydın şəkildə görürük. Baş verənlər gənclərin öz ləyaqəti, cəsarəti, vicdanı ilə, mənəvi keyfiyyətlərini itirmiş rejimə qalib gəlməsinin növbəti mərhələsi idi. Çünki onlar şərə qarşı mübarizənin yenə də önündədilər.
Tarix sübut edir ki, doğruların, oğrular üzərində qələbəsi mütləqdir.

İlham Hüseyn