Sabiq rektorun adını çəkdiyi müğənni İranə İlkin danışdı; Gülər Əhmədovanın psixiloji durumu yaxşı deyil
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayev sabiq deputat Gülər Əhmədova barəsində başlanan cinayət işi ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət ünvanlayıb. Müraciətin bir surəti də redaksiyamıza daxil olub. Müraciət demək olar ki, Elşad Abdullayevin bu günə qədər açıqladağı faktların toplusundan ibarətdir.
“Gülər Əhmədova ov şikarı üstünə gəlmiş ovçu kimi məni təhdid edib”
Bununla belə müraciətin bəzi hissələrini təqdim edirik: “Gülər Əhmədovanın barəsində başlanmış cinayət işi ilə əlaqədar bir zərərçəkmiş şəxs kimi istintaqa aşağıdakıları göstərə bilərəm:
Mənim doğma qardaşım, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Abdullayev Mahir Islam oğlu 13 oktyabr 2003-cü il tarixdə saat 10:30 radələrində evdən çıxmış və bir daha geri qayıtmamışdır. Məhz qardaşımın ogurlanmasının səhərisi günü, 14 oktyabr 2003-cü il tarixində saat 08-09 radələrində deputat Gülər Əhmədova və Sevinc Babayeva mənim iş otagımda-Azərbaycan Beynəlxalq Universitetinin rektorlugunun qəbul otagında məni gözləyirdilər, həmin an onları qəbul etdim. Gülər Əhmədova ov şikarı üstünə gəlmiş ovçu kimi məni təhdid edib üstümə gələrək bildirdi ki, Mahirin mənə 600 dollar borcu vardır.
Mən Gülər Əhmədovaya bildirdim ki, heç narahat olmayın əgər qardaşım Mahir mənə bildirsə ki, sənə 600 dollar borcu var şəxsən mən həmin pulu özüm sənə qaytaracam. Gülər Əhmədovanın bu 600 dollar eyhamını mən Əli Zəngilanskinin video-görüntülərində dediyi kimi Mahiri müğənni Mətanət Isgəndərlinin evindən DIN-in Banditizm Idarəsinə aparılan günü onun əl sumkasından 600 min dolların götürülməsi kimi başa düşürəm. Mahir oğurlanana qədər 05 oktyabr 2003-cü il tarixində “Yaşıl Ada” restoranında Arzu Kazımov müğənni Mətanət Isgəndərli və ikinci arvadı müğənni Iranə Ilkinlə Mahirə “Müğənni Mətanət Isgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı təhdidedici məqaləsini verərək 2 milyon dollar tələb etmişdir, o, isə müğənni Mətanət Isgəndərlinin evindən oğurlanan gün 600 min dollar vermişdi, buna qane olmayan paqonlu-banditlər müğənni Mətanət Isgəndərlinin evində Mahirlə dava salmışlar, pulun qalanını da tələb etmişlər. Məlumdur ki, biznesmen-deputat Gülər Əhmədovanın 600 dollara ehtiyacı yoxdur, sadəcə olaraq 600 min dolları necə əldə etməyin yollarını düşünürdü.
Artıq 10-cu ildir ki, Mahirdən heç bir məlumat yoxdur. Baş Prokurorluq yanında yaradılmış Müstəqil Istintaq Komissiyasının yaradılmasından 7 ay 7 gün keçir. Halbuki, bir hüquqşünas kimi təsdiq edirəm ki, bu cinayətin açılması üçün KIV-də ictimailəşmiş bir video-fakt da kifayətdir.
Mən qardaşımın tapılması üçün bütün vasitələrə əl atmışam. Məhz bu axtarışların gedişində Gülər Əhmədova ilə Sevinc Babayeva mənə demişdi ki, Gülər Əhmədova qardaşım Mahirin tapılmasında yardımçı ola bilər, onun çox böyük əlaqələri var”.
“Mətanət Isgəndərli Mahirlə yaşayıb, sevgili olub”
Elşad Abdullayevin müraciətində adı hallanan Iranə Ilkin məsələ ilə bağlı lent.az-a danışıb. O, bildirib ki, Elşad Abdullayevi tanımır. Lakin Mətanət Isgəndərlinin Mahir Abdullayevlə münasibətlərindən xəbəri var: “Bilirəm ki, Mətanət Isgəndərli Mahirlə yaşayıb, sevgili olub. Ondan zəng vurub soruşun bu məsələləri. Burada mənim nə günahım var ki, məndən zəng edib, soruşursunuz? Mənim bu yazıdan xəbərim var. Yəni, mənə deyiblər, oxumuşam. Yenə deyirəm, mənim onlarla heç bir münasibətim olmayıb. Deyə bilmərəm, onları kim tanıyıb. Mahirlə Mətanətin sevgili olmağını isə bütün Azərbaycan bilir”.
Müğənni bu məsələdə adının hallanmasını Arzu Kazımovla əlaqələndirib: “Bu məsələdə adı hallanan və indi həbsdə olan Arzu Kazımova görə mənim də adım hallanır. Çünki mən Arzu Kazımovla yaşamışam, sevgili olmuşuq. Ikinci həyat yoldaşı olmuşam, mənim ondan 8 yaşında qızım da var”.
Iranə Ilkin bu məsələ barədə Mətanət Isgəndərli ilə heç vaxt müzakirə aparmadığını deyib: “Bir müğənni kimi Mətanətlə ”salam-sağ ol”um olub. Mən də bu sənət aləmində olmuşam. 8 ildir uzaqlaşmışam. Amma onun şəxsi həyatı ilə maraqlanmamışam. Nəinki mən, heç o da maraqlanmayıb. Heç Mətanəti Mahirlə bir yerdə olan zaman da görməmişəm. Bu günə qədər mən Mətanətin nömrəsini də bilmirəm. Amma toylarda, konsertlərdə qarşılaşanda görüşmüşük. Amma oturub söhbət etməyimiz olmayıb”.
Lent.az müraciətlə bağlı Mətanət Isgəndərlinin də mövqeyini öyrənmək istəyib. Lakin müğənni sualı eşidən kimi “Mən Bakıda yoxam, yol gedirəm. Dağa çıxıram, dağdayam. Adını sadaladığınız insanları da tanımıram” deyib telefonu qapadıb.
Gülər Əhmədova tez-tez əsəbiləşib qışqırır
“Gülər xanım son hadisələrə görə özünü çox pis hiss edir. Dünən (srağagün-red) axşam qıcolması olub. Tez-tez ürəyi, başı ağrıyır. Mən həkimlə də söhbət elədim. Həkim də bunları təsdiqlədi”. Bu sözləri Gülər Əhmədovanın vəkili Əfsər Talıbov APA-ya açıqlamasında bildirib. Srağagün Gülər Əhmədova ilə görüşdüyünü deyən vəkil sabiq deputatın psixoloji durumunun da pis olduğunu söyləyib: “Tez-tez əsəbiləşib qışqırır. Psixoloji durumu yaxşı deyil”.